Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elşad Miri din xadimlərinə maaş verilməsi məsələsini şərh etdi

Gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərimiz rəsmi şəkildə əməkhaqqı alacaqlar. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Mübariz Qurbanlı bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əməkhaqqı alacaqlar.

Mynews.az xəbər verir ki, din xadimlərinin maaş alması ilə bağlı ilahiyyatçıElşad Miri Ölkə.Az-a açıqlama verib: "Bu məsələyə iki cür yanaşma olmalıdır. Birincisi dövlət, ikincisi isə ilahiyyat prizmasından. Din xadimlərinə maaşın verilməsi çox məntiqli, yerində, hətta gecikmiş bir addımdır. Dünyanın bir çox ölkələrində din xadimlərinə maaşların verilməsi faktı var. Səudiyyə Ərəbistanında din xadimlərinə maaşlar verilir. Türkiyədə din xadimləri məmur statusundadır. Hərbi çevrilişlə hakimiyyətə gələn Kənan Evrənin vaxtında Türkiyədə din adamlarına dövlət qulluqçusu statusu verildi və bu günə qədər onlara maaş verilir. İsraildə din xadimləri heç bir yerdə işləmədən dini xidmət göstərdikləri üçün yüksək maaş alırlar. Xristian ölkələrində də bu kimi nümunələr var.

Azərbaycana gəldikdə, dövlət maaş verməklə din məsələsinə yaxşı mənada nəzarəti gücləndirir. Din xadimlərinə maaş verilməsi ilə onların məclislərdən asılı olması aradan qaldırılır. Sabah din xadimləri deyə bilər ki, biz dövlətdən maaş alırıq, ona görə də məclisləri apardığımız üçün bizə nəsə verilməsinə ehtiyac yoxdur.

Bu gün kimsə məscidə gedib, imamlıq edib, kimlərəsə namaz qıldırırsa, bu, o şəxsin peşəsi deyil. İlahiyyatçı olaraq gedib yas mərasimi aparıb, kiminsə ölüsünə "Quran" oxuyub pul almıram. Bilirəm ki, bunlar doğru olmayan yanaşmalardır. Din adamları dövlətdən məvacib aldıqları üçün hər hansı dini məsələdə dövlətin dediyi ilə razı olmasalar belə, ona qarşı çıxa bilməyəcəklər.

Dində din xadimi, din adamı anlayışı yoxdur. Bunlar sonradan ortaya atılmış və peşə halına gətirilmiş məsələlərdir. Ona görə də ilahiyyatçı olaraq din xadimlərinə maaşın verilməsi ilə razı olmasam da, dövlətçilik baxımından hətta bu məsələnin gecikmiş olduğunu hesab edirəm".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...