Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gənc futbolçu xanım teleaparıcı ilə münasibətindən danışdı - "Gül göndərmişəmsə, burada pis bir şey yoxdur" - FOTO

"Qarabağ" futbol klubunun üzvü Mahir Mədətovun Milli.Az-a müsahibəsi.

- Mahir, 2017-ci ildə demək olar ki, "Qarabağ" komandasının öndə gedən simalarından biri oldunuz. Bu uğurunuzun arxasında nələr dayanırdı?

- Mən "Qarabağ" futbol klubuna gəlməmişdən öncə Çempionlar Liqasının hədəfi qoyulmuşdu ki, bu qrupda oynayaq. Həqiqətən, o gün ölkədə böyük bayram idi. Çünki azarkeşlər bu oyunu çox səbirsizliklə gözləyirdilər. Nəinki "Qarabağ", bütün futbol klubları yuxarı yerləri hədəfləyir. Mən 3-cü ildir ki, "Qarabağ" klubundayam. Biz bunu həmişə istəyirdik, amma görürdük ki, bəzi axsımalar olur. Şükürlər olsun ki, biz bu il bunu bacardıq. Bu, bir tarixdir, yazdıq, amma buna arxalanıb dayanmaq da lazım deyil. Bu mərhələləri davam etdirmək lazımdır. Daha da çox xal toplamağa çalışmalıyıq. Özəl olaraq bu qalibiyyətin mənə təsiri çox oldu. Həm futbolçu kimi, təcrübə qazandım, həm də hər bir oyunçu kimi özümü göstərə bildim. Biz dünyaya göstərdik ki, "Qarabağ" var və Azərbaycanda futbol inkişaf edir.

- Futbolçular çəkilərinə xüsusi önəm verirlər. Özünüzü necə formada saxlayırsınız?

- Ümumiyyətlə, Qurban müəllimin çəki çox önəm verdiyi bir şeydir. Həm də artıq çəkin olanda istədiyin kimi hərəkət edə bilmirsən. Axsımalar olanda insan gərək özünə tənqidi yanaşsın ki, mən, yəqin, nəyisə düzgün etmirəm. Elə götürək "Çelsi" ilə oyunumuzu. Hamı görürdü ki, əlimizdən gələni etdik, sadəcə alınmırdı, çünki burada ustalıq səviyyəsi böyük rol oynayırdı. Amma biri də var ki, 100 faizlik oyunun var, sən onun 40 faizini oynayırsan. Bu zaman özündə problem axtarmalısan ki, mən nəyi düzgün etmirəm? Ya az məşq edirsən, ya çəkin artıqdır. Düşünürəm ki, bu uğuru biz komanda şəkilində qazandıq. Qurban müəllimin bizə hər an, hər dəqiqə xatırlatdığı bir şey var ki, biz hər zaman sadəliyimizi qoruyub saxlamalıyıq. Nə qədər yüksək uğurlar qazansaq belə.

- Qurban müəllimdən söz düşmüşkən... Çox yorur sizi?

- Qurban müəllim hər bir məşqçi kimi tələbkardır. Bu, normal haldır. Qurban müəllim elə bir insandır ki, o, nə etsə də, heç bir futbolçunun şikayətlənməyə haqqı yoxdur. Nə edirsə, bizə görə edir. Oyunlar olur ki, bəzən bizi iki gün əvvəldən bazada saxlayır ki, yatıb-durmağımıza, hər bir şeyimizə fikir versin. Biz bunu normal qarşılayırıq. Hətta oyundan sonra belə, bazada qalırıq, bərpa məşqini keçirik. Mən hələ bu günə kimi komandanın Qurban müəllimdən narazı olduğunu görməmişəm. Kənardan nə qədər sərt görünsə də, bizi çox yaxşı başa düşür.

- Komandanın digər üzvlərindən fərqli olaraq siz nədənsə daha çox gündəmdəsiz.

- Mənim bu cür mövzularla gündəmə gəlməyim özümə də xoş deyil. Oyunumla, vurduğum qollarla gündəmə gəlmək istəyirəm. Mən komandaya ilk gəldiyim gün Qurban müəllim dedi ki, sən məndən icazəsiz heç bir yerə müsahibə vermə. Həqiqətən də, bu belədir. Mən bu gün də müsahibə verəndə ondan icazə alıram, razılığı olarsa, müsahibə verirəm. Həmişə gözarxasında oluram, bilmirəm insanlar məni niyə gündəmə gətirirlər? Bu cür hallar, həqiqətən də, məni soyudur. "Qarabağ"da yeni-yeni addımladığım vaxtlarda bir qol vurmuşdum. Qolu vuranda əllərimi açdım, azarkeşlərə "sizi qucaqlayıram" mesajını vermək istədim. O hərəkətimi Qurban müəllimə sual olaraq vermişdilər ki, Mahir deyir ki, məndən yoxdur! (gülür).

- İstirahət vaxtınızı necə keçirirsiniz?

- Bizim istirahət vaxtımız da futbolla keçir. İstirahət vaxtımızı biz hər axşam uşaqlarla mini futbol oynamaqla keçiririk. Futbola həm əyləncə, həm istirahət, həm də bir iş kimi baxıram.

- "Beşiktaş"a transfer olmağınız haqda da söz-söhbətlər yayıldı. Bu həqiqətdirmi?

- Mən bildiyim qədərilə bu haqda türk mətbuatı da yazını bizdən götürüb paylaşmışdı. Sözün düzü, deyim ki, "Beşiktaş" barəsində bizə heç bir müraciət olunmayıb. Kluba müraciət olunub-olunmadığını deyə bilmərəm, amma şəxsən mənə heç bir söz deyilməyib.

- İstərdinizmi "Beşiktaş"da oynayasız?

- Əlbəttə ki, iddialı klublarda oynamaq istərdim, kim istəməz ki? "Beşiktaş" Çempionlar Liqasının qrup mərhələsini birinci yerdə bitirən klub olub. Bu tip xəbərlərdən, ilk öncə, baş məşqçim əsəbləşir, o üzüləndə də mən üzülürəm. Qurban müəllim hər şeyi özü də yaxşı bilir, mənim xarakterimə yaxından bələddir. Mən o zamanlar millidən qovulmuşdum. Hamının məndən üz döndərdiyi bir vaxtda Qurban Qurbanov mənə əl tutdu. Biri var ki, məşqçi ilə aranda dostluq var, bir də var ki, o məşqçi üçün meydanda canını belə qoyarsan. Bilim ki, əlimdə meydanda heç nə gəlmir, canımı qoymağa hazıram. Çünki o, mənə çox dəstək olub. Nə əldə etmişəmsə, onun hesabına olub.

- "Beşiktaş"a getsəniz, öz klubunuzdan imtina edərsiniz?

- Klubu qoyub getmək bir az qəribə səslənir. Əgər böyük yerlərə gəlmək istəyiriksə, hardansa başlamaq lazımdır. "Beşiktaş" istədi, başımı sallayıb gedə bilmərəm. Təbii ki, məsləhət almalısan. Mən hər addımıma görə istər Rəşad Sadıqovla, istərsə də Qurban müəllimlə məsləhət edirəm.

- Hər bir sahədə qısqanclıq var. Bəs sizin sahədə necə?

- Vallah olursa da mən bilmirəm, çünki mənə heç kim öz qısqanclığını göstərməyib. Mənim qısqanclığım uğurlu futbolçularadır. Bu cür eqoistliyim var, bu da normaldır. Amma komandanın içində bu cür qısqanclıq yoxdur. Meydanda dostluq kənarda qalır, hər kəs öz var gücünü ortaya qoyur. Çünki o da oynamaq istəyir, mən də. Hər kəs özünü məşqçiyə göstərmək istəyir.

- Özünüzü yarışa necə hazırlayırsınız?

- İlk öncə, mən bilmirdim özümü necə hazırlayım. Bəzən həyəcandan gecə yata bilmirdim. Bir dəfə komanda yoldaşım Qara məni bir kənara çəkib, dedi ki, əsas gecəni yaxşı yat, çəkiyə, yeməyinə diqqət elə. Bütün bunları edəndən sonra oyun haqqında fikirləşə bilərsən.

- Məğlubiyyət insanı bəzən depressiyaya sürükləyir. Bu cür hallar yaşamısız?

- Məğlub olmağı xoşlamıram, heç-heçəni isə qətiyyən xoşlamıram. "Bakı"da bir məşqçi var idi, bizə deyirdi ki, ya udun, ya da uduzun (gülür). Yəqin ondan qalıb bu məndə. Məğlub olmağı da heç qəbul edə bilmirəm. Məsələn, bu il "Kopenhagen"ə məğlubiyyəti heç də məğlubiyyət kimi qəbul etmədim. Çünki qrupa düşdük. Kubokda məğlub olanda isə üzüldüm. Qurban Qurbanov həmişə deyir ki, məğlubiyyətlər bizi həmişə ayıldır. Düşünürəm ki, məğlubiyyətin insana ziyanı varsa, bir o qədər də xeyri var.

- 2018-ci ildən nələr gözləyirsiniz?

- 2018-ci ildə yenə çempion olub, Çempionlar Liqasında mübarizə aparmaq istəyirəm. Çünki kubokda artıq dayanmışıq. Təlim məşq toplanışı var, tam olaraq fikrimizi çempionata toplamalıyıq. Səhvə yol vermək olmaz.

- Futbolçunun özəl həyatı da onun sevənlərinə maraqlıdır. Özəl həyatınızda nə kimi dəyişiklik var?

- Özəl həyatımda nə dəyişiklik olacaq ki? Hələ 20 yaşım var, yavaş-yavaş böyüyürəm. Hər şeyi yavaş-yavaş dərk etməyə başlayıram. Başqa bir dəyişiklik yoxdur.

- Sosial şəbəkədə sizə sevgi etirafı edən xanımlar olur?

- Sözün düzü, İnstagram hesabımı tək özüm işlətmirəm. Çalışıram ki, orada çox vaxt keçirməyim. Yazılan şərhləri də çox vaxt heç oxumuram.

- Daha çox nə yazırlar?

- Sözün düzü, axır vaxtlar oxumamışam. Yəqin ki, yaxşı sözlər yazarlar (gülür).

- CBC idman kanalının xanım teleaparıcısına gül göndərməyiniz də birmənalı qarşılanmadı.

- Mənə bir şey maraqlıdır ki, bu şeyləri niyə edirlər? Mən heç kimə gül göndərməmişəm. Bunu zamanında açıqlamamışdım, sadəcə ötüb keçmişdim. İlk dəfə olaraq sizə açıqlayıram. Lap göndərmişəmsə, burada pis bir şey yoxdur. Göndərsəydim, ən azı gizlətməzdim .O xanımı da oyunlardan-oyuna görürəm, aramızda yalnız salam-sağol var. Nə bir dəfə verilişində olmuşam, nə məndən müsahibə alıb. Heç nömrəsi də telefonumda yoxdur.

- Bu fotonu niyə məhz sizinlə bağladılar?

- (Fikirləşir) Yəqin bir gün əvvəl "Kopenhagen"ə qol vurmuşdum, bəlkə bununla bağlıdır (gülür). Bu söhbətdən sonra səhər tez bazar qaçdım Qurban müəllimin otağına ki, heç kimə, vallah, gül göndərməmişəm (gülür).

- Gecə həyatınız varmı?

- Atam məni sırf "kontrol"da saxlayır. 5 dəqiqədən bir zəng edir ki, hardasan? Maksimum bilirlər ki, 12 dən gec evə gələ bilmərəm.

- Həyatınızda elə bir insan olubmu ayrılandan sonra depressiyaya düşəsiz?

- Xeyr, münasibət yaşamışamsa, mənim indi 20 yaşım var, demək ki, uşaq ağlım olub. Bir-iki mesajlaşma, məncə, önəmli bir şey deyil.

- Evdəkilərin məsləhəti ilə ailə həyatı qurarsınız?

- Evdəkilər, sadəcə, məsləhət görərlər, zorla etməzlər. Mən əgər üzdə olan insan olacağamsa, mənim ailə quracağım xanım sadə insan olmalıdır. Mən o fikirdə də deyiləm ki, qadın işləməməlidir. Xeyr, sadə yaşaya biləcəyim bir xanım olmalıdır. Amma, hələ ki, bu haqda düşünmürəm.Gənc futbolçu xanım teleaparıcı ilə münasibətindən danışdı: "Gül göndərmişəmsə, burada pis bir şey yoxdur" - FOTO

Gənc futbolçu xanım teleaparıcı ilə münasibətindən danışdı: "Gül göndərmişəmsə, burada pis bir şey yoxdur" - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...