Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lələtəpə şəhidinin HEKAYƏSİ - FOTOLAR

Gecənin bir aləmi Füzuli rayonunun Əhmədalılar kəndindəki  400-dən artıq evin sakini top mərmilərinin səsinə oyandılar. Atəş səsləri bizim tərəfdən gəlirdi. Bizimkilər atırdılar. Yenə yuxular ərşə çəkildi.
Elə bu vaxt Azər Həmidovun telefonuna mesaj gəldi. Ön xəttdə xidmət edən qardaşı Orxan Həmidov idi. Yazırdı ki, “Toya gedirik. Uşaqları  evdən  çıxart. Vəziyyət gərgindir.  Özün onlarla ol. Məndən nigaran olmayın…”.
Modern.az saytı vətəni qibləgah edən “Aprel şəhidləri” illə bağlı növbəti yazını təqdim edir…

Gecə saat 3-də komandanlıqdan  əmr gəldi ki, düşmən yenə  ön cəbhədə Füzuli, Ağdərə, Cəbrayıl istiqamətində təxribat törədib.  Hücumun qarşısı alınmalıdır.  Uzun illərdən bəri kiçik döyüşlərdə, kəşfiyyat qrupları ilə birlikdə həyata keçirdikləri əməliyyatlarda bilik və bacarıqlarını  göstərən əsgər və zabitlərə belə xırda əməliyyatlar bəs etmirdi. Onlar Vətən torpağını xilas etmək üçün əmr gözləyir, məqam axtarırdılar ki, illərlə yığılıb qalan döyüş ruhlu enerjilərini boşaltsınlar.
Hərbçilər hər döyüşə, əməliyyata həqiqətən də  toya hazırlaşırmışlar kimi, yüksək əhval-ruhiyyədə gedirdilər. N  saylı hərbi hissənin əsgərləri və kəşfiyyat qrupu da həmən yüklərini tutub, deyilən istiqamətdə  hərəkətə başladılar.  Vətən torpağını azad etməyə gedən əsgərlər düşmənin atəşlərinə  layiqli cavab verirdilər.


Lələtəpə tərəfdən başlayan hücuma əvvəlcə 7 nəfərlik kəşfiyyat qrupu keçdi. Sonra isə Ruhin, Elnur, Orxan, Səyyar , Ayaz  və digər döyüşçülər mövqelərini müəyyən edərək irəliləməyə başladılar. Səhər  saat 5-ə10 dəqiqə qalmış bölüyün  döyüşçüləri düşmənin illərlə əlində saxladığı postu vurub keçdilər.  İrəlilədikcə gözlərinə heç nə görünmürdü. Torpaq əsgərlərə güc verir, hətta  ən yaxın dostlarının belə,  yaralanıb və ya həlak olduğunu görsələr də, dayanmırdılar.  Sən demə TORPAQ dostdan, qardaşdan, anadan da əziz olurmuş.  Hər qarış, hər kilometri  irəlilədikcə, əsgərlərdə döyüş ruhu yüksəlirdi.
Artıq  döyüşçülər Lələtəpə yüksəkliyinə doğru irəliləməyə başlamışdılar. Bu təpənin illərlə geri alınmasını gözləmişdilər. Bu gün isə başqa gün idi. Nə idisə, uğur onlara birlikdə irəliləyirdi. Lap Göy Türklərin  xaqanı Gürşadın əsgərlərinin  bəxti gülən günə oxşayırdı bu səhər.  Kəşfiyyat qrupumuz qarşıdakı 7 nəfər erməni əsgərini məhv etmişdi.  Orxan döyüşün gedişatını seyr edəndən sonra, dönüb yanındakı dostlarına demişdi ki, “belə getsə, biz 7 saata  Xudafərinə çatacağıq. İşdir, ölüb eləsəm, siz Xudarərinə qədər gedin”.

İkinci kəşfiyyat qrupunun önündə Ruhin Qəhrəmanov və Orxan Həmidov gedirdi.   Orxan və Ruhinə manqa  komandirindən  qarşıdakı ermənilərin atəşini yayındırmaq əmri verilmişdi. Orxan Həmidov əlində iki avtomat qarşısındakı  ermənilərin üstünə od ələyirdi.  O, MAXE-lər arasında hər iki əllə  avtomatdan sərrast atəş aça bilənlərdən idi.  Onların kəskin atəşi düşmənə aman vermirdi ki, bizim döyüşçüləri gülləyə tutsun.
Bir neçə dəqiqədən sonra Orxan ermənilərdən yenicə geri aldıqları mövqedəki DOD-un arxasından başını çıxardı… Və bu anda qarşı tərəfdən atılan mərmi qəlpəsi onun başından dəydi… Orxan bir andaca gözlərini yumdu.  O, Ruhinin yanındaca yerə yıxıldı.  Ruhin böyük kimi hər zaman güvəndiyi,  qruplarında ən yaxın məsləhətçisi bildiyi Orxanı itirməyi ağlına belə gətirmidri. Bir az əvəl  Orxanla  birlikdə hədəfə götürdükləri sonuncu düşmən əsgərini də vurdu.  Artıq  qarşıdakı  yüksəklikdə maneə yox idi. Bir az bundan əvvəl həlak olan  döyüşçü dostunun da qisasını almışdı Ruhin.  Avtomatı  başının üstünə qaldırıb,  “Anasını ağlatdım, gəbərtdim, qanımızı aldım…”- deyə qışqırdı. Və irəliyə hərəkətə davam etdi. Yanında olan döyüşçülər də dayanmadan hərəkət edirdilər. Bu zaman  N saylı hərbi hissənin korpus komandiri, polkovnik  Mais Bərxudarov da  tankla döyüşçülərin qabağına keçdi. Döyüşçülər hamısı bu sərkərdə şücaətli komandirin arxasınca  irəliləməyə başladılar. Azərbaycanda  vətən torpağı uğrunda döyüşlər başlayan  ildən bu günə qədər, döyüşə atılan komandirlər olmuşdu. Bu gün də Vətən torpağının azadlığı uğrunda döyüşlərdə  korpus komandiri öndə gedirdi.  Arxadan gələn əsgərlər də qabağa keçib, korpus komandirini üzük qaşı kimi əhatəyə aldılar. Bu döyüşün taktikası idi.  Hər bir döyüşdə sərkərdə və ya, komandiri qorumaq əsgərin  borcudur.
Korpus komandirini özləri ilə bir sırada görən əsgərlərin döyüş ruhu daha da yüksəlmişdi.  Əsəgərlər irəliyə, yüksəkliyə – Lələtəpəyə irəliləyirdilər.  Düşmən snayperinin güllələrindən biri bu dəfə də Ruhini tutdu. Onu snayper vurmuşdu.  Döyüş yoldaşlarından biri deyir ki, güllə yarası alandan sonra da silahı əlindən buraxmadı, düşmənə bir neçə atəş açdı. Dayandığı yüksəklikdə Qələbə havasını ciyərlərinə çəkdi… və nəfəsini geri vermədi. Qalibiyyət havası ciyərlərində qaldı. Bu onun son nəfəsi oldu. Az əvvəl dostunu Tanrıya əmanət edən Ruhin bu dəfə özü də Qalibiyyət havasını göylərə apardı. Bir neçə dəqiqə əvvəl  həlak olmuş dostlarının qanını alaraq,  qəhrəmanlıqla həlak olan Ruhinin də, Orxanın da, Səyyarın da… üzlərində xoşbəxt bir ifadə var idi. Onların gülümsər simaları   göylərə baxırdı. Ruhinlə Orxanın hədəfi məhv etməkləri nəticəsində  arxada gələn döyüşçülər məqsədlərinə çatmışdılar.

Aprelin 2-si dan yeri ağaranda  artıq  qarşı postlardakı ermənilər bronjiletlərini, kaskalarını atıb  24 il müddətində nəzarətlərində  saxladıqları mövqeləri atıb qaçmağa başalmışdılar. Azərbaycan əsgərlərinin isə hirsi soyumamışdı… Bəzi səngərlərdə əlbəyaxa döyüşlər də olurdu.  Əsgərlər irəliləməkdəykən, Xudafərini hədəf götürməkdəykən, birdən… Birdən döyüşün dayandırılması əmri verilmişdi…
Lələtəpədə  Üçrəngli Azərbaycan bayrağı narın-narın dalğalanırdı… Dan yeri ağaranda əsəgərlərimiz yeni əmr gözləyirdilər… Xudafərinə qədər getmək əmrini… Geri alınan mövqeni can –başla qoruyurdular ki, birdən düşmən tərəfdən həmlə olarsa, qarşısını kəssinlər… Düşmən isə… artıq işini bilmişdi.  Qaçırdı…  Düşmənin qaçmağının səsi isə ermənilərin havadarlarına tez çatmışdı. Döyüşümüzü beynəlxalq standartlar çərçivəsinə salanlar, bu dəfə də Azərbaycan əsgərini son qədər irəliləməyə qoymadılar…
Və yəqin ki, 5 aprelə kimi davam edib, sonra dayanan döyüşün ağrılarını Vətən fədailərimiz heç vaxt unutmayacaqlar. Axı  o gecələrdə uğur onlarla idi, onlar irəli getsəydilər,  işğalda olan bütün torpaqlarımızı azad edəcəkdilər.
Azər Həmidov atəşin intensivləşdiyini görüb, qardaşına zəng etsə də, telefonuna zəng çatmadı.  2 apreldə günorta vaxtı qardaşı Orxanın yaralandığı xəbərini aldı. Beyləqana hospitala getdi ki, yaralı qardaşından xəbər tutsun. Amma “Gördüm” deyən olmadı.  Sonra  kəndə  qayıtdı. Anası ilə maşına oturub  kənd yolundan  üzü hərbi hissəyə gedərkən, birdən  qarşılarına  təcili yardım maşını çıxdı.
Orxanın anası Tamella xanım oğlu düşüb təcili yardım maşının qarşısına keçdi. Ağladı, səsi –harayı dağlara düşdü. Dedi ki, məni aldatmayın, uşaq deyiləm, o maşında gətirdiyiniz  oğlumdur.

Orxanın bayrağa bürünmüş tabutunu maşından düşürəndə 10 yaşlı oğlu Vüsal əlləri ilə üzünü qapayıb “yoooxxxx… ata ola bilməz…” deyərək bağırırmış. Atasının şəhid olduğunu gözəl anlayırdı. Uşağın səsi həyətdə haraya yığılan -qadınların, gəlinlərin, kişilərin səsinə qarışmışdı….

Atası bu dəfə sevimli oğlu Vüsalın səsinə səs vermədi. Vüsalın səsi, harayı o gün  bu həyətə gələn insanların qulaqlarında qaldı…


Şəhid Orxan Həmidovun anası Tamella Məmmədova:

– Orxan çox sanballı oğul idi. İki oğlumu evləndirib ayırmışdım. Biri Bakıda yaşayırdı, Azər də həyətin o biri başında tikdiyimiz evdə yaşayır. Ömrümün sonuna sahib çıxmaq  üçün  üçüncü  oğlumu -Orxanımı seçmişdim. Fikirləşirdim ki, hər zaman onunla yaşayacağam.  Barı 59 il yaşayaydı-atası İbrahim  qədər. Atasını itirdim- dözdüm.  Atamı-anamı dəfn etdim dözdüm.  Bu Qarabağ müharibəsi başlanandan sonra  bizim nəslin adamları dərddən öldülər.  Üç qardaşımı itirdim, dözdüm. Ancaq oğul dərdi, onlardan da betər imiş. Uşaqların, gəlinin üzünə baxa bilmirəm.  Bu yaxınlarda Orxanın  2-ci sinifdə oxuyan oğlu Fərid deyir ki, nənə mənim adımı dəyişdirib, Orxan yazdırın. Boynunu qucaqlayıb, alnından öpüb, könlünü almışam. Demişəm ki, bala, böyü, evlən toyun olsun, oğlun olar, atanın adını qoyarsan.
Orxandan nə qədər danışsam, sözüm qurtarmaz. Hansı əməlindən danışım, hansı xatirəsini unuda bilirəm ki…
Bir dəfə xətrimə dəymədi, sözümü qaytarmadı, üzümə ağ olmadı…. Necə ailəcanlı, necə alicənab bir balam var idi.  Bu kənd, bu el-oba indi də onun üçün yanıb qovrulurlar.  Döyüş yoldaşları tez-tez gəlib bizi yoxlayır, balalarına baş çəkirlər.  Uşaqlar da böyüyəcək. Kim böyüməyib ki… Ancaq mənim  Orxanım… Bir ona rahatam ki, Vətən torpağı uğrunda qalib əsgər kimi köçüb dünyadan.

O gedəndən sonra qapı-bacaya çıxmıram.  Orxan mənsiz bir gün dayana bilmirdi. Bakıdakı oğlumun evinə gedəndə, zəng vururdu ki, anamı geri göndərin. İndi mən onsuz yaşayıram. Bu darvazanın yanında oturub yollara boylanardım, Orxanın yolunu gözləyərdim. Havadan balamın ətrini duyurdum. Gələndə evimizə işıq, sevinc gətirirdi.  Bir də görürdün icazəsi olanda gələrdi evə. Gəlin bişirib-düşürüb  süfrəni bəzəyərdi ki, çörək yesin. Çox vaxt heç çörəyə əlini də vurmazdı. Yorğun-arğın yatardı. Sən demə balamın işi ağır imiş, təlimlərdən- döyüşlərdən gəlirmiş. Biz hardan biləydik ki, bunlar düşmənin içinə gedib- gəlirlər…

Tamella xanım oğlu haqqında danışanda bəzən gözlərinə işıq parlayırdı. Yanıb-yaxılırdı. Gah oğlunun boyunu təriflədi, gah qonur gözlərinin şəklini çəkdi… Gah paltarlarından danışdı. Ancaq əvvəldən-sona qədər gözlərinin yaşını axıtdı. Heç kirimədi:
-Bir də görürüdün gecə işinin sonunda balalrına zəng vururdu ki, nə istəkləri var. Uşaqlar da hərəsi bir istəyini deyirdi. Gecənin bir aləmi onların istədikləri, sevdikləri yeməkləri, xuruşları alıb gətirirdi. Könüllərini alırdı. Balalarına çox bağlı idi…
Hərbi paltarlarını saxlayıram. Ölüncəuə qədər də saxlayacam. Demirəm ki, niyə şəhid olub. Alın yazısı ora qədər idi. Mənim oğlum getməsin, sənin qardaşın getməsin, o biri gəlinin əri getməsin, vəzifəlinin oğlu gizlənsin… Bəs kim getsin? Bəs bu Vətəni kim qorusun? O bir qəhrəman idi.  Vətənin yolunda canından keçdi. Düşməndən geri aldığı Vətən torpağında, ən uca yerdə həlak oldu. O gün qaynım gedib gəzib onun həlak olduğu Lələtəpəni. Deyir ki, ay Tamilla, mən elə bilirdim Lələtəpə bir balaca yerdir. Heç ucu-bucağı görünmür. Bu qəhrəman oğullar necə dirənib dırmaşıblar, düşməndən oranı xilas ediblər… Deyir bu elə belə əsgər işi deyil. Tanrıdan onlara nəsə güc gəlibmiş.

Orxan İbrahim oğlu Həmidov 1986-cı il mart ayının 29-da Füzulinin Əhmədalılar kəndində doğulub. 1986-cı ildə kənd məktəbində birinci sinfinə gedib, 1997-ci ildə həmin məktəbi bitirib.  1998-ci il noyabr ayının 10-da hərbi  xidmətə çağırılıb, hərbi xidməti başa vurandan sonra isə 4 il ANAMA-da istehkamçı kimi çalışıb.
2014-cü ilin aprel ayından müddətdən artıq hərbi xidmətə başlayıb. Motoatıcı manqa komandiri vəzifəsində xidmət edib. 2 aprel 2016-cı ildə Vətən torpaqlarının azadlığı uğrunda şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif  edilib.
Orxan Həmidovun həyat yoldaşı Esmira deyir ki, onunla aralarında 6 il yaş fərqi olub. Orxangil onların qapısına elçi gələndə ailəsi iki gəncin sevgisinə qarşı çıxıb. Lakin qadağalara baxmayaraq, ülvi sevgilərini qoruyublar.  2005-ci ildə Orxan onu qaçıraraq öz evlərinə gətirib.  İbrahim kişinin ocağına gələn gündən qaynanasına “Ana” deyib, Orxanla  bir-birinə “can deyib, can eşidiblər”.

– Çox xoşbəxt yaşayrıdıq. Axırıncı dəfə martın 30-da  çıxdı evdən. Evdən çıxanda dedim ki, ay Orxan mən cəhənnəmə, harda olsan, özünü  uşaqlar üçün qoru.  Həmişəki kimi qayıdıb dedi ki, “Siz məndən narahat olmayın. Mənə heç nə olan deyil”.
Nə vaxt atışma başalayırdısa, tez  ona zəng vurar, xəbər alardım. Səsini eşidəndən sonra rahatlanırdım. Bizim o qədər arzularımız var idi ki… Orxanın planşeti  qalıb.  Bir də görürsən ki, iki oğlum baş-başa verib, atalarının planşetdəki şəkillərinə baxırlar. Atalı günlərindən danışırlar. Bir-biri ilə atalı xatirələrini bölüşürlər. Deyirlər ki, yadındadır, ata ilə keçən dəfə harasa getməyimiz və yaxud da  söhbət edəndə “Ata canı” deyib and içirlər.  Fəridi ovundurmaq oldu. Vüsalı heç ovundurmaq olmur.
Esmira  Orxanın uşaqları ilə sonuncu dəfə çəkdirdiyi şəkilləri göstərir mənə.  Deyir ki, mart ayının 22-də hərbi hissədə tədbir keçirilirdi. Zəng vurub dedi ki, “gəlirəm, uşaqları geyindir aparım bayram tədbirinə”.

– Heç Vusalla Fəridi əməlli-başlı geyindirməyə macal tapmadım.  Tez maşına mindirdi. Apardı.  Uşaqlarla gəzib dolanıb, çoxlu da şəkillər çəkdirib.


Həmin şəkillərə baxıram. Vüsal və Fəridi  həmin gün son dəfə gəzdirib, könüllərini alıb, gülüb-danışıb , uşaqları hərbi hissənin tankının üstünə çıxarıb şəkil çəkdirib.  Son şəkillər…  Vüsalla Fəridin son atalı şəkilləri. Əslində Orxanın ailəsi ilə birlikdə şəkilləri yoxdur. Deyirlər ki, hətta toy şəkilləri də sonradan  necə olubsa, yanıb çıxmayıb. Orxan şəkil çəkdirməyi də sevməzmiş. Ancaq  iki övladı ilə ömrünün son şəklini, son anını çəkdirib. Vüsal da, Fərid də böyüyəcək. Ancaq onların yaddaşlarında ataları həmin hərbi paltarlarda qalacaqlar. Harada hərbçi görsələr, unuda bilməyəcəkləri atalarını xatırlayacaqlar.
Fərid və Vüsalın ataları ilə son şəkli atalı günlərinin son xatirəsidir.  22 mart 2016-cı il tarixində bu iki azyaşlı qardaş ataları ilə şəkil çəkdirmişdilər. İndi isə atalarının çərçivəyə salınmış portretinin yanında dayanıb şəkil çəkdirirlər. Buna baxmayaraq, ataları onların and yeridir: “Ata canı…”.

     
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...