Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərəb qadınlar maşın sürməyi Bakıda öyrənirlər - FOTO

Son vaxtlar avtomobil təlimçilərinin sayı günü-gündən artır. İndi az qala hər metro stansiyanın çıxışında təlim maşınlarına rast gəlirik. Səbəbi sadədir: xüsusi lisenziyaya ehtiyac yoxdur, kim təlimçi olmaq istəyir, balaca bir ofis kirayələyir, bir-iki maşın alıb üzərinə təlimçi nişanı yapışdırır.

Aralarında qadınların sayı çoxdur. Amma kişi təlimçilərdən fərqli olaraq, onların işi çətindir, çünki çoxları hələ də qadın təlimçilərə etibar etmir.

Virtualaz.org-un əməkdaşları qadın təlimçilərlə söhbətləşərək, bu sahənin çətinliyini öyrəniblər.

7 ilə yaxındır qadınlara sürücülük öyrədən Kifayət Həsənova deyir ki, qadınlar kişi təlimçilərinin “bazarını öldürür”. Kişilərin də başqa əlacı qalmır, qadın təlimçiləri elə sürücülük öyrənmək istəyənlərin yanında gözdən salmağa çalışırlar.

Dindar qadın təlimçi: “Sükan arxasına oturan kimi şəkil çəkir, yazır ki…”

Kifayət Həsənova dindardır, buna görə, şəkil çəkməyə icazə verməsə də, suallarımıza cavab verir. Deyir ki, digər sahələr kimi, burda da reklam çox rol oynayır. Tanındıqdan sonra müştəri tapmaqda çətinlik çəkmirsən, müştərilər özləri səni axtarırlar. “Mən sürücülük öyrənmək istəyənlərlə əvvəlcədən şərt kəsirəm. Deyirəm ki, telefonu evdə qoysunlar, geyimlərinə fikir versinlər. Gərək bütün diqqəti yola versinlər. İndi baxırsan ki, oğlan-qız fərqi yoxdur, əksəriyyəti sürət həvəskarıdır. Nəzəriyyəni öyrənmək istəyənlər azdır”.

Kifayət qadın sürücülərlə bağlı ittihamları qəbul etməsə də, aralarında qeyri-peşəkarların çox olduğunu etiraf edir: “Qadın sürücülər var ki, kişilərdən daha yaxşı maşın sürürlər. Qadınların əsas problemi park etmək, bir də maşını arxaya verməklə bağlı olur. Mən həmişə deyirəm ki, yaxşı sürücü qaydalara riayət edən yox, yolda səbirli olanlardır”.

Təlimçi başına gələn hadisələrdən də danışır. “Bir aya yaxındır, cavan xanıma maşın sürməyi öyrədirəm. Sükan arxasına keçən kimi zəng vurur ki, “balaca”, maşındayam. “Balaca” da 60 yaşlı kişidir, qadını qısqandığı üçün yalnız mənim öyrətməyimi istəyir, 1 saata 50 manat alıram”.

Dindar və ailəli qadınlarla işləmək isə daha asandır. “Bir dəfə başıma gəlib, yanımdakı qız Ukrayna dairəsinin yanında qəflətən əyləci basdı, maşını arxadan vurdular. Sən demə, sevgilisinin mesajını oxumaq istəyirmiş. Yaxşı ki, sürücülük vəsiqəsi vardı, cəriməni ödədi. Amma bu hadisə mənə dərs oldu”.

“İlk dərsdən çətin yola çıxırıq…”

Digər təlimçi – Elmira Mahmudova isə 15 ildir maşın sürür. Metronun “Gənclik” stansiyasının qarşısında dayanır, sürücülük öyrənmək istəyən həmcinslərini öyrədir. E.Mahmudova söyləyir ki, özü cəmi 2 günə maşın sürməyə başlayıb. Öyrətdiyi qadınlara da ilk gündən maşın etibar edir, amma ayağı daim sağ oturacağın qarşısındakı əyləcin üstündədir.

“Adətən, 10-15 dərs tam öyrənmək üçün kifayət edir. Amma hərdən çətin qavrayanlar da olur, onlara 25-30 dərs keçirik. Əslində, qadınlarla kişilərin öyrənməsi arasında elə bir fərq yoxdur. Hətta əksinə, qadınlar daha cəsarətli olurlar”, – təlimçi deyir.

Kişi sürücülərin qadın sürücülərə münasibəti həmişə birmənalı deyil. Təlimçi qadınlara hörmət edilməməsindən şikayətçidir: “Bir də görürsən, siqnal verirlər, yolda sıxışdırırlar. Qızlar bir səhv hərəkət edən kimi çıxıb dalaşırlar. Halbuki, təlim maşını görəndə hörmət etməlidirlər, başa düşməlidirlər ki, sükan arxasındakı təcrübəsizdir. Baxırsan ki, yüz nəfərdən beşi hörmətlə yanaşır. Çünki çoxu qısqancdır, qadınların sürücü olmasını həzm edə bilmir”.

Qadın sürücülərin səhvi – sükan arxasında kosmetika çəkirlər…

Qadın sürücülərin səhvini ən yaxşı qadınlar bilir. Mahmudovanın sözlərinə görə, qadın sürücülər çox zaman diqqətsizlik edirlər: “Bəzən yola baxmırlar, qaydalara əməl eləmirlər. Yol gedə-gedə kosmetikadan istifadə edirlər, işıqfora fikir vermirlər. Bəzi qadınlar doğurdan da güzgünü makiyaj üçün istifadə edirlər. Bir də görürsən 15 santimetr hündürlüyündə dabanlı ayaqqabı geyiniblər”.

Təlimçi deyir ki, hazırda Bakıda sürücülüyü öyrənən xanımlar arasında çoxlu evdar qadınlara da rast gəlinir. Bir çoxu sürücülüyü ona görə öyrənmək istəyir ki, evin bütün işləri üzərində qalır və bununla işlərini rahatlaşdırmaq istəyirlər. “Bizə bəzən deyirlər ki, yoldaşları işdə olur, uşaqları məktəbə, bağçaya aparmaq, evə bazarlıq etmək üçün avtomobil almaq məcburiyyətində qalırlar. Doğrudur, öyrətdiyimiz qadınlar arasında iş qadınları da çoxdur. Əvvəllər bəzi kişilər qadınların sürməsini ona görə istəmirdilər ki, nəsə problem olarsa, yolda qalacaqlar. Amma indi belə problemlər yoxdur, evakuasiya xidmətinə müraciət edib nasaz avtomobili həmin yerdən çıxarmaq mümkündür”.

Qadınların çoxu “Cip” istəyir

İndi təlim maşınlarının əksəriyyəti “Cip”lərdir. Təlimçi deyir ki, əksər qadınlar hündür maşınlara üstünlük verir. “İndi mexanika öyrənmək istəyən yoxdur, elə təlimçilər arasında da mexanikanı bilən azdır. Çoxu hündür maşınla sürməyi öyrənir ki, sonra digər maşınları asan sürə bilsinlər”.

“Cip”lərlə digər maşınların qiymət fərqi çox deyil, 1 saatı 25 manatdır. “Mən sürücünü çətin yollara öyrətməyə çalışıram. Çünki Bakıda həm tıxac çox olur, həm də naşı sürücülər var. Buna görə də, ilk dərsdən çətin yollara çıxırıq”.

Təlim maşınlarına xüsusi güzəştlər yoxdur, yol qaydaları onlar üçün də keçərlidir. Maşın sürməyi öyrənənlərin sürücülük vəsiqəsi varsa, qayda pozuntusu onun adına yazılır.

Ərəb qadınları Bakı yollarında…

Təlimçi deyir ki, sürücülük öyrənmək istəyənlər arasında əcnəbilər, xüsusilə Bakıda yaşayan ərəblər də var. Onlar üçün qiymətlər fərqli deyil. “Ərəb sürücülər tərcüməçilərlə gəlirlər, deyirlər ki, öz ölkələrində qaydalar sərtdir, qiymət baxımından da sərfəli deyil. Bəzi ölkələrdə sürücülük vəsiqəsinin verilmə qaydaları çox sərtdir. Elə Rusiyada bir neçə imtahan verilməlidir. Ərəb qadınlar deyirlər ki, Bakıda öyrənəndən sonra öz ölkələrində asan maşın sürə bilirlər. Səfirliyin xanım əməkdaşına da maşın sürməyi mən öyrətmişəm”.

Təlimçi əlavə edir ki, maraqlı hadisələrlə tez-tez rastlaşır. “Bir dəfə telefonla danışırdım, hiss etdim ki, başım gicəllənir. Qıza dairəni keçməyi tapşırmışdım, sən demə, 15 dəfə eyni dairədə dövrə vurub. Amma bunun sürücüyə çox xeyri oldu, o vaxtdan döngələri çox asanlıqla keçir”.

Bakının tıxaclı yolları, qaydaları bilməyən sürücüləri nəzərə alsaq təlimçi ikiqat məsuliyyət daşımalıdır. Ən adi səhv qəza ilə nəticələnə bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...