Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda zorakılıq hallarının qarşısının alınması üçün YENİ YOL - Onlayn monitorinq sistemi qurulacaq

Azərbaycanda zorakılıq hallarının qarşısının alınması üçün tamamilə yeni texnologiyanın - onlayn monitorinq sisteminin qurulması nəzərdə tutulur.

Mynews.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov özəl olaraq Trend-ə bildirib ki, onlayn monitorinq sisteminin qurulması məsələsi məişət zorakılığı və qadın hüquqlarının təmini ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi üçün komitə tərəfindən hazırlanan təkliflər paketinə daxildir. Təkliflərin il ərzində hazırlanaraq qəbul edilməsi nəzərdə tutulur.

E.Səfərov əlavə edib ki, ailələrdə zorakılıqların qarşısının alınması üçün yeni - onlayn texnologiyaların tətbiqi vacibdir.

Komitə rəsmisinin sözlərinə görə, ailədə baş verən zorakılıq halları ilə bağlı yerlərdə monitorinqlərin aparılması çox çətindir. Çünki zorakılığa görə risk qrupuna daxil olan ailələrdə gün ərzində monitorinqlərin aparılması mümkünsüzdür. Onlayn monitorinq sistemi isə ailədə baş verən zorakılıq hallarını aşkarlamağa və onun qarşısını almağa imkan verəcək.

E.Səfərov qeyd edib ki, zorakılığın qarşısının alınmasına yönələn onlayn monitorinq sistemi artıq Avropa İttifaqına daxil olan ölkələrdə tətbiq edilir: Azərbaycanda da qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsindən sonra belə bir sistemin tətbiqi nəzərdə tutulur:

"Bunun üçün evdə kameraların quraşdırılması düzgün deyil. Çünki bu, şəxsi həyata müdaxilə hesab edilir. ABŞ-da belə bir təcrübə var ki, şəxs zorakılıq törətdikdə onun müəyyən bir müddət ərzində evdən uzaqlaşmaması barədə qərar verilir. Həmin şəxsin ya ayaqlarına, ya da qollarına xüsusi bilərziklər bağlanılır. Bu bilərziklər vasitəsilə şəxs müəyyənləşdirilmiş ərazini tərk etdikdə mərkəzi sistemə elektron qaydada siqnallar ötürülür və beləliklə, ona nəzarət edilir. Yaxud başqa belə bir təcrübə də var: Evdə quraşdırılmış xüsusi proqramlaşdırılmış qurğular zorakılıq baş verdikdə - evdə qışqırıq olduqda, eyni zamanda, müəyyən "açar" sözlərə reaksiya verir. Bu zaman həmin qurğular evdə qəza rejimində olan qurğular kimi siqnallar verir və həmin siqnallar sistemə ötürülür".

E.Səfərov əlavə edib ki, onlayn monitorinq sistemi ailədə zorakılıq, intihar hallarının qarşısının alınmasında rol oynayacaq:

"Onlayn monitorinq sistemi imkan verəcək ki, ailədə baş verən zorakılığın qarşısı həmin an olmasa belə, bir saat ərzində alınsın. Bunun üçün ailəyə lazımi yardım göstəriləcək. Məsələn, ailəyə sosial işçilər, psixoloqlar, hüquqşünaslar, yerli sığınacaq mərkəzlərindən işçilər cəlb ediləcək və digər qabaqlayıcı tədbirlər görüləcək".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...