Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Uşaq mollanın təsiri altına düşmüş ola bilər - Komitədən Ağdaşdakı intiharla bağlı AÇIQLAMA

“Komitənin İsmayıllı rayonunda fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzinin əməkdaşları hadisənin baş verdiyi yerə səfər edib və mərhumun valideynləri, ailə üzvləri ilə görüş təşkil ediblər. Onlar ailə ilə görüş zamanı hadisədən kədərləndiklərini bildirərək mərhumun yaxınlarına başsağlığı veriblər”.

Mynews.az xəbər verir ki, bunu Femida.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

O bildirib ki, Komitənin bütün icra hakimiyyətlərinin nəzdində monitorinq qrupu fəaliyyət göstərir: “Biz həmin qrupumuza müraciət etmişik ki, bu iş ciddi nəzarətdə saxlanılsın. Bildiyimiz kimi, hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Hadisələrin gedişatını anbaan izləyirik. Hazırda intiharın səbəblərini araşdırırıq”.

A.Veysəlova intiharın başvermə səbəbi kimi iki əsas amilə diqqət çəkdi: “İntiharın səbəbi kimi 2 amili göstərə bilərik. Burada şagirdin aldığı dini təhsil və təhlükəli internet oyunlarının təsirini göstərə bilərik. Çox güman ki, bu iki səbəbə görə intihar baş verib. Lakin hansı mühakimənin doğru olduğunu indidən söyləmək çətindir. Çünki araşdırmalar hələ də davam edir. Ən xırda detallar belə nəzərə alınmalıdır. Aldığımız məlumata görə, uşaq çox savadlı idi, dərslərini yaxşı oxuyurdu, idmanda da ciddi uğurlar əldə edib. Yəni həm savadlı, həm də aktiv bir uşaq olub. Bu baxımdan, bütün mümkün variantlar araşdırılmalı, daha sonra isə nəticələr çıxarılmalıdır”.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. 12 yaşlı məktəbli intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubda peyğəmbərin yanına getmək üçün intihar etdiyini qeyd edib. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.

Faktla bağlı Ağdaş Prokurorluğu tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...