Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pilotla sonuncu dəfə iranlı Rezai danışıb - İranda baş verən dəhşətli təyyarə qəzasının təfərrüatları

İranda qəzaya uğrayan və 11 qadının öldüyü təyyarənin sahibi olan “MC Hava yolu” şirkətinin baş direktoru Basri Demiroğlu qəza zamanı təyyarənin ekipaj üzvünün İranın hava nəqliyyatına nəzarətçisi ilə arasında baş tutan sonuncu danışıqdan bəhs edib.

“Ölkə.Az” xəbər verir ki, Deliroğlunun sözlərinə əsasən, pilot sonuncu dəfə Rezai adlı iranlı ilə əlaqə saxlayıb:

“Pilotumuz 36 mindən 38 min futa qalxmaq istəyib. Yanacaq azaldığı üçün pilot belə bir addım atmaq istəyib. 37 min 900 fut yüksəklikdə isə həyəcanlı bir səs tonu ilə 34 min futa qədər enmək istədiyini bildirib. Rezai isə təyyarəni aşağı salmağa icazə verib. Təyyarə əvvəlcə 34 min, sonra isə 32 min futa qədər aşağı enib. Bundan sonra isə, düz xətt üzrə aşağı düşməyə başlayıb”.

Demiroğlu hazırda dəfn işlərinin davam etdiyini və qəza baş verən gündən İranda olduğunu bildirib:

“Sərnişin aviasiyası idarəsi qəzanın səbəblərini araşdırmaq üçün üç nəfərlik heyət göndərib. Hazırda işlər davam edir. Təyyarənin qara qutusu tapılıb. CVR və FDR işlək vəziyyətdədir. Onlar oxunduqdan sonra qəzanın səbəbi məlum olacaq”.

Şirkət direktoru əlavə edib ki, pilotlar heç bir texniki problem barədə iranlı Rezaiyı məlumat verməyiblər. Təcili eniş tələb etməyiblər:
“Qəzanın səbəbini bilmirik. Amma təzyiqlə bağlı bir problem olduğunu düşünürük. İndi nəsə demək mümkün deyil”.
Bölgədəki hadisə şahidləri də təyyarənin mühərrikinin alovlandığı barədə xəbəri təsdiqləməyiblər. Kənd sakinləri təyyarənin fırlana-fırlana yerə düşdüyünü bildiriblər.

“Mühərriklər yansa, iki mühərrik işləməsə də, təyyarə o səbəbdən yerə çırpıla bilməz. 4-5 dəqiqəlik məsafədə Şehr-i Kürdi hava limanı var. Oraya eniş tələb edərdilər. Mühərrikdə bir problemin olub-olmadığını bilmirik. Təyyarənin qarşısından böyük bir laynerin keçib-keçmədiyini də bilmirik”, - deyə Demiroğlu qeyd edib.

Təyyarənin ikinci pilotu Melike Kuvvetin böyük bacısı deyib:

“Melike bir həftə əvvəl Konyaya gəlmişdi. Mənə dedi ki, bu təyyarə əvvəllər 3 dəfə havada xarab olub. Təyyarələrə texniki qulluq edilmir. Heç kəs maraqlanmır. Melike sonuncu dəfə gələndə bu təyyarə ilə uçmaq istəmədiyini bildirmişdi”.

İddialara isə Demiroğlu cavab verib. O, təyyarənin Maltada texniki baxışdan keçdiyini, təmir edildiyini bildirib. Sonuncu dəfə təyyarə 1 il əvvəl texniki baxışdan keçib.

“Antalyada iki ay əvvəl mühərrikdə problem olmuşdu. Onun hissələri dəyişdirildi. Bundan sonra təyyarə 14-15 dəfə uçuşa çıxıb”,- deyə
 Demiroğlu əlavə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...