Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“TT Fight Club”un təşkilatçılığı ilə beynəlxalq turnir keçirilib - FOTO

Paytaxtımızın “Elektra Hall” arenasında, “TT Fight Club”un təşkilatçılığı ilə “GEFC Global” kəməri uğrunda reytinqli beynəlxalq turnir baş tutub.

Mynews.az xəbər verir ki, turnir mərhum ölkə başçımız Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. 

Yarışın açılış mərasimində söz alan “TT Fight Club” İctimai Birliyinin sədri və fəxri prezidenti Turqut Salayev çıxışına başlamadan Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edib, “Allah rəhmət eləsin” deyib.

Daha sonra davam edərək ölkə prezidenti İlham Əliyevin dəstəyi və rəhbərliyi ilə idmana, idmançılara göstərilən diqqət və qayğı, bu sahədə olan naaliyyətlərimizdən söz açıb, həmçinin turnir bəradə məlumat verib.

Klub prezidenti nitqində qazanılmış uğurlarla kifayətlənməmək, gələcəkdə də MMA idman növünün ölkəmizdə inkişafında klublarının rolu və yeni qələbələrə doğru gedəcəkləri barədə fikirlər səsləndirib. Sonda Turqut Salayev bütün idmançılara uğurlar, arenaya toplaşanlara gözəl axşam arzulayıb.

Turnirdə Azərbaycan, Ukrayna, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və hətta uzaq Braziliyadan ölkəmizə təşrif buyurmuş güclü idmançıların iştirakı nəzərdə tutulub. Qızğın atmosferdə keçirilən döyüşlər tamaşaçıların böyük marağına səbəb olub. Əksər görüşlərdə parlaq qələbə qazanan “TT Fight Club” idmançıları öz azarkeşlərinə həyəcan və sevinc hissləri bəxş ediblər.

Gecənin sonunda isə yarışın əsas döyüşü, sözün hər bir mənasında ən ağır çəki dərəcələrində braziliyalı Joze Eudes Tavares və azərbaycanlı Bəxtiyar Abbasov “GEFC Global” versiyası üzrə dünya çempionu titulu uğrunda rinqə dəvət olunublar.

Döyüş ərzində daha aktiv olan Bəxtiyar rəqibə çoxsaylı uğurlu zərbələr endirib və ağır çəkisinə baxmayaraq, gözəl akrobatik fəndlərlə braziliyalını bir neçə dəfə üzərindən yerə atıb. Lakin qonaq idmançı da öz yüksək səviyyəsini nümayiş etdirərək Bakıya qalibiyyət üçün gəldiyini göstərib, matçın sonuna qədər mübarizə aparıb.

Hərəsi beş dəqiqədən ibarət üç raund bitdikdə hakimlərin birtərəfli qərarı ilə Azərbaycandan olan idmançı Bəxtiyar Abbasov qalib elan edilib. Beləliklə, “GEFC Global” kəmərinə sahiblənən Bəxtiyar həm “TT Fight Club”dan olan məşq yoldaşlarını, həm arenaya toplaşanları, həm də bütün idmansevər azərbaycanlıları sevindirib.

Qeyd edək ki, Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir dövlət televiziyası vasitəsilə bütün dünyaya canlı nümayiş etdirilib, yerli və əcnəbi jurnalistlər tərəfindən mətbuatda işıqlandırılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...