Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Spiker: İnanırsınız ki, Azərbaycanda hakim istefa verəcək?

Deputat Qüdrət Həsənquliyev parlamentdə  “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı iradlarını bildirib.

Mynews.az-ın məlumatına görə, millət vəkili qeyd edib ki, dəyişikliklər hakimlərin müstəqilliyinə xidmət edir, lakin bu problemi tam həll etmir. 

Millət vəkili qanunun yenidən işlənməsini təklif edib:

“Bu gün hakimlərin beş ildən bir qiymətləndirilməsi hakimlərin müstəqilliyinə ciddi şəkildə ziyan vurur. Bizdə hər beş ildən bir hakimlərin fəaliyyəti qiymətləndirilir, peşəkar çatışmazlıq aşkar ediləndə hakim vəzifəsindən kənarlaşdırılır. Bu gün təklif edilən dəyişiklikdə onlara bir şans daha verilir”.

Onun sözlərinə görə, hakimlər xüsusi tələblərlə seçilir, onlara qarşı müəyyən tələblər var. Bu mənada, peşəkar çatışmazlığı olan hakimin olması halları məhduddur:

“Hakimlər mülki, cinayət işlərinə baxanda hər hansı qanunu pozanda prokuror, müdafiə tərəfi müdaxilə edə bilir. Beş ildən bir qiymətləndirmə hakimləri asılı vəziyyətdə saxlayır. Bu məsələ ləğv edilməlidir.

Hakim qanunu pozanda ondan şikayət vermək hüququ qanunla tənzimlənir. Vəzifə səlahiyyətindən istifadə etmə, özünü pis aparmasına görə, saxtakarlıq kimi hallarda da vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilir.

Yalnız cinayət törədəndə onun məsuliyyətə cəlb edilməsini qanuna daxil etməliyik. BMT tələblərinə uyğun olaraq hakimlər ömürlük təyin olunanda, vəzifənin icrası ilə bağlı müəyyən yaş həddi olanda müstəqil olurlar.

Bizdə 68 yaşdır və hesab edirəm ki, bu, artırılmalıdır. Onsuz da hakim işləyə bilmədiyini görəndə istefa verəcək. Ölkəmizdəki hakimlərin mövcud problemi hakimlərin müstəqilliyi, əməkhaqqının az olmasıdır”.

Spiker  Oqtay Əsədov isə bildirib ki, hakimlərin öz istəyi ilə istefa verməsi gözlənilən deyil:

“Siz inanırsınız ki, Azərbaycanda hakim istefa verəcək? Öz sözünüzə özünüz də inanmırsınız”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...