Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İtkin düşən alpinistin 2011-ci ildə gördüyü yuxu - "Görürəm ki, olduqca hündür bir qayanın..."

Xəbər verildiyi kimi, ötən il dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb. Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir.

Metbuat.az xəbər verir ki, hazırda axtarışlar bir nəticə verməsə də, durmadan davam edir.

İtkin düşən dağçı Babur Hüseynovun 2011-ci ildə yazdığı bir yazı isə haradasa bu günü xatırladır:

"Gözlərimi yumuram və görürəm ki, olduqca hündür bir qayanın üzərində oturmuşam.

Hava qaranlıqdır. Parlaq ulduzlar sonsuz göylərə səpələnərək ruhumu da uzaqlara çəkib.

Qayanın altında coşqun dəniz var. Çox coşqun və dalğalıdır...

Dalğalar zərblə qayalara çırpılır, daşlar islanır və bu soyuqdan həzz alırmışlar kimi, səssizcə Allaha bu gözəlliyə görə şükürlər edirlər.

Səssizlik məgər ən gözəl dua deyilmi?

Sərin külək əsir və mənim yanımda oturaraq başını dizlərimin üzərinə qoyan sevgilimin saçlarını sığallayır.

Coşqun dəniz, dənizin ətri və dalğaların zərbəsindən azacıq titrəyən qaya, qaranlığın üzünü zinətləndirərək asimanı bəzəyən sehrli ulduzlar, əsən sərin külək, bir az kənarda qalanmış ocağın arabir gələn tüstü ətri...

Göylərə, uzaqlardan bizə baxaraq xəyallarımızı özlərinə çəkən ulduzlara baxırıq, əsən küləklə rəqs edirik, dənizin qoxusu isə ruhumuzu ovsunlayır, azadıq, xoşbəxtik...

Xoşbəxtlik məgər bu qədər gözəlmi? Tək o var, bir də mən. Bir təbiət var, bir də bu gözəllikləri yaradan Allah. Şükürlərimiz necə də, dayazdır...

Çox təəssüf ki, gözlərimi açıram və görürəm öz divarları saralmış miskin otağımdayam. Otağın küncündə köhnə yazı masası və onun da üstündə qalaqlanmış kitablar. Kitablar necə də mənə yazıq görünür, elə bil onları daha heç vaxt oxumayacağıma görə dərd çəkirlər.

Toz bağlamış işıq isə tavandan sakitcə asılıb və kimisə gözləyərək gözü yollardadır... Pəncərədən çöldə isə soyuq payız küləyi çılpaq budaqlarla sevişir və elə bil bundan həzz alırmış kimi tənha qurd kimi ulayır.

Məndən bir az aralıda çarpayı durur. Artıq gecdir və o mənçün darıxır. İstəyir ki, tezliklə gəlim və onun üzərində uzanım.

Çarpayı da tənhadır, o da məni gözləyir, mən də arzularımı. Arzularsa çox uzaqdır. Ən uzaq arzular həmişə laldır, danışansa yaxınlıqda olan acı reallıq. Ürəyim sıxılır, yenə reallığa nifrət və yenə içimi boğan qəhər. Yenə də qəlbimin dərinliklərində baş qaldıran dilsiz naşükürlüklər və sakitcə pıçıldayaraq “İlahi, axı bu insanı niyə belə yaradıbsan, axı hanı mənim arzularım, hər şey bu qədər bəsitmi?” deyə fəryad edən çürümüş ürək...

Nəhayət bu gün də bir söz tapdım və bunu da öz iyrənc həyat kitabıma əlavə etdim. Bu mənim fəlsəfəmdir, arıq və xəstə fəlsəfəm. Bu günün sözü də belə oldu: - İnsan kimdir? -Arzular qurmaq üzrə mütəxəssis. Bu gün də belə və mən zəngi qurub işığı söndürürəm. Yerimdə uzanıb sehrli yuxular görmək ümidi ilə sizlərdən ayrılıram."

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...