Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Cəsədin başında yarım saat ağladım” - Şəhid qızını vuran iş adamının 17 yaşlı oğlu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib.    Mynews.az-az-n Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə baxış iclası keçirilib.    Mərhum Könül Əkbərovanın anası Bəsdi Qədimova zərərçəkmişin hüquqi varisi kimi tanınıb.    K.Əkbərovanın bir oğlu əsgərlikdədir, 11 yaşlı ikinci övladı xəstədir, üçüncü uşağının isə 6 yaşı var.   B. Qədimova deyib ki, qəzanı törədən R. Rəhimovun həyatının qaralmasını istəmir: "Uşağı 17 yaşı var, ona görə bir söz demirəm".    Bu işdə 1964-cü il təvəllüdlü, Ermənistanda anadan olan Palizə Məmmədsadıqova da zərərçəkmiş kimi tanınıb.   R.Rəhimovun qəza zamanı idarə etdiyi "Jeep"  bibisi P.Məmmədsadıqovanın adına olub və avtomobil əzildiyi üçün bibisinə 720 manatlıq maddi zərər dəyib.    Dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. R.Rəhimov  özünü təqsirli bilmədiyini deyib.    R.Rəhimov ifadə verərək deyib ki, sürücülərindən maşını alaraq "Enerji" kluba dostu Nicatın ad gününə gedib: "Hava yağışlı idi, yolu görmək olmurdu. Mən buna görə 50-60 sürətlə gedirdim. Bayılda olanda maşına nəsə dəydi, onun insan olduğunu bilmədim. Yerə düşəndə cəsədə yaxınlaşıb onu qucağıma alıb boğazında nəbzini yoxladım, telefonun işığını yandırıb üzünə tutdum, artıq keçinmişdi. Əgər sağ olsaydı, mən onu xəstəxanaya aparardım. Dostumun telefonu ilə təcili yardım çağırdıq. Mən cəsədin yanında oturub yarım saat ağladım. Əlimdən bir şey gəlmirdi, nə edə bilərdim ki?   Polislər soruşdu, dedim mən etmişəm, sənədlər də birazdan gələcək, amma sürücülük vəsiqəmin olmadığını demədim. İstəməzdim onu öldürüm, mən ona yardım etdim, meyitin yanında durdum. Təcili yardım gəlib öldüyünü təsdiqlədi, sonra da xərəyə qoyub apardılar. Hadisədən sonra ən azı 1 saat orada qalmışam. Mənim sürücülük vəsiqəm yox idi. Dostlarım hamısı ad gününə maşınla gedirdi, mən də maşınla getmək istədim. Sürücüyə dedim, atamın xəbəri olmadan maşını götürdüm. Əvvəllər də dəniz kənarında maşın sürmüşdüm, öyrənmişdim. Peşmanam".   B.Qədimova təqsirləndirilən R.Rəhimova sual verərək "Qızım ölmədən öncə bir söz dedimi? Mənə bircə bunu de" deyib.    Məhkəmədə R.Rəhimovun istintaqa verdiyi ilkin ifadəsi elan edilib. Məlum olub ki, o ifadəsində qəzanı Əmrulla Şahbazovun törətdiyini, özü isə həmin zaman "Enerji" klubda olduğunu deyib. Həmin ifadəni atasının iştirakı ilə verib. Sonradan isə ifadəsini dəyişərək cinayəti boynuna alıb.   Prokurorun  "Niyə əvvəlcə qəzanı sürücünün törətdiyini demisiz" sualına R. Rəhimov cavab vermək istəmədiyini bildirib.   K.Əkbərovanın anası Bəsdi Qədimova deyib ki, ona zəng edib qızını maşınla vurduğunu deyiblər: "Mən xaricdə idim, orada işləyib xəstə adamlara qulluq edirdim. Bura gələndə qızımın meyiti morqda idi. Oğlum da vəfat edib, nəvələrimə mən baxırdım. Mənim qızım ölüb, geri gəlməyəcək. Bu uşaq da nəvəm yaşımdadı, ona baxanda nəvəm yadıma düşür. Bu oğlanın ailəsi qızımın yasında 3 və 40 mərasiminin keçirilməsinə maddi yardım etdilər. Qanun nə tələb edir, onu məhkəmənin səlahiyyətinə buraxıram. Şikayətim yoxdur".    Zərərçəkən Palizə Məmmədsadıqova deyib ki, maşına dəyən ziyana görə heç bir tələbi yoxdur: "Mən heç o maşını görməmişəm".    Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib.    İttihama görə, R. Rəhimov "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. R. Rəhimov isə hadisə yerindən qaçıb.   R. Rəhimov Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilir.    O, noyabrın 29-da saxlanılaraq ifadəsi alınıb və sərbəst buraxılıb, Dekabrın 4-də isə şübhəli şəxs qismində tutularaq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.   Qəza zamanı vəfat edən, 3 uşaq anası olan K.Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Onu vuran 17 yaşlı gənc isə iş adamı, "Xırdalan Xəz"  Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Akif Rəhimovun oğlu Rəhim Rəhimovdur. A.Rəhimov isə "Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...