Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vaqif Əsədov - "Mən bu görüntülərdən dəhşətə gəldim" - VİDEO

Bir gün əvvəl bir neçə gəncin 07 markalı avtomobillə yüksək sürətli  yolda hərəkətin əks istiqamətində hərəkət etmələrinin video görüntüləri yayılıb.
 
Videoda avtomobili idarə edən şəxslərin maşını hərəkətin əks istiqamətində sürmələri və bu zaman da musiqiyə qulaq asaraq kifayər qədər əyləndikləri nəzərə çarpır. Qeyd edək ki, hadisə zamanı yolla hərəkət edən yük maşınları hava nisbətən qaraldığı üçün uzaqvuran işıqları yandırıblar. Bu isə yaşanan təhlükəni dəfələrlə artırıb. Kifayət qədər təhlükəli anların yaşandığı videoda gənclərin alkoqol və ya narkotik maddələrin təsiri altında olduğunu təxmin etmək olar. 
 
Mynews.az xəbər verir ki, BAKU.WS redaksiyası bu video görüntüləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədova göndərərək münasibət öyrənib. Vaqif Əsədov bu görüntülərə etinasız baxa bilmədiyini söyləyib. 
 
"Mən bu videoya baxdım və dəhşətə gəldim. Bu insanlar təkcə özlərini deyil, həmçinin yolda olan digər sürücüləri də təhlükəyə atırlar. Onlar sanki, bu vəziyyətdən zövq alır və bunu böyük qəhrəmanlıq kimi təqdim edirlər. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi olaraq biz bu şəxslərin tutulub məsuliyyətə cəlb olunması üçün bütün vasitələrimizi səfərbər edəcəyik. Görüntüləri diqqətlə analiz edib, bu yolun harda olduğunu kameralar vasitəsilə dəqiqləşdirməyə çalışacağıq. Onların səsindən və görüntülərindən şəxsiyyətlərini müəyyənləşdirərək məsuliyyətə cəlb edəcəyik. Çünki, insanların bu cür təhlükəli hərəkətləri onların təkcə özlərinə deyil, həmçinin də ətrafdakı digər günahsız insanların da həyatına son verə bilər. Biz həmçinin də sürücüləri və sakinləri də belə insanlara qarşı diqqətli olmağa çağırır, şahidi olduqları bu cür qanun pozuntularını ictimailəşdirilməsində yardımçı olmağa səsləyirik”, - deyə Vaqif Əsədov bildirib. 
 
Vaqif Əsədov daha sonra bu cür faktların aşkarlanmasında  və yayılmasında KİV nümayəndələrinin əvəzolunmaz rolu olduğunu da vurğulayaraq onlara öz təşəkkürünü bildirib. 
 
Mövzunu diqqətdə saxlayırıq.   
 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...