Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Modelləri arzulamıram" - Bizə Norveçdən baxan azərbaycanlı fotoqraf - FOTOLAR

“Yaxşı foto həmişə nəyi ehtiva etdiyini insanlara ötürə billir”.

Fotoqraf kimi hər cür bədəl ödəməyə hazır olan, çox vaxt qarşısına çıxan fürsətlərdən imtna edən, amma gördüyü işi ən incə detalına qədər hesablaya bilən fotoqraf...

Uzun müddətdir Norveçdə yaşayıb, orada işləyən fotoqraf Fariz Nadir Rzayev dünyanın bir çox ölkəsində müxtəlif layihələri ilə işinin professionalı olub. Heç bir fotoqrafı yazaraq anlatmaq mümkün olmasa da, çəkdiyi hər fotoda müxtəlif hekayələr gizlənən Farizin Brifinq.com-a verdiyi müsahibəni təqdim edirik:

- Azərbaycanlı gəncin Norveç macərası necə başlayıb?

Azərbaycanlı gəncin macərası çox maraqlı və gözlənilmədən başlayıb. Uşaq vaxtı arzu edirdim ki, Norveçi görüm. Bir şeyi çox istəyəndə həyata keçirmiş. Bura gələndə məktəb illərimin sonu idi. Məcbur burada bitirməli idim. Azərbaycanda IX sinfə kimi oxuya bilmişəm, son iki sinfə Norveçdə davam etmişəm. Sonra Norveçdə ali təhsil almağım üçün şanslar yarandı, təbii ki, mən də bunu əldən buraxmadım. Bu gün isə özümü ali təhsil almış gənc fotoqraf adlandıra bilərəm.

- İndiyə kimi işinlə bağlı Azərbaycandan sənə kimlər dəstək göstərib?

- Düzü, indiyə kimi Azərbaycanda heç kimdən maddi dəstək almamışam. Amma mənəvi dəstək heç vaxt əskik olmayıb. Kömək edən insanlar çox olub. Onu bilirəm ki, bu gün də bir çox istedadlı gəncimizə ölkəmizdə yol açırlar, əllərindən tuturlar. Hər iki mənada. Həm maddi, həm mənəvi.

- Sırf fotolarından ibarət sərgin olubmu? Bildiyim qədərilə rəsm əsərləri də çəkirsən. Bu cür sərgi keçirmək istəyərdin?

Olub. Amma nece deyərlər, sərgi olub deyə işimi saxlamamışam. Durmadan yeni işlər görürəm, kütlə qarşısına yeni fotolarla çıxıram. Rəsm sərgim də olub. Həta ilk sərgim məhz rəsmlərimdən ibarət olub. 2009-cu ildə Norveç Partlamentinde “Bakıdan Osloya” adlı qrafika üslubunda çəkdiyim rəsmlərdən ibarət sərgim baş tutmuşdu.

- Ölkəmizdən Norveçə ismarış göndərib səni şəxsən dəvət ediblər?

- Olub. Əsasən, layihələrimlə bağlı. Amma bu istək ikitərəfli olub. Yəni danışıqlardan sonra qərara gəlmişik ki, çox maraqlı proyekt hazırlayacağıq. Bu proyektlərdən biri bizim istedadlı modelyer və dizaynerimiz Gülnarə xanım Xəlilova ilə baş tutub. Gülnarə xanımla birgə çalışmaqdan zövq almışam.

- Dünyaca məşhur hansı modellərlə işləmək istəyərdin?

- Düzü, belə arzum olmayıb. Amma sevdiyim aktyorlar və aktrisalar var ki, onlarla işləmək istəyərdim. Məsələn, Keira Knightley. Ən sevdiyim aktrisalardan biridir. Onun təbəssümünü obyektivimdən canlandırmaq istəyərdim.



- Norveçdə çəkilişlər zamanı azərbaycanlı olduğunu bilənlər tanıyırlar ölkəmizi? Onlara vətənimizi necə, hansı xüsusiyyətləri ilə tanıdırsan?

- Tanıyanlar çoxdur. Təbii ki, tanımayanlar da mütləq ki, var. Onda da əlimdən gələni edirəm ki, ölkəmiz haqqında daha çox bilgi sahibi olsunlar. Buradakı insanları Bakıdakı proyektlərimlə tanış etmişəm. Azərbaycanımızın nə qədər gözəl olduğundan danışmışam. Şərqin ən gözəl musiqi beşiyinin bizdə olmasından tutmuş incəsənətimizin ən incə detallarına kimi. Çünki Azərbaycan mədəniyyəti möhtəşəmdir və tarixə köklənib. Sözsüz ki, ölkəmizi idman arenalarında da təmsil edən idmançılarımız da yaddan çıxmır. İdman sahəsində xüsusilə son illər çox irəliləmişik. Bununla fəxr etməyə dəyər. Hələ milli mətbəximizdən danışmıram...

- Azərbaycanla bağlı, yəni ölkəmizi daha geniş arenada tanıtmaq istəsən, nə cür layihəyə başlayarsan?

- Əslində belə bir proyekt düşünmüşəm. Tez bir zamanda gerçəkləşdirəcəm. Amma hələ ki, nə olduğunu demək istəmirəm. Bu mənim kiçik sirrim olaraq, qalsın.

- Sənin üçün hansı üslubda fotolar çəkmək daha önəmli və eyni zamanda əyləncəlidir?

- Müxtəlif ölkələr haqqında portretlər hazırlamaq. Lakin çəkdiyim hər protretin tarixi hadisə ilə yadda qalması önəmlidir. Sıradan fotolar çəkməyi sevmirəm. Mənim üçün hər bir şəkildə maraqlı tarix yatmalıdır.

- Hansı fotosessiyan dillər əzbəri olub?

- Fotosessiya yox, amma elə fotolarım var ki, doğrudan da, böyük rəğbət qazanıb. Bir çox media orqanlarında və ya izləyicilərimin sosial media hesablarında görmüşəm. Bu da təbii ki, məni çox sevindirib. Çünki fotolarım məndən sonra da yaşayacaq.

- Azərbaycanda kifayət qədər peşəkar, eyni zamanda həvəskar fotoqraf var. Onlardan özünə rəqib bildiyin varmı?

- Azərbaycanda da, ölkədən kənarda da sözsüz ki, peşəkar, işinin öhdəsindən layiqincə gələn fotoqaflar var. Amma heç bir halda onlara rəqib demərəm. Çünki hər kəsin üslubu fərqlidir, hər kəs öz imzası ilə adını yaddaşlara qazıya bilib. Bir çoxu ilə də gözəl münasibətlərimiz var.

- Azərbaycanda foto sənəti daha çox toylar, nişanlar və ya “love story”lər üzərində qurulub. Fotosərgilər çox az keçirilir. Fotoqraflıq sırf pul qazanmaq üçün düşünülüb sanki. Səncə, səbəbi nədir?

- Bunun bir çox səbəbi var. İlk növbədə, finans çətinliyi rol oynayır. Mən özüm toylardan və ya bu tipli çəkilişlərdən hər zaman qaçmışam. Amma bilmək olmaz sabah nə olacaq. Mənim üçün foto yaddaşdır. Daha çox proyektlərə üstünlük verirəm. Və onlar da sərgilərdə yer alır. Amma yenə də toy, nişan çəkmək uğursuzluq demək deyil. Bu da fotoqrafiyanın qoludur. Bayaq dediyim kimi hər kəsin özünəməxsus üslubu və seçimi var.

- Dünyada həmişə insanlara daha çox təsir edən, maraqlandıran müharibə fotoları olub. Heç müharibə fotoları çəkmək fikrin olub?

- Olub. Hələ də var. Təbii ki, müharibələrin baş verməsi heç də yaxşı deyil. Amma artıq varsa və bunu dünyaya çatdırmaq lazımdırsa, hər kəs öz peşəsi ilə bunu layiqincə yerinə yetirməlidir.

- Səncə, yaxşı foto sənət üçünmü çəkilməlidir, xalq üçünmü?

- Yaxşı foto sənət üçün çəkilirsə, deməli bunları hansısa kütlə bəyənəcək. İlk növbədə, sən gördüyün işin peşəkarı olmalı və bunu xalqa çatdırmağı bacarmalısan.

- Norveç insanı ilə Azərbaycan insanının üzündə hansi fərqlər var?

- Çox gözəl sualdır. Norveçlilərlə də çəkiliş etmişəm, azərbaycanlılarla da. Onların üzündə daha çox soyuqluq, amma həm də pozitiv enerji var. Ümumiyyətlə, çox dəqiq millətdirlər. Və bunlar da insanın cizgilərinə həkk olunur. Onlardan pozitiv enerji almaq çox asandır. Azərbaycanlılar isə mənim üçün tamam fərqlidirlər. İstiqanlıdırlar. Həmişə pozitiv olmasaq da, o istiliyi hiss etmək mümkündür. Ümumi baxanda isə hər iki millət tamamilə fərqlidirlər. Ən azından arada 4500 km yol var.

- Fariz Nadir Rzayevin növbəti hədəfləri nələrdir?

- Növbəti hədəflərim hədsiz çoxdur. Əsas odur ki, sevdiyim işlə məşğulam. Bu isə uğur qazanmağımda əsas şərtdir. İnsanın işi uğurlu olduqca həvəsi də artır və uyğun formada hədəflər də çoxalır və böyüyür. Dünya arenasında Fariz deyəndə məni Norveçdə yaşayıb, burda işimi görürəm deyə yox, məhz azərbaycanlı kimi tanımalarını istəyirəm.

Nərgiz Nənə

1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...