Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kirayə yolu ilə mənzil sahibi olmaq imkanı - – 5 suala cavab

Azərbaycanda ev ehtiyacı olan vətəndaşa kirayə qaldığı mənzilə sahibi olmaq üçün imkan yaradılır.

Prezidentin imzaladığı fərmana görə, İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək.

Kirayə mənzilin üstünlüyü və mənfi cəhətləri nədir?

"Yeni qaydalara görə, vətəndaşlar kirayə yaşadıqları mənzilləri ala biləcəklər, lakin kirayə pulunu ödəyə bilməyib evi qaytarsalar, o zaman ödədikləri pulu geri ala bilməyəcəklər”, iqtisadi təhlilçi Vüqar Bayramov BBC News Azərbaycancaya deyir.

O, yeni mexanizmi "ölkədə sosial kirayə fondunun yaradılması” kimi qiymətləndirir.

Fondun saytında göstərilib ki, bu mexanizm ilk növbədə, həm ilkin ödəniş etmək imkanı olmayan, həm də gəlir səviyyəsi ipoteka kreditinin götürülməsinə yetməyən vətəndaşların öz mənzil şəraitlərini yaxşılaşdırmasına imkan yaradacaq.

Vüqar Bayramov deyir ki, Prezident fərmanında Fonddan mənzil kirayə etmək hüququ olan vətəndaşların təsnifatı aparılmayıb.

"Bu o deməkdir ki, ödəmə qabiliyyətli və hər hansı bank kreditləri – borc öhdəliyi olmayan istənilən vətəndaş kirayə mənzillərə sahib olmaq üçün müraciət edə bilər”.

Ancaq İpoteka və Kredit Zəmanət Fondu yeni mexanizmin kimlərə tətbiq ediləcəyi ilə bağlı BBC News Azərbaycancanın suallarını cavablandırmayıb.

Vüqar Bayramov deyir ki, evlərin satlıq öhdəliyi ilə kirayə verilməsinin mənfi cəhəti odur ki, bir neçə ildən sonra kirayəni ödəyə bilməyən şəxs evi geri qaytarmaq istəsə onun ödədiyi pul Fond tərəfindən vətəndaşa qaytarılmayacaq. Yalnız yaşadığı evlə bağlı sığorta hadisəsi baş verərsə, bu zaman sığorta hadisəsi üçün ödədiyi vəsait kirayəçiyə qaytarılacaq”.

İpoteka və Kredit Zəmanət Fondunun məlumatında bildirilir ki, mexanizm çərçivəsində müəyyən müddət kirayədə qalıb, sonradan yaşayış yerini dəyişən vətəndaşların hüquqlarının müdafiəsi də nəzərdə tutulub.

Qaydalara əsasən, Fondun yazılı razılığı ilə kirayədə olan vətəndaş evi başqa şəxsə ötürə biləcək. "Lakin vətəndaş evi yalnız kirayə götürdükdən üç il sonra başqa bir kirayəçiyə verə bilər”, Fond vurğulayıb.

Kirayə müddəti ərzində kirayəçi vəfat etdikdə isə kirayə müqaviləsi üzrə hüquqlar vətəndaşın vərəsələrinə keçir.

Mənzillər hansı şərtlərlə kirayələnəcək?

Kirayəyə mənzil götürmək üçün isə bir neçə əsas şərt müəyyənləşdirilib.

"Mənzil kirayəyə götürən vətəndaş aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yalnız bu məbləğ ödəndikdən sonra vətəndaşla fond arasında müqavilə bağlanmış hesab oluna bilər”, Vüqar Bayramov deyir.

Müvafiq qanunda deyilir ki, kirayə müqaviləsi 3 ildən 25 ilədək bağlanıla bilər.

Kirayə müddətində vətəndaşın mənzil üzərində kirayə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq və mənzildən istifadə ilə bağlı aylıq ödənişlər tam ödənildikdən sonra mənzil kirayəçinin mülkiyyətinə keçə bilər.

Müqavilə bağlandıqdan ən azı 3 il sonra kirayəçi mənzilə sahib olmaq hüququna malikdir. Üç ildən sonra isə növbəti 22 il müddətində istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər.

Digər şərt isə kirayəyə verilən mənzilin sığortalanmasıdır. Mənzillərin sığortalanması isə Fondun xərclərinə daxildir.

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə vermək üçün yaşayış sahələrini satın alacaq.

Prezident fərmanında göstərilir ki, kirayəyə yalnız 2013-cü ildən – Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilərək üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış çoxmənzilli binalarda yerləşən təmirli yaşayış sahələri verilə bilər.

Kirayə mənzillər vətəndaşlara tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə təhvil veriləcək.

Kirayə evlər əhaliyə nə vaxtdan və necə veriləcək?

Sənədə əsasən, müraciətlər növbəlilik əsasında elektron sistemlə qəbul olunacaq.

Vüqar Bayramov bildirir ki, Fond beş iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək.

"10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq. Bundan sonra üç iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə minəcək”.

Elektron sistem fəaliyyətə başlayanadək, nəzərdə tutulmuş əməliyyatların yazılı formada həyata keçirilməsi nəzərdə tutulur.

İqtisadi təhlilçi Vüqar Bayramov kirayə mənzil verilməsi prosesini 2019-cu ilin ikinci yarısı üçün proqnozlaşdırır. "Mümkündür ki, fond müxtəlif binalardakı satılmamış hazır mənzilləri kirayəyə çıxara bilər”, təhlilçi deyir.

Qiymətlər nəyə əsasən təyin olunacaq?

"Qaydalara əsasən, yaşayış sahəsinin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən etməlidir”, sənəddə belə göstərilir.

Vüqar Bayramov düşünür ki, "evin yerləşdiyi ərazi qiymətlərin təyini baxımından önəmlidir”.

"Bu, birbaşa xərclərə təsir göstərir. İpoteka fondunun cəlb etdiyi vəsaitləri nəzərə alsaq, güman olunur ki, bazar qiymətlərinə uyğun qiymətlər olacaq. Ancaq Türkiyə və Rusiya təcrübəsinə baxsaq, belə mənzillərin kirayəsi bazar qiymətindən yüksək olmur”, iqtisadçı deyir.

Kirayə mənzilin sosial evlər və güzəştli ipoteka kreditindən fərqi nədir?

Kirayəyə mənzil götürərkən, bir illik kirayə haqqı əvvəlcədən ödənməlidir. Güzəştli ipoteka kreditində isə əmlakın dəyərinin müəyyən faizi əvvəlcədən ödənməlidir.

Vüqar Bayramov kirayə mənzili Mənzil İnşaatı üzrə Dövlət Agentliyinin xəttiylə vətəndaşlara satılan güzəştli mənzillərlə müqayisə edərək deyir ki, güzəştli mənzillərin ilkin ödənişi daha çoxdur, üstəlik mənzil sahibi olan şəxs evi aldıqdan sonra ödəniş etməyə başlayır.

"Lakin kirayə mənzillərdə isə evi kirayəyə götürən şəxs 12 ayın haqqını əvvəlcədən ödəyir və bir də ikinci ilin birinci ayından ödəniş etməyə başlayır”.

Digər bir fərq isə kirayə müqaviləsi bağlandıqdan sonra evin alış qiymətinin tam ödənişinin 3 ildən tez həyata keçirilməsinin mümkünsüzlüyüdür.

"Yalnız 3 ildən sonra mənzilin alış qiymətini vaxtından qabaq ödəyən vətəndaşlar üçün Fond tərəfindən mənzilin ümumi qiymətinə güzəştlərin tətbiqi nəzərdə tutulur”, iqtisadçı vurğulayır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...