Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Şərur İnşaat" MTK-nın fəaliyyəti dələduzluq və təhdid üzərində qurulub - ARAŞDIRMA

Şirkətin rəhbəri İsfəndiyar Axundov “burda mənəm Bağdadda kor xəlifə” deyib, vətəndaşların haqlarını tapdalamaqda davam edir

Bu gün birmənalı fakt ondan ibarətdir ki, Azərbaycan öz iqtisadi inkişafına, əhalinin sosial vəziyyətinin yüksək olmasına görə dünyada nümunə sayılan dövlətlərdəndir. Söz yox ki, sosial-iqtisadi siyasətin müsbət nəticələr verməsinin başlıca səbəbi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Prezident İlham Əliyev iqtisadiyyatın çox şaxəli istiqamət üzrə inkişafının təmin edilməsi və sahibkarlığın yüksək nəticələr verməsi üçün siyasi iradə ortaya qoyub. Özəl sektor dövlətin yaratdığı bu yüksək imkan və şəraitdən geniş şəkildə bəhrələnir. Məhz bunun nəticəsidir ki, bu gün iqtisadiyyatda özəl sektorun payı 55-60 faiz təşkil edir. Amma təəssüflər olsun ki, bəzən özəl sektorun sahibləri yaradılan bu şəraiti lazımınca dəyərləndirə bilmirlər. Yəni yalnız şəxsi mənafelərini düşünürlər. Bu yolda vergidən yayınılır, insanlar aldadılır, çıxarışlar müxtəlif bəhanələrlə verilmir və digər qanunvericiliyin tələblərini pozulması hallarına yol verilir.

Heyvan ac, insan tox olanda qudurar

"Şərur İnşaat" tikinti şirkətinin bəzi məqamlarda nümayiş etdirdiyi qeyri-qanuni əməllər qeyd olunanlara misal ola bilər. Redaksiyamıza "Şərur İnşaat" MTK-nın müxtəlif gözqamaşdırıcı elanları ilə insanları aldatması, alqı-satqı müqaviləsi zamanı qiymətlərin şişirdilməsi, faizlərin yüksək olması barədə çoxsaylı şikayət məktubları və telefon zəngləri daxil olub. Ümumiyyətlə, bu başıbəlalı tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun Beynəlxalq Bankdan milyonlarla manat kredit götürüb mənimsəməsindən, övladının “dəcəlliy”indən, özünün müəyyən sərgüzəştlərindən, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, imkansız insanların haqlarını yeməsindən, hüquqlarını pozmasından mətbuatda çox yazılıb, sosial şəbəkələrdə paylaşmalara edilib, internet tv-lərdə müzakirələr aparılıb. Amma nə faydası, şirkətin rəhbəri İsfəndiyar Axundov “burda mənəm Bağdadda kor xəlifə” deyib, əlləm-qəlləm əməllərindən əl çəkmir. Bu isə, cəmiyyətə hörmətsizlikdir və bu hörmətsizliyin bir adı ola bilər, qudurğanlıq və harınlıq. Bu yerdə deyiblər, heyvan ac, insan tox olanda qudurar. Heyvanı haradasa başa düşmək olar, acdır və qarnını doyurmaq üçün yem istəyir. İnsanın isə, tox qarına qudurğanlıq etməsi, heç də, başa düşülən deyil. Necə ki, zamanında kasıb, imkansız birisi olan İ.Axundov tikinti baronu olduqdan sonra insanlara yuxarıdan aşağı baxması və şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, imkansız ailələrin dişləri və dırnaqları ilə yığdıqları pulları müxtəlif maxinasiyalarla ələ keçirir. Bu yaxınlarda mətbuatda yazırlar ki, İsfəndiyar Axundov Xızı rayon İcra Hakimiyyətini məhkəməyə verib. Nədi-nədi rayonda zəbt etdiyi torpaq sahəsində əkin-biçinlə məşğul olmaq istəyir və guya buna da rayon icra hakimiyyəti mane olur. Tikinti baronu da qeyzlənib icra hakimiyyətini məhkəməyə verib. Hələ iddia da edir ki, guya onun hüquqları pozulub. Bu yerdə deyiblər, “Utanmasan oynamağa nə var ki”. Yüzlərlə insanın hüquqlarını tapdalayan və bundan bir növ həzz alan tikinti maqnatı özünün Xızı rayonunda hüquqlarını tapdandığını deyir və mətbuatda qıyya çəkir. Nəisə....

"Şərur İnşaat"ın insanları aldadaraq pul əldə etməsi fırıldağı ifşa olunur

"Şərur İnşaat" MTK-dan olan çoxsaylı şikayətləri yerində araşdırmaq üçün istifadəyə verildiyi iddia edilən binaların həyətlərində və hələ də tikilməkdə olan tikinti meydançalarında olduq. Koronovirus pandemiyasına qədər tikilməkdə olan binalarda təhlükəsizlik qaydalarını pozmaqla da olsa çoxsaylı işçinin çalışdığı halda, hazırda bina tikintisində işçi gözə dəymirdi. Səbəbi bəllidir, fırıldaqlar üzə çıxıb. Nədir o fırıldaq? Nazirlər Kabineti tikinti şirkətlərində çalışanlara məhdudiyyətlər qoymur, hər bir şirkət müqavilə əsasında işləyən əməkdaşlarının adlarını icaze.e-gov.az portalında qeydiyyata aldırmaqla, işlərini davam etdirə bilərlər. Ancaq məsələ ondadır ki, tikinti şirkətlərinin, o cümlədən "Şərur İnşaat" MTK-nın işçilərinin az qala 90 faizi müqaviləsiz çalışanlardır. Bunu İqtisadiyyat nazirliyi də bilməmiş deyil. Təbii ki, Əmək Müfəttişliyi də, məlumatsız ola bilməz. Bu halda sual yaranır, niyə yuxarı qurumlar "Şərur İnşaat" MTK-nın kimi tikinti şirkətlərinin qeyri-qanuni əməllərinə göz yumurlar.

"Şərur İnşaat" MTK-nın “istifadəyə verdiyi” binanın sakinləri ilə söhbətdə bəlli oldu ki, mənzil sahibləri uzun illər mənzillərində yaşamalarına baxmayaraq hələ də mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış ala bilmirlər. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev çoxmənzilli binaların istismara verilməsinin sadələşdirilməsinə dair fərman imzalayıb. Sual yaranır, niyə “Şərur İnşaat” MTK bu fərmandan irəli gələn tələblərə əməl etməklə mənzil sahiblərinə çıxarış vermək istəmir? Çünki, çoxmənzilli binaların istismarına icazə verilməsi üçün həmin binanın tamamilə tikilərək sakinlərin ixtiyarına verilməsi və binada təhlükəsizlik, kommunal xidmətlər və əhalinin rahatlığı təmin edilməsi başlıca şərtdir. Söz yox ki, “Şərur İnşaat” MTK-da çoxsaylı nöqsanlar aşkarlandığından, bina sakinləri çıxarış ala bilmirlər. Həmin noqsanların aradan qaldırılması üçün şəhid ailəsinin, Qarabağ müharibəsi veteranın, imkansız ailələrin əllərindən alınan pullardan xərcləmək lazımdır. İsfəndiyar müəllimi isə, kimin hansı iztirab, əsəb gərginliyi keçirdiyini əsla narahat eləmir. Çünki, o özünü tikinti baronu, tələblərə boyun əyməyən məxluq hesab edir.

Xətai rayonu Gəncə prospekti ev 2980/81 mənzil 22-də yaşayan Yasin Əsgərov bizimlə söhbətində şirkətin haqsızlqığından danışaraq bildirdi ki, 2009-cu il də mənzili alarkən mənə bildirildi ki, 1 il ərzində mülkiyyət hüququnu təsdiq edən sənədini ala biləcəksən: “1 il 10 il oldu, 2019-cu il də mənə və mənim kimi digər mənzil sahiblərinə bildirildi ki, tikinti şirkətindən lazımi sənədləri toplayıb “Asan Xidmət” vasitəsilə çıxarışınızı ala bilərsiniz. Sənədləri toplamaq mərhələsində məlum oldu ki, şirkət bizi məhkəməyə verib: “Guya bizə verilən mənzilin sahəsi müqavilədə nəzərdə tutulandan çoxdur və buna görə, 4200 ABŞ dolları əlavə ödəniş etməliyəm. Mütəxəsislər gəlib ölçdülər və məlum oldu ki, əslində mənzilimzin sahəsi müqavilədə yazılanların əksi olaraq 3,5 kvt metr azdır. Mütəxəsis rəyindən sonra tikinti şirkəti məhkəmə iddiasını geri götürdü, ancaq bizlərə qarşı pul tələbindən əl çəkmir. Bu baxımdan çıxarışımızı ala bilmirik”.

Həmin binanın 35 saylı mənzilinin sahibi Salman Sadiqov da deyir ki, 15 ildir ki, bu binada yaşasa da mənzilinə çıxarış ala bilmir: “2005-ci il də tikinti şirkəti ilə imzaladığım 10 illik kredit müqaviləsi əsasında mənzil aldım. Mən 3 il ərzində krediti bağladım, əlimdə şirkətin hesabına 55 min 550 ABŞ dolları ödədiyimə dair qəbzlərim var. Ancaq 15 ildən sonra gəlib deyirlər ki, əlavə 1900 ABŞ dolları da ödəməlisən. Onlara “niyə əlavə pul ödəməliyəm” sualını etdikdə cavabları o olur ki, mənzil sahəsi artıqdır. Əslində isə, mənzil sahəsi onların özlərinin tərtib etdikləri müqavilə şərtlərinə əsasən kiçikdir. Bunu mütəxəssislərdə təsdiq ediblər. Ancaq bu reallığı onlar qəbul etmək istəmirlər. Nə edək, necə edək bilmirik”.

Şirkətin min oyunu, mənzil sahiblərindən əlavə pul qoparmaqdır

Bu bir faktdır ki, hər bir dövlət və qeyri-özəl qurumlar fəaliyyətlərini Azərbaycan Respublikasının Konstitutiyasına və digər qanunvericilik aktlarına əsasən qururlar. Amma görünən odur ki, “Şərur İnşaat” MTK məcburi hesab olunan qaydalara riayət etməkdən uzaqdır. Mənzil sahiblərindən əlavə pul qoparmaq üçün özlərindən qaydalar müəyyənləşdirir, müqavilələr tərtib edirlər. Məsələn, şirkət aylıq ödənişin geçikdirilməsinə görə, dünyada analoqu olmayan dəbbə tətbiq edib. Əgər mənzil sahibləri müəyən səbəblərdən aylığı keçikdirərsə, bu zaman mənzilindən məhrum ola və ya ən azı böyük məbləğdə pul itkisinə məruz qala bilər. Xətai rayonu Gəncə prospekti ev 2980/81 mənzil 97-nin sahibi Vəli Vəliyev deyir ki, “Şərur İnşaat” MTK-ya aid olan “Unverisal” MTK-dan daxili kreditlə aldığı mənzilinin aylıq ödənişini geçikdirməsi ona baha başa gəlib: “Cəmi 10 gün gecikməm olmuşdu. Onların tərtib etdikləri müqavilə şərtlərinə əsasən, hər geçikməyə görə, 7 faiz dəbbə ödənişi olmalıdır. Ancaq ödəniş etmək istəyəndə mənə "Şərur İnşaat" MTK-nın nümayəndəsi H.Əliyev bildirdi ki, İsfəndiyar müəllim ödənişləri dayandırmağı tapşırıb. Getdim "Şərur İnşaat" MTK-nın ofisinə, İsfəndiyar Axundovla görüşdüm. Qeyd edim ki, həmin gün bizim binada yaşayanların demək olar ki, əksəriyyəti ofisdə idi, onları da eyni "problem"lə "məhşər ayağı"na çağırmışdılar. İ.Axundovun mənə sözü bu oldu ki, ödənişi gecikdirdiyim üçün indiyədək ödədiyim pulu geri qaytarır. Dedim axı mən mənzilin qiymətinin 40 faizini bina təzə tikiləndə vermişəm, indi 4 ildir ki, həmin mənzildə yaşayıram, üstəlik tam təmir işləri aparmışam. Axı mən həmin pula nə ala bilərəm? Mənə ültimativ şəkildə bildirdi ki, ya mənzili boşalt, ya da yeni qiymətlərlə (əvvəlki ödəniş hər kvadrat üçün 350 ABŞ dolları olub, yeni qiymətlə isə 650 ABŞ dollar) yeni müqavilə bağlanmalıdır. Müxtəlif instansiyalara şifahi müraciətlər etdim, cavablar təxminən bu oldu ki, sənin problemin düzələn deyil. Çünki o yeganə adamdır ki, qanunları tanımır. Amma mənim mətbuat nümayəndəsi olmağım işimə qismən yaradı. İsfəndiyar Axundov mənə "rəhm" edib yeni müqaviləni kvadratı 650 yox, 400 ABŞ dolları olmaqla bağladı. Yenə də əvvəlki müqavilədən hər kvadratına 50 dollar çox. Yeni 10 illik kredit müqaviləsi mənə əlavə 10 min ABŞ dollarına başa gəldi. Bununla da iş bitmədi, belə ki, şirkət çıxarış almağım üçün heç bir sənəd vermədi. Prezidentin məlum fərmanından sonra "Şərur İnşaat" MTK-nın ofisinə yaxınlaşdım ki, sənədləri götürüm, yenə pul məsələsi dövrəyə girdi. Dedilər bəs evin sahəsi səhv yazılıb, 76,78 kv.metr yox, 81,5 kv.metrdir. Sevindim ki, eyibi yox, təki artıq gəlsin, əlavə olaraq pul ödədim. "Asan Xidmət"dən sənədləri alanda məlum oldu ki, evin sahəsi nəinki 81,5, heç onların əvvəlki sənəddə yazdıqları 76,78 kv.metr də deyil, 73,5 kvadratmetrdir(?!). Məsələ burasındadır ki, "Şərur İnşaat" MTK-nın səlahiyyətliləri yenə də dediklərini deyirlər. Dövlət qurumunun rəqəmlərini göstərirəm, deyirlər ki, "Asan Xidmət"dəkilər səhv yazıblar. İndi qalmışam iki qurumun arasında, doğru kimdir, yalançı kim? Arada bizim inamımız və pulumuz gedir. Məcburam ki, problemi hüquq müstəvisində həllinə nail olum”.

İ.ƏLİYEV

P.S. Məsələyə aydınlıq gətirmək üçün “Şərur İnşaat” MTK ilə əlaqə saxlasaq da, onlar nədənsə sualımızı cavblandırmaqdan imtina etdilər. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...