Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Fərid Babayev: Ölkədə zorakılığın artması kişilərin çoxalması ilə bağlıdır

Uşaqların cinsə görə seçimi problemi BMT-nin Əhali Fondu olaraq, bizi çox narahat edir.

Mynews.az-ın məlumatına görə, bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı layihəsinin təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəllər yalnız Cənub-Şərqi Asiyada müşahidə edilən bu fenomen artıq ölkəmiz də daxil olmaqla, bütün Cənubi Qafqaz və Şərqi Avropanın bir sıra ölkələrində də özünü büruzə verməkdədir:

“Mövzu üzrə keçirilmiş tədqiqatlar göstərir ki, dölün cinsini təyin etməyə imkan yaradan müasir texnologiyaların müyəssərliyi və ümumi fertlilik əmsalının aşağı düşməsi prosesində valideynləri mütləq şəkildə oğul övladına sahib olmağa vadar edir. Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər.

Belə ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün tərəfdaş tapa bilməməsi, eyni zamanda, ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir”.

Fərid Babayev qeyd edib ki, bu problem BMT-nin Əhali Fondu olaraq, bizi çox narahat edir:

“Bu istiqamətdə biz Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçiririk. Belə layihələrdən biri də Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Ümid edirik ki, həyata keçirdiyimiz birgə səylərimiz nəticəsində bu gün müzakirəyə çıxardığımız Milli Fəaliyyət Planının qəbulu və uğurlu icrasına nail ola biləcəyik və beləliklə, ölkəmizi “çatışmayan qızlar” fenomeninin yayıldığı ölkələrin siyahısından çıxararaq Cənubi Koreyadan sonra ikinci uğur hekayəsini yazmağa müvəffəq olacağıq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...