Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yazıçılar Birliyində qalmaqallar səngimir

Ramiq Muxtar: Ya məni böhtançı kimi həbs etsinlər, ya da mənə çatacaq qanuni evimi versinlər.

"Ulu Tanrı Yer üzünün əşrəfi hesab olunan Adəm övladına söz, sənət, fikir və düşüncə kimi ali nemətlər bəxş edib. Bu ali nemətlərə şükür edənlər bəxş edilənlərdən düzgün və ağılla istifadə

etməklə, bəzən ən yüksək mərtəbəyə yüksəlirlər. Hətta söz və yüksək nitq qabiliyyətilə cəmiyyətlərə, insan kütlələrinə təsir etməklə qarşılarına qoyulan məqsədlərinə çatanlar olur.

Bu baxımdandır ki, Məmməd Səid Ordubadi çox gözəl deyib: Cəbhədə qılınc, məclisdə gözəl nitq qabiliyyəti olanlar qəhrəmandır. Həqiqətən də, bugünkü qloballaşan dünyamızda yüksək nitq qabiliyyətinə malik olan insanlar hər zaman uğur əldə edirlər. Amma təəssüflər olsun ki, bəzən aşıb-daşan enerjilərini, burulğan tək kükrəyən söz sənətlərini fərqli məcraya yönəldənlər də olur. 

Yəni insanların maariflənməsinə, dövlətlərin inkişafına deyil, hansısa təxribatların, pozuculuq aktlarının, ən biabırçısı isə insanları bir-birinə qarşı qoymağa sərf edirlər. Elə söz-sənət məbədgahı hesab olunan Azərbaycan Yazıçılar Birliyində şair və yazıçıların bir-birinə qarşı etik qaydaları pozan ittihamlar, tənqid və təhqirlər səsləndirmələri, fikirlərimizdə haqlı olduğumuzu sübut edir. Protaqor deyirdi ki, heç zaman fikirləşmədən danışma. Amma nə yazıqlar olsun ki, Yazıçılar Birliyində söz-sənət sahibləri fikirləşmədən qalmaqallara və söz-söhbətə səbəb olan açıqlamalar verirlər.Yazıçılar Birliyinin sədri və ya katiblərinin söz-söhbətə münasibət bildirməmələri bir növ yanan ocağa benzin tökmək effekti yaradır. Nəticədə, qalmaqallar daha da artır və həlli mümkün olmayan problemlərin yaramasına gətirib çıxarır.

Bu fikirləri Mynews.az-a Yazıçılar Birliyinin üzvü Ramiq Muxtar deyib.

Bu problemlər Yazıçılar Birliyinin VIII qurultayından sonra daha geniş xarakter almağa başlayıb desək, səhv etmərik. Çünki gənc yazarlar Anar Rzayevin Yazıçılar Birliyinə yenidən sədr seçilməsinə etiraz edərək, narazılıqlarını müxtəlif qəzet və saytlara verdikləri açıqlamalarla nümayiş etdirdilər. Faktlar və sübutlar əsasında Yazıçılar Birliyinin rəhbərliyinə qarşı ünvanlanan ittihamlar cəmiyyətdə birmənalı qarşılanmadı. Xüsusilə də, Yazıçılar Birliyinin binasının müəyyən hissəsinin XX əsrin əvvəllərində daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımının şərəfinə 26-lar adlandırılması ciddi söz-söhbətə səbəb oldu. Məlum oldu ki, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev aylıq 8 min manat icarə haqqı qarşılığında sahibkar Ramil Məmmədli ilə müqavilə imzalayıb. O da bəlli olub ki, aylıq 8 min manat icarə müqaviləsindən 1 manat da olsun Yazıçılar Birliyinin hesabına keçirilməyib. Təbii ki, bu məsələdə şübhəli məqamlar üzə çıxır. Deməli, alınan icarə haqqı, digər məsələlərdə olduğu kimi, ciblərə keçib. Şəxsən Bakı şəhər İcra Hakimiyyətinin başçısı məsələyə müdaxilə etdikdən sonra, kafe fəaliyyətini dayandırdı. Hesab etmək olardı ki, milli heysiyyata toxunan bu məsələyə görə, Yazıçılar Birliyinin rəhbərliyi Azərbaycan xalqından üzr istəyəcək, amma əksinə oldu. Ç.Abdullayev və Fikrət Qoca özlərinə haqq qazandıran mövqe ortaya qoydular. Yazıçılar Birliyində çoxluğu narazı salan məqamlardan biri də şair və yazıçılara ayrılan prezident təqaüdlərinin bölgüsündə ayrı-seçkiliyə yol verilməsidir. Yaşlı nəsil iddia edir ki, Prezident təqaüdlərinin verilməsi zamanı AYB-nin katibi F.Qoca özünə yaxın şəxslərə daha çox üstünlük verir.

Mənzil bölgüsü ciddi narazılıqlar yaradıb Yazıçılar Birliyindən daha bir narazılıq mənzil bölgüsü zamanı üzə çıxıb. Bu barədə redaksiyamıza gələrək, şikayət edən şair-dramaturq Ramiq Muxtar 38 ildir ki, Yazıçılar Birliyinin üzvü olduğunu, ancaq bu müddət ərzində Yazıçılar Birliyindən özünə qarşı diqqət görmədiyini bildirib:

"1997-ci ildə Yazıçılar Birliyinin sədri Anar Rzayevin təsdiq məktubu əsasında Səbail rayon İcra Hakimiyyətində mənzil növbəsinə yazıldım. Sonradan məlum oldu ki, ümumilikdə, mənzil növbəsinə Yazıçılar Birliyindən 20 nəfər dayanıb. Yazıçılar Birliyi ilə Abidə Mənzil İnşaat şirkəti arasında bağlanan müqaviləyə əsasən, ayrılan torpaq sahəsində tikilən binadan AYB-yə 9 mənzil verilməsi nəzərdə tuturdu. Hər mənzil 105 kv.m. olmaqla, cəmi 20 nəfərə verilməli idi. Onlardan da 11-i rəhmətə getmiş və ya ev almışdı. Cəmi 9 nəfər qalmışdı. Ancaq bina tikilib başa çatdıqdan sonra, komissiyanın keçirilən iclasında məlum oldu ki, mənzil növbəsində 36 nəfər var".

R.Muxtarın sözlərinə görə, hər zaman Yazıçılar Birliyində mənzil və avtomobil növbəsi ilə bağlı komissiyanın sədri AYB-nin dörd katibindən biri olur:

Bu dəfə ənənə pozuldu. Heç bir yazısı-pozusu olmayan və cəmiyyətdə işbaz kimi tanınan Rauf Aslanlı adlı birisi mənzil bölgüsü ilə bağlı yaradılan komissiyanın sədri oldu. Haqsızlıq və ədalətsizlik də bundan sonra yarandı. F.Qocanın qardaşı Hamlet Qocayevə, eləcə də, Anarın qohumu Tovuz Teymurovaya, Yazıçılar Birliyinin kadrlar şöbəsinin müdiri Arifə Əliyevaya, maliyyə şöbəsinin müdiri Gülşən Bağırovaya və digərlərinə mənzillərin satılması ilə hər birinə 25 min manat verilməsi barədə qərar verildi. Şair-dramaturq bildirir ki, o, hər zaman haqsızlığa və ədalətsizliyə qarşı olub. Bu dəfə də mənzil bölgüsündə korporati maraqlara üstünlük verilməsinə etiraz edərək, mənzil satışından ona da 25 min manat verilməsindən imtina edib. R.Muxtar qeyd edir ki, 6 nəfər ailə üzvü ilə cəmi 29 kv.m. mənzildə yaşayır:

"Mənim mənzilə çox böyük ehtiyacım var. Haqqımı kiməsə güzəştə getmək fikrində deyiləm. Ya məni böhtançı kimi həbs etsinlər, ya da mənə çatacaq qanuni evimi versinlər".

Məhkəmə yolu ilə haqqını müdafiə etmək üçün sona qədər mübarizə aparacağını deyən şair-dramaturq Yazıçılar Birliyində hökm sürən haqsızlıq və qanunsuzluqlarla bağlı kifayət qədər məlumatlara malik olduğunu və vaxtı çatdıqca, həmin məlumatları ictimaiyyət üçün açıqlayacağını bildirir: Bir məlumatı deyim ki, opera janrında liberettonun müəllifi mütləq şair olur. Necə olur ki, Koroğlu operasının liberettosunu M.S.Ordubadi yazır, Sevil operasının liberettosunun şeirlərini şair Tələt Əyyubov qələmə alır, amma Natəvan operasının liberettosunu Anar Rzayevin müavini Nazim İbrahimov yazır? Hansı ki, N.İbrahimov bu günə qədər bir sətir belə şeir yazmayıb. Bu diqqət Anarın N.İbrahimova olan dostluq münasibətindən qaynaqlanır. Bir sözlə, AYB-də qalmaqallı proseslər yaşanır. Vəziyyətin düzələcəyinə də ümid yoxdur. Çünki problemləri yaradanlar həmin problemlərin həllinə maraq göstərmirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...