Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Diabetik ayaq yarasından əziyyət çəkən xəstələrə müjdə - Azərbaycanda bu xəstəliyin ən sadə çarəsi tapıldı - VİDEO

Tibb sürətlə inkişaf edir. Bu gün bir çox həkimlərimiz var ki, daim öz üzərində işləyir, dünya səviyyəsində yenilikləri ölkəmizdə tətbiq edir.

AZXEBER.COM-a danışan diabetik ayaqlar, trofiki xoralar, varikoz xəstəliyinin müayinəsi və müasir müalicəsi ilə ixtisaslaşan cərrah-fleboloq İsmayıl Əsgərov hazırda Antalyada keçirilən Beynəlxalq Yara Konqresində ölkəmizi təmsil etdiyini bildirib. İ.Əsgərov sözügedən konfransda diabetik ayaq yaralarının yaranma səbəbləri və yeni üsulla müalicəsi haqqında geniş müzakirələrin həyata keçirildiyini də əlavə edib. Cərrah-fleboloq Azərbaycanda bu tipli xəstəliklərin sayında ciddi artım olduğunu və çox zaman xəstələrin öz xəstəliklərindən xəbərsiz olduqları üçün sonda ciddi fəsadlarla qarşılaşdıqlarını deyib:

"Yaralar demək olar ki, hər zaman bir travma sonrası yaranır, məsələn: dırnaq kəsərkən ətin zədələnməsi, ayaqqabı sürtməsi və sair. Bu xəstələrdə hissiyyatsızlıq səbəbi ilə yara uzun müddət diqqətdən kənarda qalır. İmmun zəiflik və qan axının pis olması nəticəsində kiçik bir yara, ciddi fəsadlara qədər irəliləyə bilir. Xəstəliyin ciddiyyətinə varmaq üçün dünyadakı bəzi statistik göstəriciləri qeyd edək: Travma olmadan ayaq amputasiyalarının 70%-i diabetə bağlıdır. Hər 20 saniyədən bir diabetik ayaq amputasiyası icra edilir. Təəssüf ki, dünyadakı statistik meyarlarda bu da göstərilir: 50%-dən daha çox halda, başlanğıc mərhələlərdə bu yaralar düzgün qiymətləndirilmədiyindən proses qanqrenaya qədər irəliləyir. Ona görə hər xəstədə yaraya individual yanaşmalı və ətraflı dəyərləndirilməlidir. Yaranın mərhələsi, yerləşmə yeri, infeksiyon prosesin şiddəti, makroangiopatiya və neyropatiyanın dərəcəsindən asılı olaraq uyğun müalicə metodu təyin edilir. Məsələn: ayaqda pəncənin alt səthində yara varsa, mütləq şəkildə yara sahəsinin əzilməsi xüsusi ortezlərlə qarşısı alınmalıdır. Əks halda yara sağalmayacaq və ya təkrarlanacaqdır. İfrazatı bol olan dərin yaralarda VAK adlanan cihaz istifadə edirik. Bu cihazın yaratdığı mənfi təzyiq hesabına yaradakı ifrazat sorulur, yara yığılır, yerli qan təchizatı yaxşılaşır, nəticədə sağalma prosesi sürətlənir. Yaranın mərhələsi və xarakterinə uyğun müasir sarğı vasitələri tətbiq edirik. Bu örtüklər hesabına yaranın hər gün deyil də, 3-5 gündən sarğı olunması, quru yaraların nəmləndirilməsi, islaq yaraların isə qurudulması imkanı əldə etmiş oluruq. Süni dəri dediyimiz kollagen örtüklər var, xüsusilə qapanması çətin dirəncli yaralarda çox effektivdir. Lazım gələrsə, xəstənin öz dərisindən istifadə etməklə də yara defekti qapadılır. Əgər proses ciddi dərəcədə irəliləyibsə, amputasiya qərarı verilən zaman transkutan oksimetr cihazı ilə əməliyyatın hansı səviyyədə icra edilməsi qərarı alınır. Bu cihazla xəstələrdə təkrari amputasiyaların qarşısını almış oluruq”.

Doktor İ.Əsgərov bu cür xəstəlikdən əziyyət çəkən xəstələrə tövsiyyələr də edib:

"Xəstələrə tövsiyəmiz ayaq baxımını düzgün icra etməsi, uyğun ayaqqabı istifadəsi, şəkərin və arterial təzyiqin mütləq kontrolda saxlanılması, siqarətdən imtina, fiziki aktivliyin artırılmasıdır. Ayaqda kiçik bir zədə varsa, dərhal diabetik ayaq üzrə mütəxəssislərə müraciət etmək lazımdır. Unutmayaq ki, diabetik ayaqda yara əmələ gələnə qədər qoruyucu tədbirlər, gecikmiş yaranın müalicəsinə sərf olunan zaman və maliyyətdən daha asan başa gəlir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...