Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elinanın valideynlərinin tələbi RƏDD EDİLDİ - Məktəb direktoru həbsxanaya göndərilmədi

Məktəbli Elinanın ölümünə görə məktəb direktoru yenidən hakim önünə çıxarılıb.

Mynews.az musavat.com-a istinadən xəbər verir ki, 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasova məhkəməyə gətirilib.

Onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün mərhumun anası və vəkilləri Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bu gün Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası bu şikayətə qapalı iclasda baxıb.

Zərərçəkmişin vəkilləri bildirib ki, məhkəmə şikayəti təmin etməyib.

Ailə üzvləri direktor barəsində seçilmiş ev dustaqlığının həbs-qətimkan tədbirilə əvəzlənməsini istəyirdi. Amma məhkəmə müraciəti təmin etməyərək belə əsas gətirib ki, Sevinc Abbasova istintaqın bütün çağırışlarına gəlir, istintaqın gedişinə mane olmur. Qanuna görə, qətimkan tədbiri məsələsində apellyasiya məhkəməsinin qərarı qətidir və ondan şikayət vermək nəzərdə tutulmayıb.

Vəkil Sevinc Əliyeva bildirib ki, istintaqın gedişində həkim səhvinə dəlalət edən halların olduğu müəyyən edilib. Amma ekspertiza həkimlərin xeyrinə rəy verib. Belə ki, ekspertiza rəyinin məzmunu təxminən belədir ki, xəstəxanaya gec çatdırılıb deyə, onu xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, məhkəmənin qərarı ilə Sevinc Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, ev dustaqlığındadır. Məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. S.Abbasovaya qarşı Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...