Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hadi Rəcəbli: Uşaqların asudə vaxtının səmərəliliyi ilə bağlı qanuna ehtiyac var

Uşaqların, orta məktəb şagirdlərinin təhsildən kənar, o cümlədən, asudə vaxtlarının və istirahətlərinin daha səmərəli təşkil olunması üçün bu məsələni tənzimləyəcək ayrıca qanunvericilik aktının hazırlanması və qəbuluna ehtiyac var. 

Mynews.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Bu məsələ ilə bağlı müvafiq qanun layihəsinin ilkin variantının hazırlandığını, rəhbərlik etdiyi komitə çərçivəsində müzakirələr aparıldığını qeyd edən millət vəkilinin sözlərinə görə, müzakirələrdə belə sənədin olmasının vacibliyi vurğulanıb:

“Sadəcə, qanun layihəsi maliyyə tutumlu olduğu üçün onunla bağlı dəqiqləşdirmələrin aparılması zərurəti ortadadır və çox güman ki, aidiyyəti qurumların, xüsusən də Maliyyə Nazirliyinin xeyir-duasından sonra bu məsələ, nəhayət, öz müsbət həllini tapa bilər”.

Onun sözlərinə görə, bu məsələdə önəmli məqamlardan biri də yetişməkdə olan nəslin dünyagörüşü, onların ölkənin bölgələri, yerli adət-ənənələri, xüsusiyyətləri ilə tanışlığı, onları mənimsəyərək, əxz edərək yayması, o cümlədən, onlarda turizm təfəkkürünün formalaşdırılması məsələsidir: 

“Təsadüfi deyil ki, son illər Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirilməsi, ölkəyə turistlərin cəlb olunması istiqmətində ciddi işlər görülür. Bildiyiniz kimi, uzun və gərgin müzakirələrdən sonra  bu yöndə çox önəmli Turizm Məcəlləsi də qəbul olunub. Heç şübhəsiz, turizmin inkişafına töhfə olacaq məqamlardan biri də yeni nəsildə turizm təfəkkürünün, turizm mədəniyyətinin formalaşdırılmasıdır. Eyni zamanda, 30 ili tamam olacaq  Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin, reallıqlarının dünyaya olduğu kimi yayılması çox önəmli məqamlardandır. Bəzən, təəssüflər olsun ki, nəinki ölkəmizin hüdudlarından kənarda olanlar, heç ölkədə yaşayanlar, xüsusilə 90-cı illərdən bu yana dünyaya gələnlər də Azərbaycan həqiqətləri, reallıqları, tariximiz, milli adət-ənənələrimizlə bağlı bir çox məsələləri bilmirlər. Yumşaq şəkildə desək, düzgün anlayışları, təsəvvürləri yoxdur və ya çox bəsit şəkildə fikirlərini izah edirlər ki, bu da yolverilməz və qəbuledilməzdir.

Ona görə də orta məktəb yaşlı yeniyetmələrimizin, gələcəyimiz adlandırdığımız gənc nəslin daha hazırlıqlı, daha dünyagörüşlü vətəndaşlar kimi yetişdirilməsi üçün onların dərsdən kənar, asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili, bölgələrə tanışlıq səfərlərinin təmini üçün ciddi addımlar atılmasına zəruri ehtiyac var. Təbii ki, bu məsələdə də işin əsas ağırlığıTəhsil Nazirliyinin üzərinə düşür. Qurumdan da bildirilib ki, məktəblilərin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə nazirlik tərəfindən respublika üzrə bütün təhsil müəssisələrini əhatə edən yaradıcılıq istiqamətli müsabiqələri, sərgilər, konsert və festivallar, müxtəlif səviyyəli idman yarışları, turnirlər, çempionatlar, ekoloji biliklərin artırılması və sağlam həyat tərzinin geniş təbliği, ölkəmizin milli-mədəni dəyərləri ilə tanışlıq, ümumi dünyagörüşü və intellektual səviyyənin artırılması üçün bir sıra işlər görülür.

Artıq bir neçə ildir mayın 18-i “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi tərəfindən “Məktəblilərin muzeylər həftəsi” təşkil edilir. Daha bir kütləvi proqram “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramıdır ki, bu proqram məktəblilərin ekoloji biliklərinin genişləndirilməsi, onların əraf mühitin mühafizəsi məsələlərinə aktiv cəlb olunması, ekoloji təmiz məhsulun alınması və aqrobiomüxtəliflik sahəsinə respublika üzrə məktəblilərin cəlb olunması, paytaxt və regionalarda təhsil müəssisələrinin həyətlərində yaşıllaşdırma və abadlaşdırma işlərinin təşkili, seminar, forum və konfranslar, ekoerudit və digər müsabiqələr şəklində gerçəkləşdirilir. Təhsil ekspertləri də hesab edirlər ki, toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə hansısa müvəffəqiyyətlər əldə etmək olar. Ancaq şagirdin fiziki-əqli inkişafı onun yalnız dərs oxumasından asılı deyil”.

Komitə sədri bildirib ki, hazırda ən böyük problem şagirdlərin asudə vaxtının təşkili məsələsidir. Keyfiyyətli təhsil üçün ilk öncə şagirdin səmərəli istirahətini təşkil etmək lazımdır:

“Yay tətili zamanı uşaqlar və gənclər bir qədər dincələrək yeni dərs ili üçün enerji toplayırlar. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanda təşkil edilən yay məktəblərinin qiyməti kifayət qədər baha olduğundan əksər uşaqlar bundan yararlanmaq imkanından məhrumdurlar. Psixoloqlar isə hesab edirlər ki, yay tətili günlərini səmərəli və maraqlı keçirmək məktəblilər üçün çox əhəmiyyətlidir. İstirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöqteyi-nəzərindən böyük məna kəsb edir. Hər bir ailə uşaqların istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünəməxsus yeri var.

Tətilin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhval-ruhiyyə yaradır. Uşaqlar bir-biri ilə fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər. Təəssüf ki, ailələr uşaqların istirahət və asudə vaxtlarının təşkil olunmasına bir o qədər də əhəmiyyət vermirlər. Hətta elə ailələr də var ki, övladını istirahət üçün maraqlı yerlərə, müxtəlif ölkələrə aparsa da, uşaq daxilən bundan zövq almır. Səyahətlər onu sevindirmir. Deməli, burada ilk növbədə uşağın maraqları, psixologiyası, daxili aləmi nəzərə alınmalı, hər bir valideyn öz uşağı üçün nəyin daha maraqlı olduğunu bilməlidir.

Ümumiyyətlə, uşaqların daxili rahatlığı, ruhi sakitliyinin bərpası, stres və depressiyadan, müxtəlif pis vərdişlərdən qorunması baxımından tətil, istirahət valideyn üçün böyük fürsət, yaxşı imkandır. Uşaqların hərtərəfli ahəngdar inkişafı onların daxili hisslərindən, əhval-ruhiyyələrindən çox asılıdır. İnsan ruhən özünü xoşbəxt hiss edəndə onda həyat eşqi, yaşamaq həvəsi, nikbinlik daha da çoxalır. Tətil günləri bu cür müsbət hisslərlə, əhval-ruhiyyə ilə müşayiət olunarsa, növbəti dərs ilində şagirdlərin uğurları, təhsilə olan maraqları da artmış olacaq. Çünki onlar tətil və yaxşı istirahət sayəsində daxili komfort hissi əldə edirlər…”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...