Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Allahşükür Paşazadə - missiyasını layiqincə yerinə yetirən Şeyxülislam!

Prezident İlham Əliyev: “Heydər Əliyevin və Şeyx həzrətlərinin dostluğu dövlət-din münasibətlərinin formalaşmasında həlledici rol oynamışdır”  

Artıq bütün dünyaya bəllidir ki, Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Belə ki, ölkəmiz ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Digər tərəfdən, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Bu baxımdan, vurğulamaq yerinə düşərdi ki, dövlət-din münasibətlərinin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur. Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur və bütün dövrlərdə - həm sovet dövründə, həm müstəqillik dövründə xalqa ləyaqətlə xidmət etmişdir. Ümumiyyətlə, müasir Azərbaycanın bütün başqa istiqamətlər üzrə inkişaf konsepsiyası məhz Onun adı ilə bağlıdır.

Bu gün Ulu Öndərin siyasətinin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev cənabları dövlət-din münasibətlərinin inkişafı, tərəqqisi istiqamətində dinamik işlər aparmaqda, bu konsepsiyanın daha uğurlu mərhələlərə doğru yüksəltməkdədir. Məhz bu reallıqdan çıxış edərək həm də belə qənaətə gəlmək olar ki, Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında, ölkəmizin dünyaya ən tolerant və multikultural dövlət kimi təqdim olunmasında Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərinin nəhəng xidmətləri vardır. Əbəs deyil ki, Ulu Öndər Heydər Əliyev daim öz çıxışlarında bu barədə vurğulamış, Şeyxülislamın müstəqilliyimizin əldə olunmasında, qorunub-saxlanılmasında əzmkarlıqlar göstərdiyini bildirmişdir.

  Dövlətimizin başçısı: “Şeyx həzrətləri Azərbaycanın ümumi inkişafına çox böyük töhfə vermiş böyük şəxslərdən biridir”

  Şeyxülislam həzrətlərinin fəaliyyətini Prezident İlham Əliyev də yüksək şəkildə qiymətləndirib. “Dövlət-din münasibətlərinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır”, deyə vurğulayan dövlətimizin başçısı eyni zamanda, şeyx həzrətlərinin bu istiqamətdə çox böyük fədakarlıq və fəaliyyət göstərdiyini xüsusilə qeyd edib və bütün bunların əsasında Heydər Əliyevlə şeyxin dostluq münasibətlərinə bağlılığının olduğunu da bildirib. SİTAT: “Mən bu işlərin şahidi kimi deyə bilərəm ki, Heydər Əliyevin və Şeyx həzrətlərinin dostluğu dövlət-din münasibətlərinin formalaşmasında həlledici rol oynamışdır. Şeyx həzrətləri bu gün də dövlət-din münasibətlərinin sağlam zəmində davam etdirilməsi istiqamətində böyük işlər görür, Azərbaycanı dünyada təbliğ edir. Onun rəhbərliyi ilə aparılan işlər həm Azərbaycan xalqı tərəfindən, həm də dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Hər il bir neçə ölkədə şeyx həzrətlərinin təşəbbüsü və rəhbərliyi ilə mötəbər beynəlxalq tədbirlər keçirilir. Həm Azərbaycanda, həm Qafqazda, həm də dünyada böyük nüfuz qazanmış şeyx həzrətləri din-dövlət münasibətlərinin necə tənzimlənməsi istiqamətində atılan addımları ölçüb-biçir və bu addımlar ölkəmizin ümumi inkişafını dəstəkləyir. Şeyx həzrətləri Azərbaycanın ümumi inkişafına çox böyük töhfə vermiş böyük şəxslərdən biridir”. 

Onu da qeyd edək ki, Prezident İlham Əliyev cənabları Şeyxülislam Hacı Allahşükür Paşazadəni ölkəmizin ən ali mükafatı - "Heydər Əliyev" ordeni ilə təltif edib.     

Şeyxülislam Hacı Allahşükür Paşazadə: “Heydər Əliyev qəlbən hər zaman imanlı insan olub və mən bunun şəxsən şahidi olmuşam”  

Daha bir məxsusi məqam budur ki, Şeyxülislam həzrətləri də ona göstərilən etimad və etibara daim sədaqətini nümayiş etdirib, Azərbaycanda dövlət-din münasibətlərinin köklü əsaslara söykənməsi üçün böyük layihələrə imza atıb. O, çıxışlarında qeyd edib: “Ümumilli Lider Heydər Əliyev həzrətləri kimi şəxsiyyətlər hər bir xalq və məmləkət üçün yüzilliklər ərzində tək-tək yetişir. Bu insanın dövlətçilik, rəhbərlik qabiliyyətləri dünya miqyasında hamıya məlumdur. Lakin zənnimcə, bu görkəmli şəxsiyyətin, ilk növbədə, böyük mənəviyyat sahibi olması xüsusi əhəmiyyətə malikdir. Bu mənəviyyat illərlə, onilliklərlə onun Vətənə, millətə xidmətinin cövhərində olub". 

"Heydər Əliyev qəlbən hər zaman imanlı insan olub və mən bunun şəxsən şahidi olmuşam. Onun Allah sevgisi, dinimizə müqəddəs yanaşması, ilk növbədə, təbii ki, ailəsindən, mömin valideynlərindən qaynaqlanmışdı. Lakin o, bu sevgini həyatın bütün keşməkeşli dövrlərində hifz edərək, daha da dərinləşdirməyə, kamilləşdirməyə nail olmuşdu", deyə qeyd edən Bütün Qafqazın şeyxi həmçinin vurğulayıb ki, Allah-təala Heydər Əiyev həzrətlərini Azərbaycana böyük istəklə göndərmişdi və bu gün Ulu Öndərin siyasəti Onun layiqli varisi İlham Əliyev cənabları tərəfindən mütərəqqilik və müdrikliklə davam etdirilməkdədir: “Onun gördüyü işlər, dediyi sözlər bu gün İlham Əliyev həzrətləri tərəfindən davam etdirilir.  

Dünyanın ən müqəddəs yerində, yalnız seçmə insanların ayaq basdığı Kəbə evinin daxilində Azərbaycan Prezidenti böyük ata kimi Allahdan millətimizi hifz etməsini, xalqının bəlalardan qurtulmasını diləyir, dövlətimizin müstəqillyinin əbədi, həyatımızın firavan və xeyir-bərəkətli olmasını arzulayırdı".  

Şeyx həzrətləri:“Biz İlham Əliyevin rəhbərliyi ilə inşəallah əzəli torpaqlarımızı da qayataracağıq”

  Daha bir tarixi məqam Şeyxülislam həzrətlərinin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşməsidir. O, Heydər Əliyev vaxtilə SSRİ rəhbərliyində olarkən Kommunist partiyası Siyasi Bürosunun gizli qərarları barədə onunla müzakirələr apardığını açıqlayıb: Mənə hər dəfə deyirdi ki, xüsusən İslamın qabağını tutmaq istəyirlər, amma xristianlara dəymirdilər. Kommunist Partiyasını Siyasi Bürosunun qərarları, kommunist tendensiyası öz təsirlərini göstərdi. Məscidlərimiz dağıldı, alimlərimiz Sibirdə çürüdü, kitablarımızı yandırdılar, basdırdılar. Amma imanımızı basdıra bilmədilər. Çünki bizim Heydər Əliyev kimi oğullarımız vardı".  

QMİ sədri bildirib ki, sonralar Heydər Əliyevin səy və iradəsi hesabına müqəddəs dəyərlərin dirçəldilməsi, dini məbədlərin bərpası, dövlət rəhbərimizin mərasimlərdə fəal iştirakını gördükcə bir daha hamıya bəlli olurdu ki, illər uzunu hökm sürən ateist təbliğatı onun qəlbinin dərinliklərində kök salmış Allah sevgisinə zərrə qədər xələl gətirməyib, bu sevgi övladlarına da sirayət edib, onlar da müqəddəs dinlərinə ehtiram ruhunda tərbiyə olunublar: "Sonuncu dəfə ümrə ziyarətində olarkən Prezident İlham Əiyev və onun ailəsində olan iman məni çox təəccübləndirdi. Biz İlham Əliyevin rəhbərliyi ilə inşəallah əzəli torpaqlarımızı da qayataracağıq. Allah bizə xoşbəxtliyi nəsib edəcək".

Allahşükür Paşazadə Şeyxülislam olaraq öz missiyasını layiqincə yerinə yetirib və yetirir!   

Bütün bu həqiqətlərdən həm də belə nəticə hasil edə bilərik ki, bəli, Allahşükür Paşazadə nüfuzlu ictimai xadim kimi səciyyələndirilir və onun gördüyü işlərin hər birinin təməlində yalnız dinə, imana bağlılıq dayanmayıb, həm də Vətənə, dövlətə olan sonsuz məhəbbət reallığı mövcud olub, bu gün də belədir. Tarix də göstərir ki, Azərbaycan müstəqillik əldə etməzdən əvvəl şeyxülislamlıq müəyyən çərçivəyə alınmışdı. Dövlət müstəqilliyinin bərpasından sonra isə şeyxülislamlıq tamamilə yeni müstəviyə qədəm qoydu. Bu, ilk növbədə, Allahşükür Paşazadənin adı ilə bağlıdır. Azərbaycan müstəqilliyinin ilk illərindən böyük dövlətlərin marağında idi. Paşazadə həzrətləri həmin illərdə məsuliyyəti öz üzərinə götürdü və mənəvi birliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Beləliklə o, Azərbaycanda milli-mənəvi birlik modelini yaradıb. Bu gün bütün dünyada böyük hörmətə malik olan Allahşükür Paşazadə Azərbaycandakı tolerant mühiti beynəlxalq aləmdə tanıdır. Şeyxülislam, eyni zamanda, sülh missiyası həyata keçirən diplomatdır və İslam dövlətləri arasında münasibətlərin möhkəmləndirilməsində də böyük rol oynayıb, müsəlman ölkələrinə təcavüzlərə qarşı daim etirazını bildirib. Allahşükür Paşazadə Şeyxülislam olaraq öz missiyasını layiqincə yerinə yetirib və yetirir. 

             

Rövşən RƏSULOV

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...