Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mübariz İbrahimovu qəhrəman saymıram - BƏYANAT

"Ermənilər güclü xalqdır”.

"Yox, baş kəsmək qəhrəmanlıq deyil. Ümumiyyətlə, son vaxtlar qəhrəmanlıq yaman dəbdədir. Mən Ramil Səfərovu qəhrəman saymıram. Əslində, heç Mübariz İbrahimovu da qəhrəman saymıram. Çünki, o, nizamnaməni pozmuş, hərbi hissəni təhlükə altına qoymuşdu”.

Mynews.az Anews.az-a istinadən xəbər verir ki, bu sözləri Qarabağ döyüşçüsü, "Boz qurd batalyonunun komandiri” Nurəddin Xocanın İnterpress.az-a müsahibəsində deyib.

- Müharibə iştirakçısı İbad Hüseynovun "Milli Qəhrəman” fəxri adı uğrunda mübarizə aparmasından xəbərdarsınız.

- O, illi qəhrəmanlıq istəyən vicdansızdır. Əgər, uduzmuş ordunun sağ adamı Milli qəhrəmanlıq istəyirsə, o adamın ya başı xarabdır, ya da vicdansızdır. Qardaşı 20 ildir ki, icra başçısıdır, yaxşı pulu var. Onu Milli Qəhrəman eləmək istəyir.Uduzmuş ordunun sağ qəhrəmanı olar?! Hansı vicdan sahibi olmalısan ki, 20% torpağın işğal altında ola, yüzlərlə qadının əsirlikdə ola-ola deyəsən ki, mənə Milli Qəhrəman adı ver. Tutaq ki, bir nəfərin başını kəsmisən də. Nə olsun? Heç olmasa, güzgüyə baxanda özün-özündən utanırsan? Bilmirsən ki, elədiyin qəhrəmanlıq deyil? Qəhrəmanlıq o vaxt olardı ki, sən Xocavənddən qaçmazdın, ölərdin. Meyidin də qalardı orada.

- Müharibədə hər şey olur. Bəs, Azərbaycan əsgərləri erməni uşağı öldürməyib?

- Niyə öldürməyib?! Müharibədir də. Amma indi elə danışırlar ki... Müharibə görməyən də müharibədən danışır. Əsasən də media və sosial şəbəkələrdə. Başqa yerdə danışa bilmirlər. Danışmağa nə var ki. Hamısı dil qəhrəmanıdır. Guya, 64 min veteran var, mən müharibədə heç 60 min adam görmədim. Bizim 60 min əsgərimiz olsaydı, İrəvana gedib çıxardıq.

- Biz, niyə məğlub olduq?

- Bizim ordu məğlub oldu, əsgərlər məğlub olmadı. Əsgərlərə dedilər, "get”, getdi, ”öl” öldü. Əsgər niyə məğlub oldu?! Əslində, Azərbaycan siyasi elitası, bir də komandirlər məğlub oldu. Azərbaycan əsgəri məğlub olmadı.

- ANS-lə kəlbəcərlilər arasında problem yaşandı...

- Mən belə düşünürəm ki, hansısa bir informasiyanı öldürmək üçün "Kəlbəcər” söhbətini ortaya atdılar.

- Bu, qaçqınlardan istifadə etmək deyil? Qaçqınlardan bir dəfə istifadə etdilər də. Mən Eynullaya haqq qazandırmıram, amma onun həbsində Xocalı qaçqınlarından istifadə elədilər.

- Eynulla da orada düz hərəkət etməmişdi.Ümumiyyətlə, Xocalı məsələsi çox qəlizdir. Kəlbəcərdə yaxşı vuruşan oğlanlar da oldu, yaxşı qaçanlar da. Bunu işğal olunan bütün regionlara şamil etmək olar.

- ANS "açarıq sandığı, tökərik pambığı” deyəndə nəyi nəzərdə tutur? Bu sandıqda nə var axı ? Bu şantaj deyil ki?

- Sandıqda nə olduğunu onlardan soruşmaq lazımdır. Kəlbəcərlilərin qaçmağı isə faktdır.

- Heç mübarizə aparan rayon olmadı? 

- Gədəbəy yeganə rayon idi ki, torpaq aldı, torpaq vermədi.

- Milli Ordunu kim qurdu?

- Azərbaycan Xalq Cəbhəsi. O zamankı Azərbaycan hakimiyyəti.

- Bəs ermənilərlə ümumi kontakt var idi?

- Əlbəttə, var idi. Əsirləri, meyitləri dəyişmək üçün müəyyən adamlar var idi.

- Bəs, qəhrəman kimdir?

- Qəhrəman Şirin idi, Qəmbər idi, Ramiz idi, öldülər, meyitləri qaldı oralarda. Onlar döyüşə-döyüşə öldülər.

- Erməni başı kəsmək qəhrəmanlıqdır?

- Yox, baş kəsmək qəhrəmanlıq deyil. Ümumiyyətlə, son vaxtlar qəhrəmanlıq yaman dəbdədir. Mən Ramil Səfərovu qəhrəman saymıram. Əslində, heç Mübariz İbrahimovu da qəhrəman saymıram. Çünki, o, nizamnaməni pozmuş, hərbi hissəni təhlükə altına qoymuşdu.

- Çingiz Mustafayev döyüşü çəkib, başa düşdük, bəs Çingizi kim çəkirdi?

- Çox maraqlıdır, bu qədər döyüş videoları var, bəs onları kim çəkirdi? Mən o qədər döyüşmüşəm, görməmişəm. Əsgər səngərdən çıxa bilmir bayıra, operatoru haradan tapır? Çingizi kim çəkib bilmirəm. Gəlib arxada beş-altı uşağı yığıb bir yerə, havaya bir-iki güllə atırdılar. Yaxşı ki, o vaxt mobil telefonlar olmayıb. Yoxsa batıb gedərdik.

- Qonşu ölkələrdən bizə kömək edən olmadı?

- Zəngilan hadisələrində İrana ağız açdıq. Əgər, o vaxt İran artileriyası olmasa idi , Zəngilan camaatı qırılardı. Əks halda Xocalıdan daha dəhşətli olardı.

- İndi müharibə olsa, xalq necə davranar? Yenə də məğlub olarıq?

- Əksinə, indi Azərbaycanın çoxlu pulu var, güclü ordu qurub. Torpaqları işğaldan azad etmək olar. Torpaqlarımızı almaq üçün 30-40 minlik ordu qurmaq bəs edər.

- Millətdə vuruşmaq ruhu yoxdur.

- Millətdə vuruşmaq ruhu yoxdursa, niyə gedib Suriyada vuruşurlar? 

- Deyirlər, ermənilər qorxub qaçırdılar. Ermənilər qorxaq xalqdır?

- Ermənilər qorxaqdırsa, bəs biz nəyik? 20% torpağımız onlardadır. Ermənilər güclü xalqdır. Əgər ermənilər bizim 20% torpağımızı işğal edə biliblərsə, onlar güclüdür. Reallığı qəbul etməliyik.

- Qarabağ əlilləri ev üçün, obyekt üçün özlərini yandırır.

- Onlar ev üçün, obyekt üçün özlərini yandırmır. Sadəcə, boğaza yığıldıqları üçün bunu edirlər.

- Niyə məhz yaz-yay aylarında əsgərlərimiz cəbhə bölgəsinda daha çox vurulur?

- Cəbhədə ya erməni postları yüksəklikdə olur, ya da bizim postlar. Onlar bizimkiləri vuranda,bizimkilər də onları vurur. Yüksəklik məsələsi nizamlayır hər şeyi.

- Bəs əsgər intiharı?

- Dözə bilmirlər.

- Nəyə dözmürlər?

- Heç nəyə dözə bilmirlər. Sovetin vaxtında məktəbdən insanlar orduya hazır gedirdi. Ancaq bizdə bunların heç biri yoxdur. Əsgərliyə gedənin böyük əksəriyyəti kasıb uşaqlardır. Nə psixoloji hazırlıq var, nə də fiziki.

- Hansı rayonlarımız ermənilərə təhvil verilib?

- Mən görməmişəm. Mən heç bir rayonu ermənilərə təhvil verməmişəm.

- Deyirlər, hərbçilər boşalmış rayonların əşyalarını İrana satırdı.

- 1987-ci ildən müharibənin sonlarınadək döyüşlərdə olmuşam. Dediklərinizi görməmişəm.

- Deyirlər, "boz qurdlar”, İsgəndər Həmidova yaxın adamlar əyinlərində hərbi forma şəhərdə reketlik edirmişlər.

- Şəhərdə formada gəzmək reketlik idisə, mən reket idim. Müharibənin əvvəlindən sonunadək döyüşmüşəm. Şəhərə gəzməyə çıxmırdıq ki, əyləncə paltarı geyinək. Haqqımızda əməlli-başlı əfsanələr yaradırdılar. Bir dəfə yas məclisində kişi üzümə dedi ki, Nurəddin gəlib obyektimdə reketlik edib, pul tələb edib. Soruşdum, üzdən görmüsən? Dedi yox. Dedim mənəm. İsgəndər Həmidovun adından istifadə edib varlananlar çox oldu. Ölkədə nə baş veribsə, İsgəndər Həmidovla Rəhim Qazıyevin boynuna atılır. Rəhim Qazıyevdən zəhləm gedir. Müavini idim. Birinci dəfə yaralanmağımın səbəbkarı da odur. Lakin o, yoxdan ordu yaratmış adamdır.

- "Boz qurdlar” indi haradadır?

- Sağları yenə də "boz qurd”dular. Ölənlər də "boz qurd” kimi bu dünyadan köçdülər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...