Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ailələr niyə dağılır? - “Pul yığmaq üçün toy edirlər, bir ildən sonra da boşanırlar”

“Qadın çatışmazlığının yaranması onların əl-qolunun açılmasına gətirib çıxardı. Əksəriyyət varlanmaq məqsədilə boşanmağa əl atır”

“Cəmiyyətdə, sosial həyatımızda və ailə institutunda baş verən prosesləri dəyişmək imkanımız yoxdur. Xoşagəlməz vəziyyət tək Azərbaycanda deyil, bütün dünyada mövcuddur”. Bunu “Sherg.az”a boşanmaların sayının artması, ailə institutunun problemləri haqqında danışarkən kulturoloq Aydın Xan Əbilov deyib.

O vurğulayıb ki, dünyada baş verən prosesin, ailə institutu problemlərinin dalğası Azərbaycana gec və güc təsir etdi:

“Çünki ölkəmizdə ailə institutu daha çox milli mentalitetə, adət ənənələrə, islam dəyərlərinə söykənirdi. O zaman Azərbaycan milli ailəsi baba, nənə, qohum-əqrəba və qadın-kişi arasında mürəkkəb münasibətlərdən ibarət geniş təsisat idi. Sonradan bu yanaşma dəyişdi. Xüsusilə, 90-cı illərin əvvəlində Dağlıq Qarabağ müharibəsi, ölkədə baş qaldıran siyasi dəyişikliklər ailə institutuna da təsirsiz ötüşmədi. Bunun nəticələrini isə günümüzdə müşahidə edirik.

Azərbaycanlılar dünyanın bir çox ölkələrinə yayılıb. Müxtəlif millətlərlə qarışığı olan ailələri də azərbaycanlı ailəsi kimi nəzərdə tuturuq. Ailə institutunun qarşılaşdığı problemlər xaricdə yaşayan azərbaycanlılara da aiddir. Bir müddət əvvəl Milli Məclisdə qaldırılan boşanmaların sayının artması barədə açıqlamalar isə sırf Azərbaycanda yaşayan ailələrin problemidir”.

Aydınxan Əbilov

A.Əbilovun fikrincə, sosial şəbəkələrdə, internetdə və televiziyada ifrat dərəcədə qadın azadlığının, gender məsələlərinin qabardılması, insanların keçmişə gözübağlı yanaşması hər dörd ailədən birinin boşanmasına gətirib çıxardı:

“Bu çox ağır tendensiyadır. Son 20 ildə qız uşaqlarının abort edilməsi sayəsində qadınların sayı kişilərin sayına nisbətdə azaldı. Qadın çatışmazlığının yaranması onların əl qolunun açılmasına gətirib çıxardı. Beləliklə, süni nikahlar baş qaldırdı. Toy edilir, pul yığılır, bir ildən sonra qadın övladı ilə birlikdə məhkəməyə müraciət edir, boşanır. Əksəriyyət isə varlanmaq məqsədilə boşanmağa əl atır. Bu tendensiyanın qarşısını almaq mümkün deyil. Amma ailə dəyərlərini təbliğ etməli, dünyada olan modern ailə nümunələri önə çəkməli, nikah və boşanma mədəniyyətini aşılamalıyıq. Bu münasibətləri təhlil edib, cəmiyyətə təklif etsək, cəmiyyət özü ailə modelini müəyyənləşdirə bilər”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...