Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xəzərdə zəlzələ Badamdarda sürüşməyə səbəb ola bilməz - ŞƏRH

Bəzi qurumların rəsmi məlumatında deyildiyi kimi, Xəzər dənizində baş verən zəlzələ Badamdarda sürüşməyə səbəb ola bilməz. 

Mynews.az bildirir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı ekoloq, Azərbaycan Ekoloji Proqnozlar Mərkəzinin prezidenti Telman Zeynalov deyib. 

Dünən sosial şəbəkələrdə gecə saatlarında Xəzər dənizində baş verən 2,7 ballıq zəlzələnin Bakının Badamdar qəsəbəsində sürüşməyə gətirib-çıxarması ilə bağlı müzakirələr aparılıb. 

Ekoloqun fikrincə, Badamdardakı sürüşmə yalnız müəyyən şəxslərin səhlənkarlığı nəticəsində baş verib. 

“Sovet ittifaqı dövründən bu ərazi sürüşmə riski səbəbindən potensial təhlükəli hesab edilirdi. Buna baxmayaraq, bu ərazidə qanunsuz şəkildə evlər, restoranlar və s. tikilib”, - Zeynalov qeyd edib. 

O qeyd edib ki, Xəzər dənizindəki xırda təkanlar deyil, məhz kanalizasiya sistemində sızmalar sürüşməyə səbəb olub. 

“Dünya üzrə statistik məlumatlara əsasən, 80 faizə yaxın sürüşməyə insan fəaliyyəti - yamaclarda yolların çəkilişi, meşələrin qırılması, evlərin tikintisi səbəb olur”, - ekoloq deyib. 

Onun sözlərinə görə, bu ilin əvvəlində elə bu ərazidə iki yeraltı çay aşkarlanıb.

“Bütün müvafiq qurumlar bununla bağlı məlumatlandırılıb. O zaman həyəcan təbili vurmaq lazım idi, məsuliyyəti Xəzərin dərinliklərindəki xırda təkanların üzərinə atmaq lazım deyil”, - müsahibimiz əlavə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...