Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hacı Əliyev: Olimpiya çempionu olmaq istəyirəm

“Bu qələbə təkcə mənim əziyyətim deyil, bütün yığma komandanın zəhmətidir”. 

Mynews.az Report-a istinadən xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə qızıl medal və Azərbaycanın sərbəst güləş tarixində ilk üçqat dünya çempionu adını qazanan Hacı Əliyev deyib.

Uğur qazanmasında rolu olan hər kəsə təşəkkür edən 26 yaşlı idmançı növbəti yarışlarda 61 deyil, 65 kq çəki dərəcəsində mübarizə aparacağını söyləyib: “Cənab Prezidentimizin idmançılara qayğısının nəticəsidir ki, bu gün nailiyyətlər var. Həm yığma komandanın məşqçiləri, həm də şəxsi məşqçilərimin hər birinə təşəkkürümü bildirirəm. Üzərimdə kimin əməyi varsa, halal etsin. Bu, tək mənim deyil, bütün Azərbaycan xalqının qələbəsidir. Komandamızda medal az idi. İstəyirdim ki, həm komandamızda qızıl medal olsun, həm özüm üçün bir tarix yazım, həm də komandamızda bir az ruh yüksəkliyi yaradım. Şükür Allaha, bunu bacardım. Çox sevinirəm ki, üçüncü dəfə bu qələbəni qazanmışam. Olimpiya çempionu olmaq istəyirəm. Ancaq qarşıda yenə Avropa və dünya çempionatları, yarışlarımız çox olacaq. İnşallah, hazırlaşacam və bir çəki yuxarıda çıxış edəcəm. Olimpiya oyunlarında 65 kq çəki dərəcəsində çıxış etməliyəm. Nə qədər ki idmanda varam, böyük uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm".

H.Əliyev dünya çempionatına yaxşı hazırlıq prosesi keçdiklərini söyləyib. O, qarşıya qoyduğu məqsədə çatmaq üçün çox çalışdığını deyib: "Dünya çempionatında zəif rəqib yoxdur. Hər biri güclüdür və hərəsinə qarşı taktika fərqli olur. Rəqiblərimin hamısını tanıyıram. Çəkimdə dünya və olimpiya çempionları vardı. Sevinirəm ki, üçüncü dəfə dünya çempionu oldum. Qarşıma qoyduğum vəzifənin öhdəsindən gəldim. Rusiya millisinin 3 üzvü finalda olsa da, qızıl medal qazana bilmədilər. Fikrimcə, bizim qızıl medal əldə etməyimiz onlardan daha yaxşı hazırlıqlı olmağımızla bağlıdır. Daha yaxşı hazırlıq prosesi keçməyimizin nəticəsidir ki, bizdə qızıl medal oldu, onlarda isə yox”.

Üçqat dünya çempionu “Qarabağ” klubunu Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib: “Biz dünya çempionatında olarkən “Qarabağ” ÇL-nin qrup mərhələsinə vəsiqə qazandı və bütün xalqımızı, o cümlədən bizi sevindirdi. Fürsətdən istifadə edərək “Qarabağ” klubuna da uğurlar arzulayıram. Azərbaycanımıza belə gözəl qələbələr yaraşır və inşallah, bu qələbələr çox olar".

Qeyd edək ki, Hacı Əliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...