Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Valideynlərin uşaqlara laqeyd yanaşması psixoloji travmalara səbəb olur”

Səbinə Bayramova: “Şəfqət görməyən insanların şəfqət göstərməsi çətindir”

Yaşadığımız cəmiyyətdə mərhəmət hissinin sürətlə azaldığı, cəmiyyətin həssas insanlar toplumundan daha çox aqressiv və laqeyd kütləyə çevrilməyə başladığı son vaxtların ən çox eşidilən iddialarındandır.

Maraqlıdır, cəmiyyətimizdə mərhəmət duyğusu həqiqətənmi itirilməkdədir? İnsanların mərhəmət hissindən üz döndərməsi, öz danışıq və davranışlarında biganəliyə, aqressiya və sərtliyə üstünlük verməsi nə ilə bağlıdır?

Moderator.az-a açıqlama verən Ümumrusiya Professional Psixoterapiya Liqasının həqiqi üzvü psixoloq Səbinə Bayramova bunun bir neçə amildən qaynaqlandığını vurğuladı:

“Mərhəmət, şəfqət və empatiya birlikdə bir duyğu kompleksi formalaşdırır. Bu, insan üçün ən sakitləşdirici duyğu qrupu hesab olunur. Ən əsəbi, aqressiv, qəzəbli bir anda bu duyğular hərəkətə keçərsə, bu zaman beyində xoşbəxtlik hormonları ifraz olunmağa başlayır.

Mərhəmət duyğusu yalnız insanda deyil, demək olar ki, bütün canlılarda mövcuddur. Məsələn,dişi quşlar təhlükə görən zaman öz balalarını qorumaq, onları hifz etmək üçün təhlükə mənbəyini özlərinə tərəf çəkməyə çalışır. Oxşar reaksiyanı qarışqalar da sərgiləyir. Bu, bütün canlılarda mövcud olan universal bir duyğudur.

Eqoizm mərhəmətin ziddi hesab olunur. Ikitərəfli bir yelləncək düşünün. Hansı ki, onun bir tərəfində mərhəmət, digər tərəfində isə eqoizm yer alıb. Biri yüksələndə biri enir, biri artanda biri azalır.

Burada bir nüansa da diqqət yetirmək lazımdır. Eqo və eqoizm arasında ciddi fərq var. Eqo insanda olmalıdır. Lakin eqoizm eqonun şişirdilmiş formasıdır. Əzilmiş eqo da olmamalıdır. Hirsli, əsəbi bir insana şəfqətlə yanaşıb onunla xoş bir şəkildə ünsiyyət quranda qarşı tərəfin duyğu parametrlərində müsbətə doğru dəyişiklik müşahidə edilir.

İnsanlarda mərhəmət hissinin azalmasının bir neçə səbəbi ola bilər. Eqoizmin artması mərhəmət duyğusunun azalmasına səbəb ola bilər. Bu gün insanların çoxu   aqressiv haldadır. Onların çoxunda empatiya yoxdur. Empatiya özünü qarşı tərəfin yerinə qoymaq bacarığıdır. Valideynlərdən də bu məsələdə çox şey asılıdır. Onlar uşaqlara bu duyğuları aşılamalıdırlar. Lazım gələrsə mütəxəssis yardımından faydalanmalıdırlar. Valideynlərin uşaqlara laqeyd yanaşması onların psixoloji travma almasına səbəb ola bilər. Bu qəbildən olan şəxslər şəfqətli münasibət görmədiyi üçün başqasına qarşı bu cür münasibət göstərməyi bacarmır. Yəni bu məsələdə ən başlıca səbəb ailə ilə bağlıdır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...