Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Formula-1 Azərbaycan Qran-prisinə bilet satışı davam edir

Formula-1 Azərbaycan Qran-prisi üçün müxtəlif bilet seçimləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi internet səhifəsi ilə yanaşı, paytaxtın böyük alış-veriş mərkəzlərində, həmçinin digər ictimai əhəmiyyətli yerlərdəki bilet satışı məntəqələrində alıcılara təqdim olunur.

Mynews.az-ın məlumatına görə, ötən həftədən etibarən təklif olunan birgünlük və ikigünlük biletləri əldə edən şəxslər tribunalarda əyləşərək trekin müxtəlif yerlərindən yarışı izləməklə yanaşı, Dənizkənarı Milli Parkdakı Formula-1 şəhərciyində keçiriləcək bir sıra əyləncə tədbirlərində, o cümlədən yarış həftəsonunun axşamlarında əsas səhnədə konsert proqramlarında iştirak edə biləcəklər.

Tribunalar üçün nəzərdə tutulan birgünlük biletlərin qiyməti 70-125, ikigünlük biletlərin qiyməti isə 180-440 manat arasında dəyişir. Xarici valyuta ilə ödəniş edənlər üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.

Digər tərəfdən, qiymətləri 200-690 manat arasında dəyişən dördgünlük biletlərin də satışı davam edir. Bu biletləri əldə edənlər Formula-1 Azərbaycan Qran-prisi zamanı həftəsonunun hər üç günündə baş tutacaq yarışları izləməklə yanaşı, trekdən kənarda keçiriləcək əyləncə tədbirlərində, eyni zamanda, iyunun 22-də Pit yolu yürüşündə də iştirak edə biləcəklər.

Yarışı ailəliklə izləmək istəyənlərə 2-15 yaşlarında olanlar üçün “Xəzər” və “Bulvar” tribunalarına xüsusi “Azyaşlı” biletləri təklif olunur. Həmçinin azarkeşlər müxtəlif mövqelərdən yarışı izləməyə imkan verən ayaqüstü yerlər üçün birgünlük biletlər də əldə edə bilərlər.

Formula-1 Azərbaycan Qran-prisi iyunun 23-25-də Bakıda keçiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...