Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"İnşaatçılar" metrosunun I vestibülü açılır

Sabah səhər saat 6:00-dan metronun "İnşaatçılar" stansiyasının birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayacaq.

Mynews.az-ın məlumatına görə, bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, 1986-cı ildə istifadəyə verilmiş stansiyanın birinci vestibülü təmir-bərpa işlərinin aparılması, xüsusən də istismar müddətini başa vurmuş eskalatorların müasir analoqları ilə əvəzlənməsi məqsədilə 2017-ci il yanvar ayının 23-dən sərnişinlərin giriş-çıxışına bağlanmışdı:

"Təmir müddətində stansiyanın 30 illik istismar müddətini baş vurmuş ET-5 tipli 3 eskalatoru Almaniyanın "Thyssen Krupp" şirkətinin "Tugela" tipli analoqları ilə əvəzlənib. Bu eskalatorlar daha qənaətcil, yığcam, lakin iş qabiliyyəti və funksionallığı daha təkmilləşdirilmiş, həm də müasir estetik görkəmi ilə seçilir. Ötən müddət ərzində eskalatorların maşın zalı, vestübülün kassa zalı tam yeniləşdirilib, mərmər-qranit örtüyü dəyişdirilib. Sərnişin keçid məntəqəsində yeni avtomat-nəzarət buraxılış köşkü və aparatları qoyulub. Əvvəlki kassa zalının qarşısında «BakıKart» kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa olunub. Bundan savayı, həm girişdə eskalatorlara qədər, həm də eskalatorlardan çıxış qapısına qədər relyefli səthə malik tametdən yaradılmış zolaq tətbiq edilib və bu, görmə məhdudiyyətli sərnişinlərin özünün səmti asanlıqla müəyyənləşdirməsi üçün nəzərdə tutulub".

N.Paşayev deyib ki, təmir dövründə vestibülün bütün elektrik təchizatı, yanğın təhlükəsizliyi və elektromexaniki qurğuları yeniləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...