Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

" Məni hərə bir cür tanıyır" - Müsahibə

Gənc şair, "Metbuat.az"-ın baş redaktoru Bahadur Qobustan Seyidov "İnterview.az" saytına müsahibə verib. Qısa ixtisarla müsahibəni təqdim edirik.

- Bahadur bəy, necə oldu jurnalistikaya gəldiniz? Bu sahəyə marağınız necə yaranıb?

- Əslində ixtisasım jurnalist deyil. Pedoqoji sahədir. Sadəcə olaraq orta məktəbdən hekayələr, şeirlər yazırdım. İkinci kursda oxuyanda “Töhvə” qəzetində sosial mövzuda yazılar yazan müxbir axtarırdılar. Getdim redaksiyaya, işləmək istədiyimi dedim. Dedim ki, maaş da istəmirəm. Saat 1-də dərsimiz bitirdi, 2-dən axşama qədər qəzetdə işləyirdim. Tələbə ola-ola qəzetdə işlədim, orada yazılar yazırdım. Oradan da jurnalistlərlə münasibətlər yarandı. Bir də ayıldım ki bu sahədəyəm.

- Bir müddət müəllim kimi fəaliyyət göstərmisiniz. Redaktor, yoxsa müəllimlik daha çox məsuliyyət tələb edir? Və özünüzü daha çox hansı sahədə görürsünüz?

- 4 il müəllim işləmişəm. Qobustan rayonu, Bəklə kəndində. Kənd yeri elədir ki, orada müxtəlif fənlərdən dərs deyirdik. Tarixdən ixtisasartırmaya getdim. Bir diplom da elə aldım. Həm iqtisadiyyat, həm də tarix müəllimi kimi fəaliyyət göstərirdim. Amma ürəyim jurnalistikada idi. 2008-ci ildə müəllim kimi fəaliyyət göstərirdim. Saytlar açılırdı, yeni-yeni fəaliyyətləri genişlənirdi. Həmin vaxtlar mən özüm üçün sayt yığırdım. Və yazılar yazıb yerləşdirirdim. Müəllim olarkən mətbuatda yazılarım dərc olunurdu. "Publika.az" saytı ilə işləyirdim. Maddi durumum yaxşı olsaydı bəlkə də müəllimlikdə qalardım. 

- İnsanlar bir çox saytlardakı informasiyalara inanmır. Sizcə "Metbuat.az" insanların inanıb üz tutduqları saytlardanmıdır?

- Bizim sayta hər gün 15 min adam "Metbuat.az" yazıb girir. Bu, artıq inamın göstəricisidir. O saytlar ki, girişinin hamısını sosial şəbəkələrdən götürürlər, onda xəbərlər qarşılarına çıxır və girirlər. Məncə, 15 min insan bizə inanır. Bu da 4 ay üçün pis rəqəm deyil. Biz çalışırıq "Metbuat.az" informasiya portalı olsun. Oxucular üçün bir çox imkanlar yaratmışıq. Məsələn, gündəlik valyuta məzənnələri qoymuşuq orada sərfəli məzənnələr var, hansı bank neçəyə dolları götürür, neçəyə satır. Hava haqqında gündəlik məlumatlarımız var. Bürclər haqında məlumatlar ən tez bizdə olur. Avtomatik rejimdədir. 00:00-dan 1 saniyə keçən kimi yenilənir. Namaz vaxtları var. Bunlara görə də sayta girirlər. Amma əsasən xəbər saytı kimi fəaliyyət göstərir. Bir də "Metbuat TV"-ni hazırlayırıq. Verilişlərimiz olacaq. Hazırda Yutub kanalımızda küçə sorğuları olur.

- Hazırda saytda komandada neçə nəfər fəaliyyət göstərir?

- Ümumi 10 nəfərdir. Bura gecə redaktoru, 6-cı və bazar günləri redaktoru daxildir. Onlar ofisdə olmurlar. Adətən evdən işləyirlər. Gündüzlər mənlə birlikdə 8 nəfər işləyirik. Bir nəfər fotoqraf, biri redaktor, biri mən və 5 nəfər də müxbirimiz var. Gələcəkdə işi artırmaq niyyətimiz var. Daha böyük kollektivlə işləmək fikrimiz var, bu da özümüzdən asılıdır. Yəni bu kollektivlə işi nə qədər irəli apara bilsək, reklam bazarına çıxa bilərik. Kollektivi iki dəfə artıra bilərik. 

- “Uşaqların, kitabların üzündən öpəcəksən...” yazınızda internetə, telefona görə insanların bir-birlərindən uzaqlaşdığını, kitab oxumadıqlarını vurğulamısınız. İşlərinizlə əlaqədar belə hallar çox olurmu?

- Sosial şəbəkəyə ilişdinsə və statuslarına biraz çox layk gəldisə və ya videon çox izləndisə artıq sən xəstələnirsən. Adətən sosial şəbəkələrdən istifadə etməyən insanlar, mən istifadə etmirəm deyənlər status yazır, 5 nəfər layk eləmir, onda niyə istifadə eləsin ki. Özünə hədd qoymağı bacarmaq lazımdır. İşləri planlaşdırmaq lazımdır. Bəzən deyirsən ki bir az baxım, amma bir də görürsən ki gecə saat 01:00 və telefon əlində yatmısan. Müəyyən şeylərə vaxt ayırmaq lazımdır. Məsələn, ailəyə, kitab oxumağa, dostlarla görüşməyə vaxt ayırmaq lazımdır. Ona görə də onları planlamaq və yazmaq lazımdır. Mən nə vaxt ki, yazmışam, məsələn, bu saatda bu saata ingilis dili öyrənəcəm, bu saat aralığında kitab oxuyacam, dostlarla görüşəcəm. Onda alınıb. Bir də görürsən ki, ortada heç nə yoxdu. Amma telefon əlində o sosial şəbəkədən çıxıb digərinə girirsən. Sonra görürsən ki 2 saat ərzində ancaq səhifələrə girib çıxmaqla məşğul olmusan. Ona görə bunları nizamlamaq, çərçivəyə salmaq lazımdır.

- Yazılarınızda ən çox hansı mövzulara üstünlük verirsiniz? İnsanlara çatdırmaq istədiyiniz nələrdir?

- Mən bir neçə sahə üzrə yazıram. Konkret bir yolu tutub getmirəm. Adətən köşə yazılarımda sosial mövzulardan yazıram. Məsələn, insanların yaşadığı sosial problemlər. Texnoloji biliklərim çox olduğu üçün bəzən texnoloji mövzuda da yazıram. “Demədi demə” layihəm var, orada da texnoloji xəbərləri video şəklində təqdim edirəm. Adətən redaktorluq, baş redaktorluq texniki işə çevrilir. Yəni, müxbir işləyəndə daha çox yaradıcılığını ortaya qoya bilirsən, imzaya işləyirsən, amma redaktor olandan sonra demək olar ki, yazı yaza bilmirsən. Ya da çox dar zamanda yaza bilirsən. Çünki admin panelə müxbirlər xəbərlər qoyur onlara baxmalısan, müxbirlərə mövzu verməlisən, saytın texniki işlərinə baxmalısan, sosial şəbəkələrdə paylaşım işlərinə baxmalısan, iş görüşləri olur.

- İnsanların sizə yanaşması necədir? Sizi daha çox redaktor, yoxsa yazar kimi tanıyırlar?

- Məni hərə bir cür tanıyır. Bir çox insanlar şair kimi, bəziləri jurnalist, digərləri blogger və texniki işçi kimi də tanıyırlar. “Tanımadığımız tanışlar verilişi” gedirdi. Əvvəl verilişi səsləndirən, montajçı, rejissor, bir nəfər də görüntüləri tapırdı, mən müxbir idim və layihə rəhbəri var idi. İxtisar getdi. Layihə rəhbəri ilə mən qalmışdım. Verilişin həm rejisorluğunu, montajını edirdim, həm görüntüləri müəyyənləşdirirdim, həm də müxbirlik edirdim. Daim çalışmağa və dar çərçivə ilə məhdudlaşdırmamağa çalışıram. Müasir dövrdə jurnalistin texniki bilikləri olmalıdır. Texniki bacarıqları olmayanlar arxada qalacaqlar. Nə qədər istedadlı olsan da, internet texnologiyasını bilməyən jurnalistlər geridədirlər. Məsələn, 40 yaşdan yuxarı jurnalistlər var və əla jurnalistlərdir, amma yazısını paylaşmağı bilmir. Və görürsən ki, həmin jurnalistlər geridə qalır. Artıq internet jurnalistikasının bütün jurnalistikanın önünə keçdiyi bir dövrdə yaşayırıq.

- İşdən sonra vaxtınızı necə keçirməyi xoşlayırsınız?

- Baş redaktorluğun işi çox ağırdır. Tövsiyəm odur ki, baş redaktor olmağa tələsməyin. 40 yaşdan sonra olsanız daha yaxşı olar. Redaktorun, müxbirin işi elədir ki, bizdə 18:30-da iş bitir ondan sonra normal həyatlarını yaşayırlar. Amma mənim gözüm saytda olur. Yəni, beyin saytla olur. Çalışıram ki, bir az kitab oxuyum. Saat 23:00-dan 00:00-a qədər kitab vaxtımdır, bir saat da gündüz oxuyuram. Səhər 6-dan 7-ə qədər. Bazar günləri də uşaqlarla oynayıram. Bir oğlum və bir qızım var. Ən çox asudə vaxtımı şahmat oynamaqla keçirirəm. Ya internetdə oynayıram, ya da dostlarla.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...