Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

COVID-19-dan ölən həkimin həmkarı: “Onu bütün Gəncə sevirdi... - Bağışla, dostum” - FOTO

“O, insanlara kömək etdi, çoxunu xilas etdi, özünü isə qurtara bilmədilər”.  

Bunu “Facebook” səhifəsində iyunun 11-də koronavirus infeksiyasından vəfat edən Mehman Hüseynovun həmkarı, travmatoloq Vüsal Tahirov yazıb.

V.Tahirov bildirib ki, COVID-19 virusuna yoluxan M.Hüseynovu özünün də bir həftədir müalicə aldığı xəstəxanaya yerləşdiriblər.

“Bir saatdan sonra vəziyyətimi öyrənmək üçün mənə zəng etdi. Müalicəmin necə getməsi ilə maraqlandı. Ümumiyyətlə, bu adam kim olmasından asılı olmayaraq, hər kəsə çox qayğıkeş münasibət bəsləyirdi. Mehman ağır tale yaşamış və çox qeyri-adi həyat yolu keçmiş insandır”, - deyə V.Tahirov qeyd edib.

Onun sözlərinə görə, hər insan belə çətin sınaqlardan keçə bilməz.

Mərhum barədə söz açan V.Tahirov vurğulayıb ki, M.Hüseynov Çernobıl hadisələrini, Qarabağ müharibəsini görmüşdü, ata olandan sonra isə Tibb Universitetinə qəbul olmuşdu.

“O, həkim olmaq istəyirdi və məqsədinə nail oldu. Gəncədə hamı onu sevirdi. 3 nömrəli xəstəxananın ən ağır şöbəsi hesab olunan travmatologiyada işləyirdi. Çoxlarını xilas edib, kömək olub... Onun özünü isə qurtara bilmədilər. O, bu dünyanı tərk etdi.

Sən bizə qayğı göstərdin, biz isə sənə qayğı göstərə bilmədik, qardaş. “Uşaqlıq” edib, bəzən səndən şikayət edən bütün naşükür xəstələri bağışla.

Səni xilas edə bilməyən həmkarlarını bağışla, onlar əllərindən gələni etdilər. Bağışla ki, sonuncu dəfə palatama gəldiyin gün səni axırıncı dəfə qucaqlamadım. Ruhun şad olsun, əziz dostum”, - V.Tahirov yazıb.

Qeyd edək ki, bir müddət əvvəl verilən məlumata əsasən, travmatoloq Mehman Hüseynov (1970-ci il təvəllüdlü) Bakı şəhərində yerləşən xüsusi rejimli xəstəxanada müalicə alırdı.

Bu barədə endokrinoloq Yeganə Muradova sosial şəbəkədə məlumat vermişdi.

“Virusa inanmayanlar, bu gün biz tələbə və iş yoldaşımızı itirdik. Biz sona qədər inanırdıq ki, o sağalacaq. Ailəsinə səbir diləyirəm. Allah rəhmət eləsin”, - Y.Muradova şəxsi səhifəsində yazıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...