Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aliment ödəmirəm, əl çəkin...

“9 aydır həyat yoldaşımdan boşanmışam. İki qızımız var, biri 7, digəri 5 yaşında. Amma keçmiş ərim uşaqlara aliment ödəmək istəmir...”

 

Müsahibim 36 yaşlı Yeganə Yusifovadır (ad və soyad şərtidir - red). 
 
Deyir ki, həyat yoldaşının biganə münasibəti ucbatından tez-tez evlərində söz-söhbət yaranıb. Sonralar ərinin onu başqa qadınla xəyanət etdiyini öyrənib. Aldadıldığını qüruruna sığışdırmayan qadın uşaqlarını da götürüb, qayıdıb atasının evinə. Ərinin “getmisən, sənə yaxşı yol, bu qapı üzünə birdəfəlik bağlandı” deməsindən sonra isə boşanmaq üçün məhkəməyə müraciət edib. 9 aydır rəsmi boşandığını deyən Yeganə xanım keçmiş ərinin övladları ilə də maraqlanmadığını deyir: “Özüm ali savadlı olsam da, işlədiyim dövlət idarəsində maaşım 360 manatdır. Bu maaşla iki uşağı necə dolandırım? Keçmiş yoldaşım da deyir ki, işləmirəm, pulum da yoxdur. Necə aliment ödəyim?!”
 
11 AYA 12 MİN BOŞANMA 
 
Son illər Azərbaycanda boşanmaların sayı artdıqca, aliment problemi də gündəmə gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin 11 ayı ərzində Azərbaycanda 60,8 min nikah və 12,0 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub. Boşanmalar artdıqca isə aliment ödəməkdən imtina edən atalar da çoxalır. 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ər-arvad arasında boşanma hallarından sonra uşaq əsasən ananın himayəsində qalır. Bu halda ata uşağa və ya uşaqlara görə aliment ödəməlidir. Lakin Azərbaycanda aliment ödəməkdən yayınan ataların sayı hər il artır. Belə ki, 2015-ci ildə boşanmış ailələrdə alimentlərlə bağlı (alimentin ödənilməsi və ödənilməməsi üzrə işlər birlikdə) işlərin sayı 60565-dir. 2015-ci ildə alimentin ödənilməsindən yayınmaya görə inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 2174 olub. İnzibati həbs tənbeh növləri üzrə 2015-ci ildə faktların sayı 1499-dur.
 
6 AYA 1316 NƏFƏR İNZİBATİ MƏSULİYYƏTƏ CƏLB EDİLİB
 
Ailə Məcəlləsinə əsasən, borclu olan tərəf alimenti ödəmədən ölkəni tərk edə bilməz. Aliment ödəməkdən yayınan şəxs Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə (məhkəmə qərarını icra etməkdən boyun qaçırma) məsuliyyətə cəlb edilə bilər. 
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin böyük məsləhətçisi Tural Hüseynlinin sözlərinə görə, 1998-2016-cı cı illər ərzində Azərbaycanda aliment ödəməyən insanların sayında artım müşahidə edilib. 2016-cı ilin ilk 6 ayının statistikasına görə, ölkədə alimentin ödənilməsindən yayınmaya görə inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1316 nəfərdir: “2015-ci ildə isə bütün il ərzində 2174 nəfər inzibati məsuliyyətə cəlb edilib. Alimentlə bağlı yaranan problemlərin kökündə valideynlərin məsuliyyətsizliyi dayanır. Bəzən valideynlər məhkəməyə sənəd təqdim edəndə öz gəlirlərini gizlədirlər ki, daha az aliment kəsilsin. Maraqlı bir fakt deyim, hətta bir ərizəçi sırf aliment ödəməmək üçün ikinci həyat yoldaşının soyadını qəbul edib. Yəni müxtəlif hallarla üzləşirik.Ümumiyyətlə, aliment ödəməkdən imtina edən valideynlər də var. Yəni il ərzində, 2174 nəfər inzibati məsuliyyətə cəlb edilibsə, bu, kifayət qədər böyük rəqəmdir”. 
 
ATA ALİMENT ÖDƏMƏKDƏN BOYUN QAÇIRARSA…
 
Əgər ata uşağına könüllü qaydada aliment ödəməkdən boyun qaçırarsa, bu zaman ana nə etməlidir? 
Hüquqşünas Elnur Əliyevin sözlərinə görə, qəhrəmanımız Yeganə Yusifova məhkəməyə müraciət etməli və aliment tələbi ilə iddia qaldırmalıdır. Alimentin məbləği tərəflər arasında sazişlə razılaşdırıla bilər. Belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutula bilər: “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə müvafiq olaraq, alimentin miqdarı belə müəyyən edilir: 1 uşağa görə qazancın və ya başqa gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə 1/3 hissəsi, 3 və daha çox uşağa görə yarısı. Qazanc olmazsa və ya qeyri-müntəzəm dəyişən olarsa və ya tərəflərdən birinin marağı əhəmiyyətli şəkildə pozularsa və s. hallarda aliment tələb edən şəxsin xahişi ilə sabit pul məbləğində tutula bilər. Bu zaman maddi və ailə vəziyyəti və digər hallar nəzərə alınır”. 
Hüquqşünas deyir ki, nəzərə alınan hallardan biri də uşaq hüquqları haqqında qanunun 13-cü maddəsi ilə minimum maddi təminat almaq hüququdur ki, bu da indi uşaqlar üçün 136.6 manat edir: “Bu, avtomatik alimentin minimum məbləği demək deyil, amma məhkəmələr tərəfindən nəzərə alınmalıdır. Miqdar müəyyən edildikdən sonra tərəfin ailə və ya maddi vəziyyətində dəyişiklik olarsa, məhkəmə miqdarı dəyişə və ya ümumiyyətlə, azad edə bilər”. 
 
Hüquqşünas E. Əliyevin sözlərinə görə, əgər ata məhkəmənin qərarından sonra yenə aliment ödəmirsə, gecikmələr üçün də faiz öhdəliyi yaranır. Bununla bağlı da qadın yenidən tələb irəli sürə bilər: “Məhkəmə qərarını üzrsüz icra etməmək, İnzibati Xətalar Məcəlləsinə əsasən, 500-1000 manat cərimə və ya bir ayadək inzibati həbslə cəzalandırılır. Qərarı qərəzli icra etməmək isə cinayət məsuliyyətinə səbəb olur və 1000-3000 manat cərimə, ictimai işlər, islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. 
 
374 MƏHKƏMƏ QƏRARI İCRA EDİLMƏYİB…
 
Alimentdən yayınma halının qarşısının alınması ilə bağlı qanunvericilikdə hüquqi prosedurlar müəyyən olunub. Əsas məsələ, onun icrası ilə bağlı məsul şəxslərin işə ciddi yanaşmasıdır. Bəs buna nə dərəcədə riayət olunur?
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova “Azərbaycanda Ailə, Qadın və Uşaq Siyasətinin İnkişafı 2006-2016-cı illər” mövzusundakı hesabat məruzəsində deyib ki, “bu gün Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlər yaşanır”. O bildirib ki, alimentlə bağlı məhkəmə qərarlarının icrasında yaranan problemlərlə bağlı Dövlət Komitəsinə çoxlu müraciətlər daxil olur. İkinci sırada isə məişət zorakılığı ilə bağlı müraciətlər gəlir. 10 il ərzində Dövlət Komitəsinə ümumilikdə 30 minə yaxın müraciət daxil olub.
 
Ombudsmanın illik hesabatında isə bildirilib ki, vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub: “Ədliyyə orqanları ilə bağlı 1009 müraciətdə məhkəmə qərarlarının icra edilməməsi və ya uzun müddət icrasız qalması, süründürməçiliyə yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlarla münasibətdə etik davranış qaydalarının pozulması kimi hallar, onlardan 374 müraciətdə isə aliment tələbinə dair qərarların icra edilməməsi göstərilib”.
 
PREZİDENT SƏRƏNCAM İMZALAYIB
 
Bu problemin aradan qaldırılması məqsədilə prezident İlham Əliyev sərəncam imzalayıb. Belə ki, prezidentin 3 fevral 2017-ci il tarixli sərəncamı ilə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna əsasən, Azərbaycanda bundan sonra alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra olunacaq: “Mülki Prosessual Məcəlləyə əsasən indiyə qədər bütün qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra edilməli idi. Dəyişikliyə əsasən bundan sonra şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələr dərhal icra olunmalıdır. Bu hallar istisna ilə, digər qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir”. 
 
ALİMENTİN MƏBLƏĞİ ÇOX AZDIR
 
Onu da deyək ki, alimentin vaxtı-vaxtında ödənməsi də bəzən problemsiz ötüşmür. Belə ki, hətta bu kişilər də əksər hallarda keçmiş həyat yoldaşları tərəfindən giley-güzarla qarşılanırlar. Buna səbəb isə ödənilən məbləğin həddindən artıq az olmasıdır. Azərbaycanda rəsmi maaş az olduğu üçün rəsmi kəsilən aliment də aşağı olur. Yəni real həyat tərzini əks etdirmir. O qalır yalnız hər atanın öz vicdanına ki, yaşayışı təmin edən qədər pul versin. Bundan başqa, hazırda dollar bahalaşdıqca, amma gəlirlər artmadıqca, hətta rəsmi səviyyədən də artıq verilən aliment yenə də az olur. Bu da ki, övladını tək böyüdən qadın tərəfindən narazılıqla qarşılanır. 
 
Hüquqi təminat şöbəsinin böyük məsləhətçisi Tural Hüseynli də təsdiq edir ki, Azərbaycan məhkəmələri aliment məsələsinə həssaslıqla yanaşırlar: “Məhkəmələrdə əksər hallarda uşaq mənafeyini üstün tuturlar. Amma bir neçə dəfə alimentin məbləğinin azlığı ilə bağlı yenidən məhkəməyə müraciət olunub. Bunun da səbəbi cavabdeh tərəfin məsuliyyətsizliyidir ki, o, öz aylıq gəlirini gizlədir”. 
 
ALİMENT FONDU YARADILMALIDIR
 
Ombudsman Elmira Süleymanova bundan çıxış yolunu Aliment Fondunun yaradılmasında görür. Hətta Milli Məclisdə 2015-ci il büdcə zərfinin müzakirəsi zamanı bu təklifi irəli də sürüb. Ombudsmanın fikrincə, son illər ölkədə boşanmaların artması ciddi narahatlıq yaradır. Ailələr boşanandan sonra uşaqlar aliment ala bilmədiyi üçün Azərbaycanda Aliment Fondunun yaradılması zərurəti var. Bu təklifi millət vəkili Qənirə Paşayeva da dəstəkləyərək bildirir ki,  parlamentin Cinayət Məcəlləsində ataların aliment verməsi ilə bağlı etdiyi dəyişiklik problemin həllinə ciddi təsir etməyib. Bölgələrdə ataların aliment ödəməkdən yayınması ilə bağlı ciddi problemlər yaşanır. Atalar işsiz olduqlarını əsas gətirərək aliment ödəməkdən imtina edirlər: “Ona görə də Azərbaycanda Aliment Fondu yaradılarsa, dövlətin analara dəstəyi artar. Atasız uşaq böyüdən analar da məhkəmə qapılarında qalmazlar”.
 
DÜNYADA VƏZİYYƏT NECƏDİR?
 
Dünya praktikasına nəzər salsaq görərik ki, Aliment Fondundan bir sıra ölkələr yararlanırlar. Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bəzi ölkələrində borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür. Məsələn, Norveçdə Milli Sığorta Agentliyi, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransada Dövlət Aliment Fondu kimi dövlət təşkilatları fəaliyyət göstərir. Borclu alimenti ödəməkdən yayındığı təqdirdə dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Latviyanın Uşaqlar və Ailə İşləri üzrə Nazirliyinin tabeliyində olan Uşaqların Saxlanılması Xərclərinin təminatları Fondu var. Bu fond aliment ala bilməyən uşaqlara minimal saxlanılma xərclərini ödəyir və onların sosial təminat almaq hüququnu təmin edir. 
 
KİŞİNİN ƏMLAKI ƏLİNDƏN ALINMALIDIR?
 
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəblinin fikrincə isə, Azərbaycanda aliment ödəməkdən imtina edən atalarla bağlı qonşu Rusiyanın bu sahədəki təcrübəsindən istifadə etmək olar. Belə ki, Rusiyada alimentdən imtina edilən şəxsin əmlakı əlindən alınır: “Dövlət onun əmlakını götürür və pulunu aliment alan şəxsə verir. Bu praktikanı həyata keçirə bilərik”. 
 
Qeyd edək ki, Aliment Fondunun yaradılması məsələsi Milli Məclisdə dəfələrlə qaldırılsa da, müzakirə edilmədən saxlanılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı Nazirlər Kabinetinə rəsmi şəkildə təklif göndərsə də, bu məsələ hələ öz həllini tapmayıb. 
 
NİKAHDANKƏNAR DOĞULAN UŞAĞA ALİMENT ÖDƏNİLMƏLİDİR?
 
Alimentlərlə bağlı daha bir problem isə odur ki, Azərbaycanda çoxlu sayda vətəndaş nikahından doğulan uşaqlar var. Sonradan kişi ilə qadın ayrılanda, ata övladına aliment ödəmir və bunu rəsmi nikahlarının olmaması ilə əsaslandırır. Amma heç demə, bunun da hüququ yolu var imiş. 
Hüquqşünas Elnur Əliyevin sözlərinə görə, qanuna görə, nikahdankənar dünyaya gələn uşağa da eyni şəkildə aliment ödənilməlidir. Amma bunun üçün əvvəlcə məhkəmə qaydasında atalıq müəyyən edilməlidir. Bundan sonra aliment tələbi irəli sürülə bilər. Yəni, qanunvericilik təkcə rəsmi nikahı olmuş qadınlara deyil, hətta vətəndaş nikahı ilə birgə yaşayış dövrü keçirilməsi halında da uşağa aliment kəsilməsini təmin edir. Atalıq müəyyən edilirsə, kişi ilə rəsmi nikahı olmayan qadına da körpəyə görə aliment ödənməsinə qərar verilir. Yəni qanun qadının tərəfindədir.
 
“BU, UŞAĞIN PSİXOLOGİYASINA MƏNFİ TƏSİR GÖSTƏRİR”
 
Ata uşağına aliment ödəmirsə, təbii ki, ilk zərərçəkən uşaq olur. Natamam ailədə böyüyən uşaq nəinki maddi baxımdan, həm də mənəvi baxımdan sıxılır. 
 
Uşaq psixoloqu Günel Məhərrəmlinin fikrincə, alimentlə bağlı yaranan münaqişələr ailədə uşağın psixologiyasına mənfi təsir göstərir: "Alimentdən öncə boşanma prosesinin başlaması, ana-ata arasında olan münaqişələr, fərqi yoxdur ki, bu fiziki təzyiqdir, yoxsa sözlə bir-birini təhqir etməkdir, bunlar uşağa çox pis təsir göstərir. Xüsusilə də, burada uşağın yaş dövrünü nəzərə almaq lazımdır. Çünki hər yaş dövrünün öz xüsusiyyətləri var və uşaq fərqli sosial-emosional hallar keçirir. Məsələn, məktəbəqədər yaşda uşaqlar atanı, ananı itirməkdən qorxurlar. Bu yaşda uşağın əks cinsdən olan valideyninə müəyyən şüuraltı sevgisi yaranır. 3-5 yaş arasında olan uşaq valideynindən kifayət qədər qayğı, sevgi görməsə, böyüyəndə onun şəxsi həyatında problem yaranacaq. Yeniyetməlik dövrü isə şəxsiyyətin formalaşdığı dövrdür. İnsanın özünü dərk etməsi, fizioloji-psixoloji durumunun dəyişməsi, üstəgəl, boşanma prosesi, əlbəttə ki, uşağa təsirsiz ötüşmür". 
 
Psixoloqun sözlərinə görə, boşanmadan sonra alimentin ödənilməsi bütün dünyada mütləq sayılır: "Bizdə təəssüflər olsun ki, əksər boşanan xanımlar aliment ala bilmirlər, hətta məhkəməyə müraciət etsələr də, bəzən faydası olmur. Və bu da uşağın psixikasını pozur. Oğlan uşağına daha böyük zərbə dəyir. Çünki onsuz da yanında atanın olmaması onu incidir, bir də atanın aliment ödəməməsi və ananın bundan əziyyət çəkməsi, əlbəttə ki, müxtəlif situasiyaları gətirib çıxarır. Qız uşağı isə böyüyəndə ailə qurmaq fobiyası, kişilərə qarşı bir inamsızlıq yaşayır. Düşünür ki, mənim də atam da vardı və bizdən ayrıldı, aliment də ödəmədi və s. Yəni bu cür hallar kiçik psixoloji travmalardan tutmuş, çox böyük fəsadlara yol aça bilir".
 
Faktlar, həmçinin ekspert rəyləri və psixoloq şərhi bir daha sübur edir ki, Azərbaycanda alimentlərin ödənilməsində çox böyük problemlər mövcuddur və bundan da ilk öncə günahsız uşaqlar əziyyət çəkir…
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...