Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zorakılıq qurbanları üçün 10 sığınacaq var - Azərbaycanda

Dövlət sığınacaqları olmadığına görə zorakılıq qurbanları dövlət orqanlarına müraciət etdikdə onların müvəqqəti yerləşdirilməsi problemi ortaya çıxır.

Mynews.az Trend-ə istinadən xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda zorakılıq qurbanları üçün QHT-lər tərəfindən yaradılmış və akkreditasiyadan keçmiş 10 yardım mərkəzi – sığınacaq var:

“Ancaq dövlət sığınacaqları yoxdur. Dövlət sığınacaqlarının olması çox vacibdir. Sığınacağın olmaması məhkəmələrin, daxili işlər orqanlarının, Komitənin, bir sözlə bütün dövlət qurumlarının işlərində müəyyən problemlər yaradır. Çünki qurban gələndə onun müvəqqəti yerləşdirilməsi məsələsi ortaya çıxır. Sığınacağın, yəni yardım mərkəzlərinin yaradılması səlahiyyəti birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Həmin mərkəzlərin yaradılması işi bu nazirlik tərəfindən aparıla bilər”.

E.Səfərov deyib ki, hazırda əsas məsələ dövlət sığınacaqlarının QHT-lərin yaratdığı mərkəzləri əvəz etməsi və onların sayının çox olması deyil.

Komitə rəsmisinin sözlərinə görə, ilkin olaraq, 3-4 dövlət sığınacağı olmalıdır. Onlar da nümunəvi standartlarla fəaliyyət göstərməlidirlər: “Türkiyədə hər 50 min əhali üçün 1 yardım mərkəzi yaradılıb. Bu gün Azərbaycanda 10 milyona yaxın əhali var və yalnız QHT-lər tərəfindən yaradılmış 10 yardım mərkəzi fəaliyyət göstərir. Belə çıxır ki, Azərbaycanda hər sığınacağa 1 milyon əhali düşür. Bu da yetərli hesab edilmir. Avropa Şurasının Qadınlara qarşı qorakılığın və məişət zorakılığın qarşısının alınmasına dair Konvensiyasına ( İstanbul Konvensiyası) görə, dövlət tərəfindən hər 200 min əhali üçün heç olmasa 1 sığınacaq olmalıdır”.

E.Səfərov əlavə edib ki, zorakılıq hallarının azaldılmasından ötrü zorakılıq qurbanı olan şəxslər üçün mühafizə orderinin tətbiqi ilə bağlı əsas problemlərdən biri sığınacaqların olmamasıdır.

O əlavə edib ki, sığınacaq olmadıqda qurbanın təhlükəsizliyinin təmin edilməsi mümkünsüzdür:

“Bütün struktur qurulduqda, mexanizm fəaliyyət göstərdikdə mühafizə orderlərini tətbiq etmək mümkündür. 2013-cü ildən indiyədək 20-dək mühafizə orderi tətbiq edilib. Hər il 4-6 uzunmüddətli və qısamüddətli mühafizə orderinin tətbiqi barədə qərar qəbul edilir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...