Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Daha dörd idmançımızda dopinq aşkarlandı

Azərbaycanın daha dörd idmançısı dopinqdən istifadəyə görə cəzaya məruz qalıb.

Mynews.az xəbər verir ki, ağırlıqqaldırma üzrə yığmanın üzvü Rövşən Fətullayev 96 ay (səkkiz il) müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı və ötən ilin sonlarında Azərbaycan kubokunun sahibi olmuş idmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub.

Onun orqanizmində xorionik qonadotropin (hCG) və morfin aşkarlanıb. Onun cəzası bu ilin yanvarın 18-dən qüvvəyə minib.

Azərbaycan çempionatının bürünc mükafatçısı, “Orion” İdman Klubunun üzvü olan boksçu İman Əhmədli orqanizmində meldonium maddəsi tapıldığı üçün bir illik diskvalifikasiya olunub. Onun cəzası martın 5-i tarixindən hesablanır.

Voleybolçular – İftixar Abdullayev iki, Sabina Saviç isə dörd il müddətinə cəzalanıb. Orqanizmində betametazon maddəsi aşkarlanan İ.Abdullayevin cəzası iyulun 16-dan qüvvəyə minib. Cəzası mayın 22-dən hesablanan S.Saviç isə qadağan olunmuş metamfetamin (D-) və amfetamin maddələrindən istifadəyə görə sanksiya ilə üzləşib. 

İftixar Abdullayev vaxtilə qadın voleybolunda xətt hakimliyi də edib. 23 yaşlı Sabina Saviç isə əvvəl “Azərreyl”in üzvü olub. 

Xatırladaq ki, daha əvvəl Azərbaycanın daha iyirmi idmançısı dopinq-testdən keçə bilmədiyi üçün Azərbaycan Milli Anti-Dopinq Agentliyi tərəfindən cəzalandırılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...