Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bir gəncin faciəsi - Mehman Hüseynovu kim və niyə alət etdi? - FOTOLAR

1944-cü ilin iyulun 31-də Antuan de Sent-Ekzüperinin təyyarəsi Korsika adasındakı Borqo aerodromundan səmaya qalxdı və bir daha geri dönmədi.

Dahi yazıçı bəlkə də dəlisov, çılğın arvadı Konsuelonun lənətinə gəldi, kim bilir.

Özünü "Böyük dünyanın balaca Antuanı" adlandıran yazıçını Fransa ədəbiyyatının "Həqiqət"i sayırlar. Fransuaza Saqan kimi. Və onun yoxa çıxmasından sonra fransız nəsrində, sanki, gerçək, saf, təmiz söz də qeybə çəkildi.

Eynən balaca şahzadəni özünə, özünü da Şahzadəyə öyrəşdirməyə çalışan Tülkünün müdrik, qəmli səbri təki.

Fransa indi Avropa Birliyinin digər ölkələri kimi özündə itirdiyi həqiqətləri başqa ölkələrdə axtarır. O axtarışlarsa həmişə və hər yerdə olduğu kimi, Qərb insanı üçün əhəmiyyətli qələmə verilən anlayışlar bağlamasındadır. "Demokratiya", "insan haqları", "vətəndaş cəmiyyəti", "söz azadlığı"...

Almaniya, Britaniya, ABŞ və qeyri ölkələrdə də eyni vəziyyətdir, çünki dövlətlər və cəmiyyətlər fərqli olsa da, səbəblərlə diaqnoz eynidir. Özlərini inkişaf etmiş, yerdə qalan hər kəsi inkişaf etməkdə olan insanlar, yəni untermenşlər sayanlar müstəmləkəçi təfəkkürünün müstəmləkə insanına olan münasibətindən qaynaqlanan bəladan qurtula bilmirlər.

Fransanın Afrika ölkələrinə, ABŞ-ın Havay adalarına, Britaniyanın Hindistana və ya Myanmaya, Almaniyanın ərəb ölkələrinə münasibəti belədir - demokratiyadan istədikləri qədər danışsalar da.

Azərbaycan isə müstəmləkə ölkəsi deyil və olmayıb da: Sovetlər Birliyi dönəmində bolşevik və kommunist imperiyasının tərkibində 72 il qalsa belə.

Qərbin məlum, adlarını artıq siyasətdən çox uzaq insanların da bildiyi təşkilatları Azərbaycanı sürəkli hədəfdə saxlayırlar, nişangahdan çəkməməyə çalışırlar.

Səbəb sadədir: Bakı onların istədikləri kimi olmadı və olmaq niyyətində də deyil.

Azərbaycan əl ölkəsinə dönmədi, marionet hakimiyyətin idarə etməkdə iddialı olduğu bir para postsovet dövlətlərindən fərqli olaraq, tam müstəqil siyasət yürütdü və kursundan da geri çəkilmək niyyətində deyil.

Bu səbəbdən də ölkədə narkoman da, toyuq oğrusu da, gecələr zivədən yaş paltarı götürüb qaçan da həmin təşkilatların istəyi ilə "siyasi məhbus", "söz azadlığı mübarizi"nə çevrilə bilər. İslamla pərdələnən radikal ekstremist "tolerant siyasətçi", polisi güllələyən cinayətkar "vicdan məhbusu", vətəndaşları kütləvi itaətsizliyə və hakimiyyət çevrilişinə çağıran marginal həpənd də o təşkilatların sifarişi ilə "düşüncəsinə və mövqeyinə görə təqib olunan"a transformasiya edilə bilər.

Bloqer, fotoqraf, jurnalist - bu sözləri Mehman Hüseynov barədə deyənlər onu az qala qəlbini çıxarıb insanların yoluna işıq salan Danko kimi qələmə verməyə çalışırlar.

Çətindir, çünki Mehman Hüseynov həmin peşələrdən heç birinə mənsub deyil.

Daha doğrusu, o, həvəskar vloqer, fotoreportyor və sosial şəbəkələrin, xüsusilə də Facebook-un Azərbaycandakı ağırlaşdırılmış gənc fəsadı sayıla bilər.

Aldanmış kəvakib və ya müsibəti-Mehman

Mehman Hüseynov bəlkə də yaxşı jurnalist, fotoqraf, rejissor və ya rəssam ola bilərdi. O, istedadlıdır, bacarıqlıdır, ambisiyalıdır, gəncdir və bütün bunların sayəsində məşhurlaşa bilərdi.

Amma olmadı: onun yaşam yolunu əvvəlcə "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu" (RATİ) adlı fantasmaqorik strukturun, qrantların "əridilməsi" üzrə peşəkarlaşan qurumun rəhbəri Emin Hüseynov əyərək yanlış istiqamətə yönəltdi.

Emin kiçik qardaşını faktiki olaraq Praqa Qolemi kimi yenidən "yaratdı" və yeniyetməlik illərindən "siyasi mübarizə", "demokratik cəmiyyətdə insan haqlarının bərqərarı" və s. kimi marazmlarla şüur zəhərlənməsinə məruz qoydu.

Dostoyevskinin "İdiot"undakı personajlardan birinin təbirincə desək, "o açıq alınlı yeniyetmənin beynini elə böyük qardaşı zəhərlədi". Emin Hüseynovun anarxosindikalizm qoxusu verən, amma, əslində, maliyyə fırıldaqlarının qrant möhtəkirliklərinə uzlaşdığı fəaliyyətinin yalnız zahirini görən Mehman Hüseynov RATİ-dən alət kimi istifadə edənlərin, xüsusilə də Əli Kərimli və İsa Qəmbərin çıxışlarını absolyut həqiqət kimi qavramağa başladı. Saxta berdyayevçilik mərəzi idi bu.

Azərbaycan müxalifətinin dəllalları yüzlərlə gənc kimi, Mehmanı da efemer ideyalarla, pafoslu çıxışlarla, əslində, aşkar marazm və sərsəmlik olan çağırışlarla həmişə harasa çağırırdılar.

AXCP sədri Əli Kərimlinin bitmək bilməyən yalanları, Müsavatın o dönəmdəki başqanı İsa Qəmbərin primitiv vədləri, radikallaşma həddini çoxdan keçərək özü özünü məhv etməyə başlamış müxalifətin çılğınlığı - bütün bunlar Mehman Hüseynovu "həqiqət və ədalət axtarış"larına sövq etmişdi.

O anlamırdı ki, Frankenşteynin yaratdığı, başqalarının idarə etdiyi və yönəltdiyi insana çevrilir.

Gənc, emosional insana səhv istiqaməti göstərən "müdrik və təcrübəli" insanın sonradan hansı faciələrin səbəbkarına çevrilməsi hələ qədim Yunanıstandakı traciklər üçün mövzu olmuşdu.

Mehman Hüseynova da "hədəf"ləri göstərənlər vardı və onlar indi "bloqqer-fotoqraf"ın həbsindən hiddətlənir, "ədalət" tələb edirlər.

M.Hüseynov Facebook-da yaratdığı "Sancaq" səhifəsini radikal müxalifət liderlərinin təsiri altında olan, amma zahirən guya "müstəqil bloqerin fəaliyyətinin məhsulu"na çevirmişdi.

Heç bir müvafiq təhsili və təcrübəsi olmayan, əvvəl RATİ-də, sonra AXCP və Müsavatın tozlu kuluarlarında böyüyən bu gənc Əli Kərimli ilə İsa Qəmbər üçün, sadəcə, növbəti alət idi.

O, ən yaxşı halda yəhərçi Yusif rolunu oynamalı idi və aldanmış kəvakibin qurbanı formatından kənara çıxmamalı idi.

Ssenari çox primitiv, bəsit, amma Qərbin bəlli təşkilatlarının indiyədək bir sıra ölkələrdə sınaqdan keçirdiyi sxemdən ibarətdi.

Gənc, savadsız, amma özünü "kreativ və satılmaz" sayan gəncə dolayı yolla, birbaşa olmayaraq "kompromat"lar ötürülür, ona nəyi nə zaman etmək məsləhət bilinir, hədəf göstərilir. Sonra da həmin gənc sosial şəbəkədəki profilində "ifşaedici" materialla çıxış edir, kütlənin hissləri ilə oynamağa çalışır, sosial ədalətin müdafiəçisi olduğunu düşünür, əzənlərə qarşı əzilənlərin vəkili olduğunu sanır.

Eynən iplə idarə olunan marionetkalar sərbəst olduğunu düşünən kimi.

Halbuki, ipləri dartanlar, hərəkətləri tənzimləyənlər və bu kukla teatrına tamaşaçı kütləsini cəlb edərək seyirçilərin sayını mümkün qədər artırmağa çalışan ustalar kölgədə qalırdılar.

Onların məqsədi hakimiyyətə qarşı kütləvi narazılıqların yaranmasına nail olmaq, sonra da narazı kütləni qiyam və çevriliş üçün mütəhərrik, çox rahat idarə olunan KÜTLƏyə döndərməkdi.

Mehman Hüseynovun "Sancaq" adlı səhifəsinin məramı bu idi - "bloqer və fotoqraf" yaşananların mahiyyətini anlamasa da.

Azərbaycan müxalifətçilərinin illər əvvəl söylədikləri bir deyim var: "Əli Kərimli kimisə tərifləyirsə, deməli, o insan aldanıb".

AXCP sədri, siyasi fəaliyyətini az qala büsbütün sosial şəbəkələrə daşımış Əli Kərimli indi az qala hər gün Mehman Hüseynovdan yazır. Siyasət dəllalının belə çılğınlığı ikrah doğursa da, gözləniləndi: Əli Kərimli şansdan yararlanmaq, nə bloqer, nə də fotoqraf olmayan "bloqer-fotoqraf" Mehman Hüseynovu guya müdafiə edirmiş təki hakimiyyətə qarşı öz aləmində yeni hücuma keçib.

Bu binəvalığın tənəzzülü həm də ondadır ki, Əli Kərimli də cib aqressivliyində müstəqil deyil: o da sifariş yerinə yetirir.

Sifarişçilər isə Mehman Hüseynovun həbsini siyasiləşdirənlər, konkret əməlinə görə həbs olunmuş şəxsə "vicdan məhbusu" sayanlar və bu minvalla Bakıya təzyiq göstərəməyə çalışan beynəlxalq qurumlar, strukturlar və s.-dir.

Onlar bloqerin həbsinin yolverilməz olduğunu bəyan edir, bunu söz azadlığının pozulması sayırlar.

Halbuki, elə həmin təşkilatlar dünyanın müxtəlif ölkələrində bloqerlərin və jurnalistlərin Mehman Hüseynovdan fərqli olaraq, siyasi motivlərlə həbslərinə göz yumurlar. Onlar belə faktlarla bağlı danışmırlar, kar, kor və lal qalmağa üstünlük verirlər.

Dirilər üçün ölü sükutu

Hindistanın Qərbi Benqaliya ştatında gənc bloqer Tarak Bisvas yerli "Trinamol Konqresi" Partiyasının sədri, məmur Sənaullah Xanla bağlı sosial şəbəkələrdə tənqidi yazılar yazdığına görə həbs olunub. Hindistan CM-nin 4 maddəsi ilə suçlanan bloqeri 14 il həbs gözləyir.

Britaniyanın Kent qraflığında 19 yaşlı Semüel Censon Facebook-da paylaşdığı fotoya görə həbs olunub. "Big Brother Watch" təşkilatının rəhbəri Nik Pikls həbslə bağlı deyib: "O foto nə olursa-olsun, həbsə səbəb sayıla bilməz. Avropanın insan haqları təşkilatları susurlar, çünki rəsmi olaraq Britaniyada insan haqları pozulmur və hamı da susur".

Rusiyanın Soçi şəhərinin sakini, bloqer Aleksandr Valov 2016-cı ildə həbs olunub və hələ də azadlığa buraxılmayıb. Səbəb onun Soçi Olimpiadasına hazırlığı tənqid etməsidir.

Bəs Efiopiyanın ən qalmaqallı bloqerlərindən biri, Uolisodakı Ambo Universtteinin professoru Seyum Teşome necə, onun həbsindən sonra Qərbin "demokratik təsisastları" niyə susdular? Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki evində tutulan bloqerin ailə üzvləri müxtəlif beynəlxalq insan haqları təşkilatlarına saysız-hesabsız müraciətlər etsələr də, sükutdur.

Nigeriyadakı "Abia Facts Newspaper" qəzetinin reportyoru, bloqer Emenie İroeqbu ailəsinin gözü qarşısında Akva İbom ştatının mərkəzi şəhəri Uyoda həbs olunub. Jurnalisti və bloqeri amansızlıqla döyən polislər baş verənləri çəkən media mənsublarını da vurublar.

Amma Azərbaycanda az qala zərrəbinlə nöqsan arayan "Sərhədsiz Reportyorlar", "Beynəlxalq Amnistiya" və digər qurumlar susurlar.

E.İroeqbunun xanımı Ekaette İroeqbu bu barədə Facebook-dakı profilində yazıb: "Qərbin insan haqları, media sərbəstliyi və söz azadldığından danışan təşkilatlarının maskaları nə qədər çoxmuş, onlar nə qədər yalançı, ləyaqətsiz və oyunbazmış. Ərimlə bağlı, sanki, sövdələşmiş təki susurlar".

Malaziyanın Cohor Baru şəhərinin sakini, 64 yaşlı jurnalist və bloqer Sarsun Nəcmuddin "hakimiyyətə qarşı çığırışlar etmək və hakimiyyət nümayəndələrini əsassız tənqid etmək"də suçlanaraq həbs olunub. Bu barədə "Sərhədsiz Reportyorlar" susur, Avropa Birliyinin qurumları bir kəlmə də demirlər.

Vyetnamda 37 yaşlı bloqer Nquen Nqo Nhu Quyn həbs olunub. Cənubdakı Xanh Noa vilayətində tutulmuş bloqer "kommunist davranışını və mənəviyyatını pozmaq"da ittiham olunub.

Tanzaniyada 39 yaşlı bloqer Malesela Peter Lusinde Jamii əyalətində həbs olunub və onun niyə tutulduğu hələ də rəsmən açıqlanmayıb.

Və ən nəhayət, ABŞ. Prezident Donald Trampın əleyhinə etiraz mitinqində çəkilişlər aparmış jurnalistlər Evan Engel, Aleksandr Rubinşteyn, Cek Keller, Aron Kantu, Mett Hoppard və Şey Hors həbs olunmuşdular. Onlar "ictimai asayiş qaydalarını kobud şəkildə pozmaqda" suçlanıblar. Jurnalistlər həbsin ertəsi günü buraxılsalar da, hüquqlarının tapdandığını deyiblər və söz azadlığı uğrunda "fasiləsiz mübarizə aparan" qurumlara müraciət ediblər.

Müraciətlər cavabsız qalıb.

Almaniyanın xarici kəşfiyyat strukturu "Bundesnachrichtendendst"in (BND) 1999-cu ildən bəri ən azı 50 jurnalistin telefon danışıqlarına gizli qulaq asdığı, elektron poçt yazışmalarını qanunsuz oxuduğu bəlli olub.

Yunanıstanda " Ta Nea" və "To Vima" qəzetlərinin məhkəmə iddialarından sonrakı təzminatlar səbəbindən qapadılması nəticəsində 500 nəfər işsiz qalıb.

İtaliyada son iki ayda 19 bloqer döyülüb, 2 bloqer həbs olunub. "Gazzetta di Mantova" qəzetitinin baş redaktoru Paolo Boldrini, bu qəzetin redaktoru Qabriele de Stefani və reportyorlar İqor Kipollina ilə Rosella Kanade mafiya ilə bağlı araşdırmalarından sonra tutulublar.

İsveçdəki TV8 telekanalının reportyoru Valentina Ksaferi paytaxt Stokholmda vəhşicəsinə döyülüb.

Monteneqroda jurnalist Bozidar Martinoviç parlament seçkilərindəki saxtakarlıqlarla bağlı araşdırmalarına görə tutulub, odlu silah və narkotik maddələr saxlamaqda suçlanıb.

İspaniyadakı "El Correo de Andalucia" qəzetinin üç fotoqrafı polis özbaşınalığının fotolarını çəkdikləri üçün işdən qovulublar. Onlardan biri evinin qarşısında, axşam saatlarında döyülüb.

Fransada bloqer Jil Kepel "Bondy Blog" adlı bloqunda bələdiyyə seçkilərindəki rüşvətxorluq və korrupsiya ilə bağlı faktları açıqlayacağını vəd edəndən sonra döyülüb. O, polisə müraciət edəndən sonra isə mənzilində heroin "tapılıb".

Avropa ölkələrində ötən il 54 jurnalist döyülüb, 107 jurnalist və bloqer həbs olunub. 112 jurnalist isə şantaja məruz qalıb, 89 jurnalist və bloqerin fəaliyyətlərinə süni əngəllər yaradılıb.

Latın Amerikası ölkələrində isə sadəcə, bu ayın əvvəlindən bəri 23 bloqer itkin düşüb, 8 bloqer öldürülüb. Mehman Hüseynovun müdafiəsinə qalxmış təşkilatlar həmin bloqerlərin adlarını belə, çəkmirlər - o ki ola qatillərin tapılması və cəzalandırılması tələbləri səslənə...

Kölgənin üzərindən atılanlar

Mehman Hüseynovun savadının olub-olmaması, saç düzümü, yazdığı statuslarda və çəkdiyi videolarda danışıq tərzi müzakirə məsələsi deyil. O, jurnalist deyil. Heç bloqer də deyil və bu səbəbdən də istədiyi tərzdə kamera qarşısına çıxıb danışmaq, sonra da bu həvəskar, yəni "home-made" tipli videoları yaymaq hüququ var.

Bu, öz yerində. Lakin məntiqlə reallıq arasında körpüləri darmadağın etmək, Mehman Hüseynovu az qala kəndirlə dartıb şücaətkar igidə çevirmək də absurddur.

Azərbaycanın inkişafını, tərəqqisini, insanlarımızın ən üst səviyyəli rifahda yaşamasını istəyiriksə, hikkəni, qərəzi, yalanı bir kənara qoyaraq, sadəcə, işləməliyik.

Sadə işləmək yox, çünki o sadə işlər Mehman Hüseyov kimilərinin düşüncəsində olur və əslində, çox mürəkkəb intriqaların qurbanlarına çevrilən insanların özlərinin də bilmədən tora düşməsinə vəsiləyə dönür.

Sadəcə işləməksə, hər kəsin bacardığı, bələd olduğu və bildiyi işin qulpundan tutmasıdır. Mehman Hüseynov təki, mahiyyətini bilmədən, məğzini anlamadan kimlərinsə əlində alət olmaq yox.

Mehman Hüseynovu bloqer və ya fotoqraf saymaq ya bu gəncin tanışlarını büsbütün psixoloji natamam insanlar hesab etmək, ya da cəmiyyəti avam yerinə qoymaqdır.

Ən azı ona görə ki, həbs edilmiş M.Hüseynovun mövqe kimi ortaya qoyduğu nəsnə sırf subyektivizm idi və bu da absyolut həqiqət kimi təqdim olunurdu.

Absurd o səviyyəyə çatıb ki, Mehman Hüseynovun bloqerliyindən bəhs edənlərə qəzəblənmək, onun media mənsubu kimi fəaliyyət göstərdiyini vurğulayanlara və təkrarlayanlara nəyisə anlatmaq mümkün deyil.

Onlar hirsə, yalana, ritorikaya köklənmiş zatlardır.

Mehman Hüseynovun Facebook-da müstəqil fəaliyyət göstərən bloqer kimi təqdim olunması da, əslində, ssenarinin bir hissəsi idi: bu adamın təqdimatı elə hesablanmışdı, Mehman da dərk etmədən rolunu can-başla ifa edirdi.

Mehman Hüseynovun konkret, dəqiq təsbitlənmiş və sübut olunmuş əməlinə görə həbsini siyasiləşdirənlər unudurlar ki, bloqerlik və ya jurnalistlik qanunların fövqündə durmaq, hüquq-mühafizə və ədliyyə orqanlarına meydan oxumaq, polis əməkdaşlarını təhqir etmək üçün səbəb ola bilməz.

Kimsə siyasi baxışlarına, vətəndaş mövqeyinə, dünyagörüşünə və ya digər səbəblərə görə özünü toxunulmaz saya bilməz. Mehman Hüseynovu uçuruma itələyənlər və onu alətə çevirənlər bu gəncə anlatmayıblar ki, Azərbaycanda, ümumiyyətlə, bütün normal dövlətlərdə hamı qanunlara əməl etməli, qanunvericiliyin tələblərini icra etməlidir. Başqalarını məsuliyyətə çağırıb məsuliyyətsiz davranmaq olmur, alınmır və alına da bilməz: bunu siyasi spekulyasiya alətinə çevirsələr də, qanunun aliliyi təmin olunur.

Mehman Hüseynov ruh və ya efemer məxluq deyil, insandır. Deməli, çox sadə məntiqə görə, o da aqressiv davrana bilər, qanunu poza bilər, cəzasını ala da bilər. Belədirsə, bloqer olmayıb bloqer kimi qələmə verilən şəxsi nədən Sinay dağındakı Musa kimi qələmə verməyə çalışanlar sadə həqiqəti anlamırlar: bəhs etdiyimiz gənc əməlinin məsuliyyətini daşıyır və onun həbsində heç bir siyasi motiv yoxdur?!

Az öncə dünyanın fərqli ölkələrində jurnalistlərin və bloqerlərin döyülmələri, həbsi, öldürülmələri və itkin düşmələriylə bağlı faktlara müxtəlif beynəlxalq qurumların etinasız yanaşmaları, lal-kar-kor olmuş "üç meymun" pozasını almalarından bəhs etdik. Fəqət, Azərbaycana gəldikdə isə elə həmin təşkilatlar daim fəaldır, marığa yatıblar və yoxlanmamış məlumatlarla əsassız informasiyaları yayan, kompromat şırnağına çevrilən, vasitəyə çevrildiyinin fərqinə vara bilməyən, böhtana yuvarlanan adamı toxunulmaz elan edir, olayı maksimal dərəcədə siyasiləşdirirlər.

Ötən il dünyada 9 jurnalist qətlə yetirilib, 347 media mənsubu həbs olunub. Di gəl, Qərbin fərqli qurumları bu olayların total əksəriyyətinə siyasi don geyindirməyib.

Ümumiyyətlə, sadaladığımız faktlarla bağlı hər hansı Avropa ölkəsində söz azadlığının pozulması, məhdudlaşdırılması, hansısa bloqerin həbsinin siyasi motivli olması ilə bağlı kampaniyaların başlanmasını, "Filankəsə azadlıq!" şüarlarının sosial şəbəkələri dolaşmasını, tutulan və ya döyülən bloqerlə jurnalistin "azad söz uğrunda mübariz" kimi təqdim edilməsini görmək, oxumaq və ya eşitmək mümkün deyil.

Beynəlxalq təşkilatların hesabatlarına görə, həmin həbslər, təqiblər və ya cəzalar "qanunun aliliyinə, hər kəsin qanun qarşısında məsuliyyət daşımasına" dəlalət edirmiş.

Mövzu Azərbaycandırsa, hər şey dərhal dəyişir: hətta çox az tanınan jurnalist və ya qalmaqallı gənc belə, rəsmi Bakıya təzyiq üçün alətə dönür.

Vasitə və alət olanlar, görəsən, bunu dərk edirlərmi?!

Mehman Hüseynova gəldikdə isə, bu zavallı gəncin qurbanı olduğu mexanizmdən xilas etmək, onun adekvatlıq və təhsil səviyyəsini artırmaq gərəkdir.

Bəlkə onda ağı qaradan seçə bilə...

Elçin Alıoğlu

milli.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...