Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

​Kanalizasiya problemi həllini tapacaq - Qəsəbə və kəndlərdə

“Paytaxtdakı kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin böyük bir hissəsində kanalizasiya yoxdur”.

Bunu Metbuat.az-a açıqlaması zamanı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, “Azərsu” ASC bununla bağlı kifayət qədər işlər görür:

“Bu günə qədər Bakıətrafı kənd və qəsəbələrdə əsasən su layihələri icra etmişik. Lakin bununla yanaşı kanalizasiya layhələrinə də start vermişik. Nümunə kimi göstərə bilərik ki, 2011-2012-ci illərdə Novxanıdan Sumqayıta 14 km uzunluğunda yeni bir kollektor çəkildi. Bu kollektor artıq Novxanı, Corat, Sumqayıt bağları istiqamətindən Xəzər dənizinə axıdılan bütün tullantı sularının qarşısını almağa imkan verdi. Sonra Masazırda yeni bir xətt tikilib. Bu xətt həmin kollektora birləşir. Bu da Masazır Duz gölü ətrafındakı ərazilərdə kanalizasiya sularının toplanılmasına hesablanıb.

Bu gün Pirşağıda müasir tullantı sutəmizləyici qurğu tikirik. Koreya hökümətinin krediti hesabına. Yeni qurğu bu ilin sonu, gələn ilin əvvəlinə kimi tam hazır olacaq. Bunlarla paralel, kifayət qədər kanalizasiya xəttləri çəkilir. Amma etiraf etməliyik ki, yeni yaşayış massivləri, kənd və qəsəbələrin böyük bir hissəsində bu problem qalmaqdadır. Amma bizim “Master plan”ımız var. “Azərsu” ASC-nin 2032-ci ilə perspektivli inkişafı ilə bağlı Bakı şəhəri və onun qəsəbələrinin sosial inkişafı nəzərə alınaraq “Master plan” hazırlanıb. Həmin “Master plan”da kanalizasiya layihələri yer tutur. Bu layihə göstərir ki, konkret Bakı şəhərində 6000 km-dən çox kanalizasiya kollektorları və xəttləri çəkilməlidir. Ələtdən Sumqayıta qədər bütün Abşeron yarımadasında 11 ədəd tullantı sutəmizləyici qurğunun tikintisi və yenidənqurulması da bu “Master plan”da öz əksini tapıb. Layihələrdən biri də Lökbatan qəsəbəsi yaxınlığında olacaq. Artıq orada ilkin işlərə başlanılıb. Bununla yanaşı 15 km-ə yaxın Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya kollektorunu tikib istismara vermişik.

Suda əvvəl mənbəy təyin olunur. Sonra yerlərə su paylanılır. Amma kanalizasiyada əvvəl mənsəb təyin olunur. Yəni, çirkab suyun hara axıdılacağı. Fundamental işlərlə yanaşı şəbəkə işləri də görüləcək. Artıq bəzi qəsəbələrdə - Kürdəxanı, Novxanı, Binə qəsəbələrinin bir hissəsində, Qala qoruğunda bu məsələ icra olunub. Bu istiqamətdə 6000 km-dən artıq layihəmiz var. Dövlət büdcəsindən “Azərsu” ASC-yə vəsait ayrıldıqdan sonra işlər yerinə yetiriləcək”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...