Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bəzi donorlardan orqanın götürülməsi üçün razılıq alınmasın - TƏKLİF

Qəza və ya təbii fəlakətlər zamanı həyatını itirmiş şəxslərin yanında qohumları olmadığı halda razılıq və vəsiyyət axtarılmadan ondan transplantasiya üçün orqan və ya toxumanın götürülməsinə icazə verilməlidir.

Mynews.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin iclasında Mərkəzi Neftçilər Xəstəxanasının cərrah-transplantoloqu Mircəlal Kazımi “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmələrdə deyib.

Mütəxəssis təklif edir ki, şəxs sağlığında orqan transplantasiyasına münasibətini bildirməyibsə, həyat yoldaşı, həddi buluğa çatmış uşaqlarından biri, valideynlərindən biri, bacı-qardaşının razılığı ilə onun toxuma və orqanı götürülə bilər: 

“Qəza və ya təbii fəlakətlər zamanı həyatını itirmiş şəxslərin yanında adı sadalanan şəxslər olmadığı halda, müvafiq beyin ölümünün baş verdiyi təsdiqlənərsə, transplantasiya üçün qohumların razılığı və vəsiyyət axtarılmadan transplantasiya aparıla bilər və buna icazə verilməlidir”. 

M.Kazıminin sözlərinə görə, transplantasiya əməliyyatını bu sahə üzrə ən azı 3 il təhsil alan həkimlər həyata keçirməlidir:

“Mütləqdir ki, həkim-cərrah bu sahə üzrə təhsil almış olsun. Transplantasiya edən həkimlərin harada və necə təhsil alması da vacibdir. Transplantasiya əməliyyatının Azərbaycan vətəndaşı olmayan şəxs tərəfindən icra edilməsi üçün onların buna icazə verən şəhadətnaməsinin olması vacibdir”.

Transplantoloq qeyd edib ki, canlı donordan onun ölümünə səbəb ola bilən orqanın transplantasiyası qadağan edilməlidir:

“Canlı donor xəstənin həyat yoldaşı olduğu halda, onların nikah müddəti ən azı bir il olmalıdır. Çünki bu, saxta evlilik də ola bilər”.

Təklif edilir ki, canlı donor qohum olmayan donor olduğu halda etik məsələlərin araşdırılması üçün ictimai əsaslarla Etika Komissiyası yaradılmalıdır. Komissiya üzvü tibb və qeyri-tibb sahəsi üzrə çalışan insanlar ola bilərlər:

“Onlar sübut etməlidirlər ki, şəxs təzyiq altında donor olaraq orqanını vermir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...