Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qızılca bəlası” ilə bağlı valideynlərə çağırış edildi

Avropa ölkələrində keçən ilə nisbətən qızılcaya yoluxma sayı üç dəfə artıb. Yoluxmanın sürətlə artımı İtaliyada, Ruminiya, Almaniya və Ukraynada qeydə alınıb. 

Təkcə Ukraynada dekabrın sonu, yanvarın əvvəlləri 200 nəfər qızılcaya yoluxub, bu da keçən illərə nisbətən 70 dəfə artım deməkdir. Daha pis vəziyyət İvano-Frankovski, Zakarpatiya vilayətlərində qeydə alınıb. Odessada isə üçü uşaq olmaqla, beş nəfər qızılcadan ölüb. Kiyevdə qızılcanın belə geniş yayılmasının səbəbi olaraq uşaqların vaxtında peyvənd olunmaması göstərilib. Qızılcaya qarşı peyvənd olunmayan uşaqların bağça və məktəblərə buraxılmasına qadağa qoyulub. 

Ukraynada “qızılca bəlası” əlaqədar Rusiya hökuməti Ukrayna ilə sərhəd məntəqələrdə sanitar nəzarəti gücləndirib.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva İtaliyada, Rumıniya, Almaniya və Ukraynada qızılcaya yoluxma halları çoxaldığından həmyerlilərimizi ehtiyatlı olmağa çağırıb: 

“Qızılca əleyhinə peyvənd olmayan vətəndaşlar xarici ölkələrə gedirlərsə, mütləq müalicə müəssisəsinə gedib peyvənd olmalıdır. Əgər kimsə uşağını peyvənd etdirməyibsə, tələssin. Tibb müəssisəsinə müraciət edərək uşağını peyvənd etdirsin. Çünki qızılca xəstəliyi yalnız peyvəndi olmayan insanlarda qeydə alınır”. 

A. Əliyevanın sözlərinə görə, 2013-cü ilin iyul ayından sonra Azərbaycanda heç bir qızılca xəstəliyi qeydə alınmayıb: 

“Vəziyyət tam normaldır. Hətta ölkəmiz 2015-ci ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qızılca və məxmərə xəstəliklərinin elimnasiyası ilə (hadisələrin qeydə alınamaması səviyyəsi) əlaqədar sertifikatını alıb. Ölkədə hətta şübhəli xəstələr belə yoxdur”. 

Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini qeyd edib ki, ölkə üzrə peyvəndlə həm vaksinasiya, həm revaksinasiya 98 faizdən yuxarı təşkil edir. 

“Ölkəmizdə vaksinlər ÜST standartlarına uyğun, UNİCEF xətti ilə ölkəmizə çatdırılıb. Vaksinlərin daşınması və saxlanması tam qaydasında aparılır. Bizdə planlı şəkildə uşaqlara 12 aylığında, ikinci dəfə isə altı yaşında qızılcaya qarşı peyvənd vurulur. Nəticədə orqanizmdə qoruyucu immunitet yaranır. Keçən illərdə ölkəmizdə əlavə immunlaşdırma tədbirləri həyata keçirilib, miqrasiya ilə böyük yaşlı əhali arasında qızılca və məxmərəyə qarşı peyvənd vurulması istiqamətində işlər aparılıb. Bu nöqtəyi-nəzərdən xəstəliyin yayılması ehtimalı yoxdur”. 

Afaq Əliyeva qızılca xəstəliklərinin xarici ölkələrdə yayılmasının səbəbini də açıqlayıb: 

“Həmin ölkələrdə qızılcanın yayılması peyvənd işinin zəif aparılması, peyvəndlə əhatənin ərazi üzrə aşağı olması ilə əlaqədardır. Xaricidən gələn vətəndaşda qızılca xəstəliyi aşkar edilərsə, onun müalicəyə cəlb olunması təmin olacaq. Bilirsiniz, xəstəliyin inkubasiya dövrü var, ola bilər ölkəyə daxil olanda onlarda əlamətləri olmasın, gələndən sonra əlamətləri ortaya çıxsın. Bu səbəbdən, ölkəyə daxil olan vətəndaşlarda qızılca xəstəliyinin aşkarlanması çətindir. Ölkədə qızılcaya yoluxma halı baş verərsə, lazımlı epidimioloji tədbirlər həyata keçiriləcək”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, hər il qızılcadan təxminən 150 min nəfər dünyasını dəyişir və onların əksəriyyətini azyaşlı uşaqlar təşkil edir. Bu, uşaqların orqanizminin daha zəif olması ilə bağlıdır. Əgər qızılca əleyhinə peyvənd edilməzsə, hər 10 uşaqdan biri ölə bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...