Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xocalıda 8 gün əsirlikdə qalan qadın - Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Mynews.az azxeber.com-a istinadla xəbər verir ki, həmin gecə ermənilər tərəfindən Xocalıda girov götürülən Dürdanə Ağayeva Trend-ə xocalıların başına gətirilən dəhşətlərdən danışıb. Dürdanə xanım Xocalının fədakar və sonadək iş başında olan rabitəçilərindən olub. O deyir ki, ilk dəfə ermənilər Xocalıya 1988-ci il sentyabrın 18-də silahlı hücum etdilər:

"Həmin vaxt Xocalıda toy məclisi var idi. Ermənilər xocalıların başının toya qarışdığını zənn edib şəhərə silahlı hücum etdilər. Xocalı kişiləri onda ermənilərin layiqli cavabını verdi və onlar geri çəkildilər. Həmin vaxtdan Xocalı mühasirədə saxlanılırdı. O gündən bizim faciələrimiz başladı. 4 il blokadada yaşadıq. Amma xocalılar torpağı qoyub qaçmadı. Xocalıda kişilər ailələrini şəhərdən çıxarmaq istədilər, amma heç bir qadın həyat yoldaşını, qardaşını orda qoyub qaçmadı. Qadınlar sona qədər şəhərdə ailələrinə dəstək oldu".

D.Ağayeva deyir ki, 1992-ci il fevralın 25-də gecə Xocalının işıqları söndürülür:

"O vaxt mənim 20 yaşım var idi. Xocalıda rabitəçi işləyirdim. Gecə Xocalı qəfil atəşə tutuldu. Bildirdilər ki, artıq Xocalı aeroportu ermənilər tərəfindən alınıb. Şəhər birdən-birə atəşə tutuldu, evdən çölə çıxmaq mümkün deyildi. Biz sürünə-sürünə küçələrə axışdıq. Güllələr sel kimi yağırdı. Ayaqüstə duran adamı vururdular. Sürünə-sürünə Xocalıda körpünün altına gəldik, hamı orada idi. Oradan biz meşə ilə Ağdama tərəf getmək istədik. Meşədə qarın içində ağaclardan tuta-tuta yeriyirdik. Qoca, cavan, uşaq, bütün xocalılar meşə ilə dağı aşmağa çalışdıq. Qadın gördüm, körpə balasını boğub öldürdü ki, ermənilər səs eşidib gəlməsin. Meşədə kol-kosdan və qardan yerimək mümkün deyildi. Kiminin ayağını don vurdu, kiminin əlini. Uşaq yemək istəyirdi, ana yerdən qarı götürüb yemək adı ilə uşağa verirdi".

Faciə şahidi deyir ki, zorla meşəlikdən dağı Ağdam rayonu tərəfə aşmaq istəyəndə qarşılarını əli avtomatlı ermənilər kəsib:

"Heç kimə baxmadan, qoca, uşaq, qadın bilmədən hamını gülləbaran elədilər. Mən ayağımdan yaralandım və huşumu itirdim. Ayılanda gördüklərimdən dəhşətə gəldim. Hər yer qan, hər tərəfim meyit idi. Yanımda bir hamilə qadın uzanmışdı, zarıyırdı. Qadının qarnında körpəsini güllələmişdilər. Bizdən bir-iki metr qarşıdan səs gəldi, əmr verdilər ki, qalxın ayağa. Bizi əllərimiz boynumuzun arxasında sıraya düzüb qadınları ayrı, kişiləri ayrı apardılar. Qadınları Əsgəran rayon Polis Şöbəsinə gətirdilər. Polis şöbəsinin qarşısında erməni qadınlar bizi daşlamağa, təhqir etməyə başladılar. Sonra bizi polis şöbəsinin zirzəmisinə saldılar. Qardaşım da mənimlə girov götürülmüşdü, onu məndən ayırdılar. Zirzəmidə 50-yə yaxın qadın, uşaq var idi. Qadınları təhqir edir, işgəncələr verirdilər. Bir gecə qız və qadınlara orada işgəncə verdilər".

Dürdanə Ağayeva bildirir ki, fevralın 27-də gecə qadınları benzin yanacağı ilə dəyişdilər:

"Onların yanacağı yox idi. Mən isə qapının arxasında gizləndim, qızlarla çıxmadım. Çünki anam yolda ölmüşdü, qardaşlarımdan xəbərim yox idi. Mən Azərbaycan tərəfə keçə bilməzdim. Qızları təhvil verəndən sonra məni tapdılar və qara günlərim də ondan sonra başladı. 8 gün mənə olmazın işgəncələr verdilər, buz kimi yerdə saxladılar. Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü. Karen palçıqlı ayaqqabısını ağzıma sürtüb mənə torpaq yedirtmək istəyirdi. Mənə çox dedilər ki, denən Qarabağ ermənilərindi, səni buraxacağıq, amma mən heç nə demədim və buna görə də 8 gün dəhşətli işgəncələrə məruz qaldım. Hər gün məni bir neçə dəfə döyürdülər, tələb edirdilər ki, Qarabağın ermənilərə məxsus olduğunu deyim".

Şahid qeyd edir ki, 8 gündən sonra mərhum Milli Qəhrəman Allahverdi Bağırovun köməyi ilə girovluqdan azad edilib:

"Əsirlikdə qadının gözü qarşısında iki oğlunun başını kəsdilər, 15 yaşlı bir oğlanın başını kəsib öldürdülər. Hamilə qadını körpəsi qarnında öldürdülər, qadının həyat yoldaşı havalandı. Tarixdə bu cür vəhşilik olmamışdı. Ermənilər bu cür vəhşilik törədiblər bizə qarşı. Gənc nəsil bu vəhşilikləri unutmamalıdır".

Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...