Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sərnişinlərin bu problemi nə vaxt həll olunacaq? - 199 nömrəli avtobusla bağlı RƏSMİ AÇIQLAMA

Bu avtobusa günün nəinki pik, adi saatlarında belə minmək olmur.

Söhbət Yaşıl bazardan Abşeron Gənclər Şəhərciyi istiqamətində fəaliyyət göstərən 199 nömrəli avtobusdan gedir. Avtobus Yaşıl bazardan 20 Yanvar dairəsinə tam olaraq dolu vəziyyətdə gəlir. Bu səbəblə, 20 Yanvar dairəsindən Abşeron Gənclər Şəhərciyi, Xırdalan istiqamətində getmək istəyən sərnişinlər avtobusa minə bilmirlər. Çıxış yolu olaraq “1 manatlıq taksilər”ə üz tuturlar. Amma nə vaxta kimi?!

Sərnişinlər alternativ olaraq 20 Yanvar dairəsindən Abşeron Gənclər Şəhərciyi istiqamətində yeni bir avtobus xəttinin istifadəyə verilməsini təklif edirlər. Görəsən, qeyd olunan problem və təkliflə bağlı Bakı Nəqliyyat Agentliyi nə fikirlərşir?

Agentliyin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirir ki, hazırda bəzi avtobus xətlərinin müsabiqəyə çıxarılması prosesi gedir:

“Bu yaxınlarda 20 və 94 nömrəli marşrut xətləri müsabiqəyə çıxarıldı. Bu zaman hər iki marşrut üzrə avtobusların hərəkət sxemində də dəyişiklik edilməsi nəzərdə tutulub. Sizin qeyd elədiyiniz xətt üzrə də müsabiqənin elan ediləcəyi istisna deyil. Həmin vaxt mümkündür ki, hərəkət sxemində müəyyən dəyişiklik edilsin. Bu, həmin xətt üzrə aparılacaq təhlillərdən asılı olacaq”.

“Xaliq Faiqoğlu” MMC-nin mətbuat katibi Nizam Rzayev problemlə bağlı Metbuat.az-a açıqlamasında əlavə edib ki, hazırda qeyd etdiyiniz marşrut xətti üzrə istismarda olan avtobusların əsaslı təmiri həyata keçirilir:

“Artıq avtobusların yarısı tam, müasir standartlara cavab verən formada təmir edilib və yaxın 2 ay ərzində bu xətt üzrə kartla ödəniş sisteminin tətbiqi planlaşıdırılır. Bunun üçün lazımi avadanlıqlar, yəni kart oxuma cihazları yerləşdiriləcək. Sərnişin sıxlığına gəlincə, günün müəyyən saatlarında sıxlığın yaşanması demək olar ki, əksər marşrut xətlərində müşahidə edilir. Həmin saatlarda avtobuslar arasındakı intervalın azaldılması yolu ilə sərnişinlərin daha tez mənzil başına çatdırılmasına çalışırıq. Hal hazırda 199 saylı marşrut xətti üzrə interval 6 dəqiqədir. Yaxın vaxtlarda interval müntəzəm olaraq 4 dəqiqəyə endiriləcək”.

Məsələ diqqətimizdədir...

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...