Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İntihar edənlər niyə metronu seçir? - SƏBƏB bu imiş...Dəhşət

Düşünürlər ki, səsləri cəmiyyətə daha tez çatacaq, hamı onlardan danışacaq

Son günlər intiharın ünvanı dəyişib. Bir vaxtlar "Koroğlu” metrostansiyası yaxınlığındakı körpünü "ölüm körpüsü”nə çevirən insanlar indi də Bakı metrosunda can verir. Bizi bir ünvandan digərinə aparan stansiyalar əli həyatdan üzülən insanların intihar məkanına, son dayanacağına çevrilib.

Qeyd edək ki, dünən "Qara Qarayev” metro stansiyasında özünü qatarın altına atan 47 yaşlı Cəmil Cəmilov üçün qapılar birdəfəlik bağlanıb. Ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən C.Cəmilov vəfat edib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə "Həzi Aslanov” stansiyasından "Dərnəgül”ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar "Qara Qarayev” metrostansiyasına daxil olanda baş verib. Həmin şəxs özünü qatarın altına atmaq istəyib: "Lakin qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb”.

Bəs niyə özünə qəsd edən insanlar adətən ictimai, insanların kütləvi toplaşdığı yerləri hədəf alır? Bu bir təsadüfdür, yoxsa... Ekspertlər hesab edir ki, bu məkanda dəfələrlə intihara cəhdin olması insanların diqqətini problemlərin həllinə yönəltməkdir. Problemdən çıxış yolu kimi mütəxəssislər bir müddət həmin ərazidə nəzarətin artırılmasını təklif edir.

"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı hesab edir ki, intihar edənlərin əksəriyyətinin ictimai yerləri seçməsi əslində onların ölmək istəməməsini göstərir. Yəni intihar barədə fikirləşirlər, amma nəticəsinin ölüm olmağını istəmirlər. 

Çünki intihar zamanı səslərini cəmiyyətə çatdıracaqlarını düşünürlər, problemlərini ölkənin bilməsini və bir həll yolu tapılmasını istəyirlər. Fikir vermisinizsə, bu cür intiharı seçən insanlar çox zaman fikrindən daşınır, ya da elə yerdə intiharı seçirlər ki, nəticəsi xəsarət olsun, ölüm yox. Onlar yaşamaq istəyirlər, amma bir anlıq ruh düşkünlüyü, çarəsizlik gözlərini qaraldır”.

İctimai Tədqiqatlar Mərkəzinin sədri, kriminalist-ekspert İlqar Altay isə hesab edir ki, intihar formaları situasiyalara, dövrlərə uyğun olaraq dəyişir:

"İnsanın öz canına sui-qəsdi də bir növ "dəb” xarakterlidir. Təcrübəmə əsasən deyə bilərəm ki, kriminalist işlədiyim vaxtlarda Rusiyada qadınlar adətən kislota içərək canlarına sui-qəsd edirdilər. Kişilərin əksəriyyəti isə özünü asırdı. Sonradan isə zaman keçdikcə, həyat dəyişdikcə, intiharın yolları da dəyişməyə, "inkişaf” etməyə başladı. Bir vaxtlar Bakıda Qız Qalasından özünü atmaq "moda minmişdi”. Hüquq-mühafizə orqanları tərəfindən ciddi nəzarətdən sonra artıq belə bir intiharın şahidi olmuruq. Sonra da insanların ağzı körpüyə, dənizə düşdü. Xüsusən də kişilərin. İnsanların gözü qarşısında intihara cəhd etmək bir növ nümayişkaranəlik yaradır. İnsanların, maşınların çox olduğu yerlərdə intihara cəhd zamanı həm özünə qəsddən, həm də özünü isbatdan söhbət gedir ki, bu da şüurda olan mənfi təzahürlərin nəticəsidir. Yəni intiharı qarşısına məqsəd qoyan elə adam var ki, ölümünün cəmiyyətdə rezonans doğurmasını istəyir. Hamı onun intiharından danışsın, bütün mətbuat, media ondan yazsın. Halbuki, o adam başa düşmür ki, onsuz da sən ölüb gedirsən, bütün bunların sənə nə xeyri...”

İ.Altayın sözlərinə görə, indi çox az sayda adam intihar edərkən bir ağacın kölgəsinə qısılıb özünü asır, yaxud da evində dərman içərək həyatına qəsd edir: "İntiharların ictimai yerlərdə daha çox yayıldığını nəzərə alsaq hüquq-mühafizə orqanları bunun qarşısını asanlıqla ala bilər”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...