Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Polis olmaq istəyənlərin nəzərinə

Daxili İşlər Nazirliyi (DİN) xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında əyani təhsil üzrə 150 kursantın qəbulu üçün müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, müsabiqədə Azərbaycan dilini bilən, boyu azı 165 sm (qızlar üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2018-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2018-ci ilin yanvar, aprel və iyul tarixli çağrışlarında hərbi xidmətə getməli olan çağrışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyənlər müsabiqəyə buraxılmırlar.

Sənədlərin qəbulu 2018-ci il yanvar ayının 10-dan fevral ayının 10-dək hər gün (bazar və bayram günləri istisna olmaqla) saat 10°°-dan 17°°-dək namizədin daimi qeydiyyatı yeri üzrə polis idarə və ya şöbələrində həyata keçirilir.

Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);

- təhsil müəssisəsinin buraxılış sinifində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);

- yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

- ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);

- oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

- 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 454-12-78, (012) 590-97-76.

Seçmə komissiyalarının vaxtı barədə məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet saytında yerləşdiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...