Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yol qəzasında ölənlərin 76,8%-ini kişilər təşkil edir

2016-cı ildə ölkənin avtomobil yollarında 2006 və ya 2015-ci illə müqayisədə 9,6% az yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da əvvəlki ilə nisbətən 12,6% azalaraq 2762 nəfər olub. Onlardan 759-u həlak olub, 2003-ü isə yaralanıb. Hadisələrin 44%-i gündüz, 36,4%-i gecə, 19,6%-i isə toran vaxtı baş verib, 28,7%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2015-ci ilə nisbətən 15,3% azalaraq 497 nəfər, yaralananların sayı isə 11,6% azalaraq 1877 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 44%-i nəqliyyat vasitələrinin və piyadaların, 36,4%-i bir neçə nəqliyyat vasitəsinin, 19,6%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2015-ci ilə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,4%, 8,5% və 21% azalıb.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,8%-ini, yaralananların isə 70,6%-ini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 37 hadisə baş verib, nəticədə 18 nəfər ölüb, 34 nəfər isə yaralanıb. Belə hadisələrin 78,4%-izi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2015-ci ilə nisbətən 13% artaraq 2 milyon 861 min 900 olub. Xətaların 50%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,9%-i dayanma və ya durma qaydalarının pozulması, 5,1%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,6%-i yol ayrıcını keçmə, 4,2%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 85,4 mln. manat məbləğində cərimələr tətbiq edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...