Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DÇ-2018: B qrupu - DOSYE

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ) komandaların tanıtmasını davam etdiririk.

Mynews.az bu dəfə B qrupunun iştirakçılarını diqqətinizə çatdırır.

Portuqaliya

Hazırda FİFA reytinqində IV yerdə olan son Avropa çempionları çətin qrupa düşüb. Belə ki, bu komanda qrup lideri ola bilmək üçün ilk növbədə Pireney yarımadasındakı əbədi qonşuları İspaniyanın öhdəsindən gəlməlidirlər. Maraqlıdır ki, qrupda ilk görüş də Portuqaliya ilə İspaniya arasında olacaq. İyunun 15-dəki bu görüş, heç şübhəsiz ki, qrupda liderliyi təmin etmək üçün taleyüklü qarşılaşma olacaq.

Fernandu Santujun yetirmələri Rusiyaya son qitə çempionları kimi gəlir. Üstəlik komandanın Kriştianu Ronaldu kimi ulduz oyunçusu var. Bu DÇ Portuqaliya millisinin kapitanı üçün yaş amili baxımından son mundial olacağından, Ronaldu nəinki qrupdan çıxmaq, hətta ilk dəfə dünya çempionu olmaq kimi xəyallar qurur. Dünən Əlcəzair üzərində 3:0 hesablı qələbə portəkizlərin Rusiyaya yaxşı əhval-ruhiyyə ilə yollanmasına səbəb olacaq.

Qapıçılar: Antoni Lopeş (“Lion”, Fransa), Betu (“Göztəpə”, Türkiyə), Ruy Patrisiu (“Sportinq”);

Müdafiəçilər: Brunu Alveş (“Reyncers”, Şotlandiya), Sedrik Suareş (“Sauthempton”, İngiltərə), Juze Fonte (“Dalyan İfan”, Çin), Mariu Ruy (“Napoli”, İtaliya), Pepe (“Beşiktaş”, Türkiyə), Rafael Qereyru (“Borusiya” D, Almaniya), Rikardu Pereyra (“Portu”), Ruben Diaş (“Benfika”);

Yarımmüdafiəçilər: Adrien Silva (“Lester”, İngiltərə), Brunu Fernandeş, Vilyam Karvalyu (hər ikisi “Sportinq”), Joau Mariu (“Vest Hem”, İngiltərə), Joau Moutinyu (“Monako”, Fransa), Manuel Fernandeş (“Lokomotiv”, Rusiya);

Hücumçular: Andre Silva (“Milan”, İtaliya), Bernardu Silva (“Mançester Siti”, İngiltərə), Kriştianu Ronaldu (“Real”, İspaniya), Jelson Martinş (“Sportinq”), Qonsalu Qedeş (“Valensia”, İspaniya), Rikardu Kuarejma (“Beşiktaş”, Türkiyə).

İspaniya

Dünya və Avropa çempionları əvvəlki əzəmətli gücünü xatırlatmasa da, favorit qismində əvvəlki tək çox adı hallanmasa da, bu komandanın heyəti ulduzlardan ibarətdir. FİFA reytinqində Portuqaliyadan geri olması (X yerdədirlər) komandanın qrupa ikinci səbətin iştirakçısı kimi düşməsinə səbəb olub. Bununla belə, çoxları bu qrupun liderinin İspaniya olacağından şübhə etmir.

Son dünya və Avropa çempionatında uğursuz çıxışlardan sonra ispanlar nisbətən özünə gəlib. Komandada Andres İnyesta, Jerar Pike, Serxio Ramos, Dieqo Kosta kimi təcrübəli simaların yer alması İspaniyanın yenidən dünya çempionu olmaq imkanlarını göstərir. İspaniya millisi artıq iki ildir ki, məğlubiyyət nədir, bilmir.

Sonuncu məğlubiyyət 2016-cı ilin iyunun 27-də İtaliya ilə Avropa çempionatının 1/8 final matçında (0:2) qeydə alınıb. Bundan sonra komanda 19 oyundur ki, məğlub olmur. Bu nəticələr arasında İtaliya və Argentina üzərində parlaq qələbələr var (müvafiq olaraq 3:0 və 6:1). Portuqaliya millisində Naninin DÇ-yə aparılmaması təəccüblə qarşılanıbsa, İspaniyada bu, hücumçu Alvaro Moratadır.

Qapıçılar: David De Xea (“Mançester Yunayted”, İngiltərə), Kepa Arisabalaqa (“Atletik”), Pepe Reyna (“Napoli”, İtaliya);

Müdafiəçilər: Dani Karvaxal, Serxio Ramos, Naço (hər üçü “Real”), Jerar Pike, Xordi Alba (hər ikisi “Barselona”), Alvaro Odriosola (“Real Sosyedad”), Sesar Aspilikueta (“Çelsi”, İngiltərə), Naço Monreal (“Arsenal”, İngiltərə);

Yarımmüdafiəçilər: İsko, Marko Asensio (hər ikisi “Real”), Serxio Buskets, Andres İnyesta (hər ikisi “Barselona”), Koke, Saul Niqes (hər ikisi “Atletiko”), Tiaqo Alkantara (“Bayern”, Almaniya), David Silva (“Mançester Siti”, İngiltərə);

Hücumçular: Dieqo Kosta (“Atletiko”), Rodriqo (“Valensiya”), Yaqo Aspas (“Selta”), Lukas Vaskes (“Real”).

İran

Portuqaliyalı Karluş Keyruşun komandasının Portuqaliya ilə bir qrupa düşməsi maraqlı məqamlardandır. Cənub qonşularımız Rusiyaya gələn ilk milli komanda olub. Dünya çempionatına beşinci dəfə qatılan İranın heyətində milliyyətcə azərbaycanlı olan futbolçular da yer alır. Üçqat Asiya çempionları dünya çempionatında indiyədək qrupdan çıxa bilməyib. Elə bu dəfə də onların Avropanın iki nəhəng komandasının yer aldığı qrupdan çıxması inandırıcı görünmür. Baxmayaraq, komandanın heyətində Avropada legioner karyerası yaşayan futbolçu az deyil.

Qapıçılar: Rəşid Məzahiri (“Zob Ahan”), Əmir Abedzadə (“Maritimu”, Portuqaliya), Alireza Beyrəvənd (“Persepolis”);

Müdafiəçilər: Ramin Rzayan (“Oostende”, Belçika), Məhəmməd Rza Xanzadə (“Padidə”), Murtuza Purliqanci (“Əl-Sədd”, Qətər), Pejman Müntəziri, Seyid Məcid Hosseyni, Ruzbeh Çeşmi (hər ikisi “İstiqlal”), Milad Məhəmmədi (“Axmat”, Rusiya);

Yarımmüdafiəçilər: Səid Ezzatollahi (“Amkar”, Rusiya), Məsud Şücayi (AEK, Yunanıstan), Saman Qoddos (“Östersund”, İsveç), Mehdi Turabi (“Saypa”), Aşkan Decaqa (“Nottinqem Forest”, İngiltərə), Omid İbrahimi (“İstiqlal”), Ehsan Hacı Safi (“Olimpiakos”, Yunanıstan), Vahid Amiri (“Persepolis”);

Hücumçular: Əlirza Cahanbəxş (AZ, Hollandiya), Kərim Ənsarifərd (“Olimpiakos”, Yunanıstan), Mehdi Tarəmi (“Əl-Qarafa”, Qətər), Sərdar Azmun (“Rubin”, Rusiya), Rza Quçannecad (“Heerenveen”, Hollandiya).

Mərakeş

Sonuncu dəfə 1998-ci ildəki dünya çempionatında iştirak etmiş Afrika ərəbləri də qrupdan çıxmağa potensial namizəd kimi görünmür. Heyətdə Əşrəf Hakimi, Nabil Dirar, Hakim Ziyeş, Yunes Belhanda, Nordin Amrabat kimi tanınmış futbolçuların iştirak etməsinə baxmayaraq, fransız Erve Renarın başçılıq etdiyi komanda üçün işıq ucu görünmür. İranla Mərakeş ən yaxşı halda qrupda sonuncu olmamaq üçün çalışacaq.

Qapıçılar: Yassin Buny (“Jirona”, İspaniya), Munir Məhəmmədi (“Numansiya”, İspaniya), Ahmed Taqnauti (“İttihad”);

Müdafiəçilər: Medhi Benatia (“Yuventus”, İtaliya), Əşrəf Hakimi (“Real”, İspaniya), Həmzə Mendli (“Lill”, Fransa), Manuel da Kosta (“Başakşəhər”, Türkiyə), Romen Saiss (“Vulverhempton”, İngiltərə);

Yarımmüdafiəçilər: Sofyan Amrabat, Kərim Əl-Əhmədi (hər ikisi “Feyenoord”, Hollandiya), Yussef Ait Bennasser (“Kan”, Fransa), Yunes Belhanda (“Qalatasaray”, Türkiyə), Mbark Bussufa (“Əl Cəzirə”, BƏƏ), Mehdi Karsela-Qonsales (“Standard”, Belçika), Nabil Dirar (“Fənərbaxça”, Türkiyə), Faycal Fəcr (“Xetafe”, İspaniya), Amin Harit (“Şalke”, Almaniya), Hakim Ziyeş (“Ayaks”, Hollandiya);

Hücumçular: Aziz Buhadduz (“Sankt Pauli”, Almaniya), Xalid Butaib (“Malatyaspor”, Türkiyə), Əyub Əl Kaabi (“Renesans”). 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...