Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Evi sökülən sakindən şok iddia - FOTOLAR

Rafiq Həsənov: “Tikinti şirkəti atamı aldadaraq evin mülkiyyət kağızını əlindən alıb”

Bakıda tikinti şirkəti 6 ailəyə məxsus evi söküb. Sakinlər etiraz əlaməti olaraq yaxınlıqdakı yolu bağlayıb.   

Hadisə ötən gecə Yasamal rayonu, Hüseyn Cavid Prospekti 72 ünvanında qeydə alınıb. Belə ki, Hüseyn Cavid Prospekti 72 ünvanında 61 yaşlı Şövkət Həsənovaya və Gülmirzə Həsənova məxsus evdə yaşayan 6 ailə gecəni çöldə keçirməli olub.    Bu barədə “Bizim Yol”a danışan ailənin üzvü Rafiq Həsənov bildirib ki, “Olympus Park” Premium Yaşayış Kompleksinin rəhbərliyi kompensasiyanı tam ödəmədən onların evini sökdürüb: “Polisə edilən şikayət isə nəticəsiz qalıb. Evimiz sökülüb çöldə qalmışıq. Biz də etiraz əlaməti olaraq ötən gecə avtomobil yolunu bağladıq ki şikayətimizə baxsınlar”.    R.Həsənovun sözlərinə görə, ailəyə məxsus daşınmaz əmlakın sahəsi 312 kvadratmetirdir: “Burada 6 ailənin 36 nəfər üzvü yaşayırdı. Bizə kompensasiyanın müəyyən hissəsi ödənildi. Belə ki, müxtəlif vaxtlarda atama 250 min manat və 270 min manat verildi. Atamı əmin etdilər ki, kompensasiyanın yerdə qalan məbləği də ödəniləcək. Atam yaşlı və savadsız adamdır, onlara inanıb evin mülkiyyət kağızını tikinti şirkətinə  verdi və daşınmaz əmlak onların adına sənədləşdirildi. Amma bizə dəymiş zərər tam ödənilmədən evimizi başımıza uçurdular. Dünən baş verən hadisə onu göstərdi ki, tikinti şirkəti atamı aldadıb, evin mülkiyyət kağızını əlindən alıb”.   Şikayətçinin dediyinə görə, etiraz etdikləri üçün tikilməkdə olan yaşayış kompleksinin çoxmərtəbəli binasından onlara daş atıblar: “Ötən gün “Olympus Park”  bizim həm mülkiyyət, həm də insan hüquqlarımızı kopud şəkildə pozub. Biz baş verənlərdən şikayətçiyik. Amma şikayətimizə baxan yoxdur”.   Rafiq Həsənov onu da dedi ki, söküntü zaman evdə olan məişət əşyaları da  yararsız vəziyyətə düşüb.    Sakinlərin sözlərinə görə, bu ərazidə olan digər həyət evlərinin sökülməsi də “Olympus Park” Premium Yaşayış Kompleksinin planında var. Onlara baş verənlərdən narahatdırlar. Onlara dəymiş zərər tam ödənilmədən evlərini tərk etməyəcəklərini deyirlər.  

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...