Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda endirimli “Qızlıq pərdəsi” əməliyyatları

Elon Maskın Marsa raket göndərdiyi bir dönəmdə Azərbaycanda hələ də öz aktuallığını qoruyan bir sıra məsələlər var. Hansı ki, onların mövcudluğu insanların həyatında başlıca problemə çevrilib.

Bunlardan biri də cəmiyyətdə mədəni mənalar yüklənmiş, əslində, bioloji baxımdan son dərəcə sadə bir orqan olan qızlıq pərdəsidir. 

Mentalitetə görə, qızların bəkarəti yalnız halal əri tərəfindən cinsi əlaqə zamanı pozula bilər. Nikahdankənar münasibətlərdə qadının bəkarəti pozularsa, onun üzvü olduğu ailə və nəsil üçün böyük utanc və faciə hesab olunar. Hətta bu hal cinayətə belə səbəb olacaq qədər mühümdür.

Azərbaycanda bu problemləri aradan qaldırmaq üçün əvvəllər gizli şəkildə həkimlərə müraciət olunurdusa, artıq himenoplastika əməliyyatı açıq-aşkar həyata keçirilir.

Belə ki, bu günlərdə cərrah, mama-ginekoloq Ramilə Abbaszadə bu və digər əməliyyatları keçirmək üçün doctorramila.az adlı saytını yaradıb. 

Saytda himenoplastikanın qiyməti, əməliyyatdan əvvəl və sonrakı bütün prosedurlar barədə məlumatlara yer ayrılıb.

Qeyd edilir ki, əməliyyatlar uzunmüddətli və ya üçgünlük olur. Həmçinin, saytda hər iki əməliyyatdan sonra cinsi əlaqə zamanı qanın normadan artıq olması, əməliyyatın xüsusi texnika ilə aparılması və əməliyyat zamanı müasir sovrulan incə saplardan istifadə edilməsi barədə məlumatlar var.

Bildirilir ki, əməliyyatın izləri hətta peşəkarlar üçün də görünməz şəkildə olur və əməliyyata 100 faiz zəmanət verilir.

Sayt vasitəsilə qeydiyyatdan keçib, endirim də əldə etmək olur. Belə ki, normal halda qiyməti 1000 manat olan əməliyyat, saytdan qeydiyyatdan keçənlərə 150 manat endirimlə təklif olunur.

Məsələni daha dərindən öyrənmək üçün saytda yer alan nömrələrlə əlaqə saxladıq. Özünü Oxu.Az-a Ramilə Abbaszadənin köməkçisi kimi təqdim edən Elnarə adlı şəxs qeyd olunan məlumatları təsdiqlədi:

“Əməliyyatlarımızın hamısının zəmanəti var. Ömürlük ediriksə, ömürlük zəmanət, üç günlükdürsə, üç gün zəmanət veririk. Əgər toyunuz ay yarım sonradırsa, ömürlük bakirəlik əməliyyatı etdirməlisiniz, yox, əgər on gün sonradırsa, üçgünlük əməliyyat etdirmək lazımdır. Üçgünlük zəmanət müddəti olan əməliyyatın qiyməti 500 manat, ömürlük olanın qiyməti isə 1000 manatdır”.

Qeyd edildi ki, əməliyyatlar iki xəstəxanada həyata keçirilir:

“Əməliyyatlarımız Əhmədlidə Diaqnostika Mərkəzində və Bakıxanovda “Stimul” Hospitalda reallaşır. Əməliyyata girməmişdən bir gün öncə qəbula yazılmaq lazımdır. Ayın 10-u toyundursa, doqquzu, ya da səkkizi əməliyyat edə bilərik”.

Məlumat üçün bildirək ki, sözügedən əməliyyatlar Türkiyədə 900 və 2700 manat arası dəyişir. Bu əməliyyat üçün Türkiyəyə gedən vətəndaşlarımızın sayı da az deyil. Onların bu addımı isə həkimlərin daha yaxşı və peşəkar olması ilə əlaqədardır.

Müasir cəmiyyətdə və son 70.000 illik insan təkamülündə insan zəkasının olduqca irəliləməsinə baxmayaraq, qızlıq pərdəsinin hələ də xüsusi məna kəsb etməsi cəhalətdən irəli gəlir. Lakin “qız” olmadığı halda aşkarca etirafdan, cəmiyyətin qınağına tuş gəlməkdən çəkinib sevgilisini və həyata yoldaşını aldadan, bir ömür boyu yalan üzərində özünə həyat quran qadın gələcəkdə də riyakar övladlar yetişdirər.

Ya bu “qız”lar onu hər halı ilə qəbul edən bir bəy tapmalı, ya da özlərini “qız” adı ilə sırımaqdan əl çəkməlidir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...