Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yaponlar Azərbaycanda neolit erasına aid təbəqələr aşkar etdilər - FOTO

Yaponiyanın Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin başçılığı ilə Qədim Şərq Muzeyinin, Yaponiya Elmin İnkişafı Cəmiyyətinin, Vaseda Universitetinin, Kanazava Universitetinin və digər elmi mərkəzlərin arxeologiya, paleobotanika, paleobiologiya, topoqrafika və başqa sahələr üzrə mütəxəssisləri Qazax rayonu ərazisində tədqiqatlar aparıblar.

Mynews.az bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasına istinadla məlumat yayıb. 

Məlumata görə, tədqiqatlar “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında yerləşən Damcılı mağara düşərgəsində aparılıb. 

Tədqiqatlara AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları da cəlb edilib. Aparılan tədqiqatlar nəticəsində ərazidə orta əsrlər, tunc, xalkolit, neolit, mezolit və orta paleolit təbəqələri aşkar olunub.

Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış mezolit təbəqəsi qeydə alınıb.

Bu tədqiqatın əsas məqsədi regionda neolit dövrü mədəniyyətinin mənşəyi məsələsinin aydınlaşdırılmasıdır. Damcılı düşərgəsində toxunulmamış mezolit mədəni təbəqəsinin aşkarlanması Azərbaycan ərazisində neolit mədəniyyətinin (əsasən Şomutəpə mədəniyyətinin) kənar mədəni təsirlərin və regiona Ön Asiyadan miqrasiyanın dinamikasında məhz yerli mezolit mədəniyyəti əsasında inkişaf etməsi barədə fikir yürütməyə əsas verir.

Gələcəkdə aparılacaq tədqiqatlar və aşkar olunacaq yeni sahələr nəticələri gücləndirməyə imkan verəcək.

Qeyd edək ki, Azərbaycanda ilk qədim daş dövrünə aid abidə – Damcılı mağarası 65 il əvvəl aşkarlanıb. 1956-1957-ci illərdə burada aparılan tədqiqatlar zamanı orta paleolit (Mustye mədəniyyəti), üst paleolit, mezolit, neolit və orta əsrlərə aid zəngin materiallar aşkar olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...