Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bazarı bağlanan reketlər, “mələyən keçi” obrazında pul davası edənlər…

Hər kəs “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilini yaxşı tanıyır. İti qələminə, ictimai maraqlar naminə atdığı addımlara, milli mənafenin müdafiəsi üçün yazdığı yazılara görə yox, yalnız reketçiliyinə, şantajlarına və pul davalarına görə... Jurnalistikanı yaradıcılıq peşəsi kimi deyil, hədə-qorxu gəlmə aləti kimi istifadə edən Asif Mərzili haqqında dəfələrlə şikayətlər olub, onun haqqında müvafiq tədbirlər də görülüb. Təsəvvür edin, Asif Mərzili nə qədər şöhrət və pul düşkünüdür ki, diplomatik korpuslara belə “hücum” etməkdən çəkinməyib.

Xatırlayırsınızsa, “Təzadlar” qəzeti 2009-cu ildə Türkiyənin Azərbaycandakı səfiri Hulusu Kılıç barədə məqalə dərc etmişdi. Məqalə Asif Mərzilinin həsəd və qısqanclıq hissləri zəminində yazılmışdı və reallıq bu idi ki, keçmiş səfir həmin vaxtlarda redaksiyalara baş çəkir və kiçik xatirə hədiyyələri təqdim edirdi. “Təzadlar” isə bunu səfirliyin guya mətbuatı ələ alması kimi göstərmişdi. Halbuki səfir “Təzadlar”ın redaksiyasını ziyarət etsəydi, bu bəsit motivə əsaslanmış iddia ortaya çıxmazdı. Bu, əlbəttə ki, Asif Mərzilinin mətbuatı özünə müdafiə çətiri etməklə törətdiyi cinayət xarakterli əməllərdən sadəcə biridir.

Ümumiyyətlə, Asif Mərzilinin reket xarakterli addımları cəmiyyətimizdə böyük narazılıqlar yaradıb və onun haqqında Mətbuat Şurasına (MŞ) çoxsaylı şikayətlər daxil olub. Belə ki, MŞ-nin monitorinq qrupu “Təzadlar” qəzeti və A.Mərzili barədə vətəndaşlardan, ayrı-ayrı idarələrdən daxil olmuş şikayətlər üzrə təqribən 30-a yaxın məqaləni təhlil etmişdi. Bəlli olmuşdu ki, bu yazılarda ayrı-ayrılıqda ən yaxşı halda 30-a qədər səhv var və bu səhvlərin hər biri narazılıq üçün əsas verir. Yanlış, yalan yazmaq, marağı tələb edəndə məsələləri şişirdib əndazədən çıxarmaq, şər və böhtan atmaq, istənilən vasitə ilə şəxsi maraqlarını təmin etməyə çalışmaq Asif Mərzilinin ənənəvi iş üslubudur. Belə yanaşma jurnalistikanın təməl prinsiplərinə ziddir. Məhz, bu səbəblərdən də “Təzadlar” qəzeti Mətbuat Şurasının “qara siyahısı” na salınmışdı.

Mətbuat cameəsinin nümayəndələri yaxşı bilirlər ki, Mətbuat Şurası medianın özünütənzimləmə qurumu qismində jurnalistlərin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na (AİPDQ) nə dərəcədə riayət etmələrinə nəzarəti həyata keçirir, peşə prinsiplərini pozan KİV-lərə yol verdikləri yanlışlıqları xatırladır, nöqsanların aradan qaldırılması üçün tövsiyələr ünvanlayır. Qurumun AJPDQ-nin prinsiplərini düşünülmüş şəkildə, hansısa maraqlar naminə pozmuş KİV-lərə qarşı ictimai qınaq tədbiri - “xəbərdarlıq”, “ciddi xəbərdarlıq” və nəhayət “qara siyahı”ya daxil etməkdir. “Təzadlar” ilə bağlı hər 3 prosedur tətbiq olunmuşdu: müxtəlif vaxtlarda yayımladığı və AJPDQ-nin prinsiplərini kəskin şəkildə pozulduğu məqalələrinə görə nəşrə xəbərdarlıqlar edilmiş və əlbəttə ki, nəticə çıxarmadığı üçün onun adı “qara siyahı”ya salınmışdı.

Amma təbiətinə, xislətinə və reket fəaliyyətinə uyğun olaraq A.Mərzili hər zamankı kimi “Təzadlar” qəzetinin “qara siyahı”ya daxil edilməsini şərtləndirən nöqsanları aradan qaldırmaq, fəaliyyətində dönüş etmək əvəzinə fərqli yollar axtarmışdı. A.Mərzilinin mütəmadi olaraq Azərbaycan Mətbuat Şurasına və MŞ-nin İdarə Heyətinin ayrı-ayrı üzvlərinə qarşı şər, böhtan atması da onun reketlik təbiətindən irəli gəlirdi. Maraqlıdır ki, A.Mərzili MŞ İdarə Heyətinin bəzi üzvlərini sərt tənqidə məruz qoyduğu halda, qurumun digər üzvlərinə belə demək mümkünsə, “separat danışıqlar” təklif edirdi, bir növ, ikitirəlik yaratmağa köklənirdi, öz aləmində “siyasi oyun” qururdu...

Atalar yaxşı deyiblər ki, “qozbeli qəbir düzəldər”. Reket fəaliyyətinə görə Mətbuat Şurasının “qara siyahısı”na düşən “Təzadlar”ın “baş yazarı” indi də pul hərisliyi naminə “qələmini” KİVDF-yə tuşlayıb. Ayrı-ayrı məmurların adını çəkərək guya qərəzlilik etmədiyini sübut etməyə çalışan Asif Mərzili əslində çap mətbuatı üçün ayrılan yardımlardan ona niyə çatmadığından şikayətlənir. Sual etmək lazımdır ki, Asif Mərzilinin Azərbaycan mətbuatı və ya cəmiyyətinin inkişafında hansı xidmətləri var? Yaxud, “Təzadlar” qəzeti nə zaman ictimai maraqların müdafiəçisi kimi çıxış etdi ki, ona da diqqət göstərilsin? Hər zaman reketçiliyə və şantaja görə gündəmə gələn bir qəzetə dövlət niyə yardım etməlidir? Pul üçün özünü “mələyən keçi” yerinə də qoyan Asif Mərzili görəsən hansı vicdanla və sifətlə hələ də mətbuatda qalmaq istəyir?!

Qabil Zeynallı 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...