Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

24 saat sonra hər şey dəyişəcək: - YENİ DÜNYA 7 BAŞLIQDA

Vəzifəyə başlamasına təxminən 24 saat qalan ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdə yeni bir səhifə aça, NATO-da radikal dəyişikliklər edə bilər. Çinlə qarşı-qarşıya gələcək Trampın İranla imzalanan nüvə razılaşmasını ləğv etmə ehtimalı da var. Trampın xarici siyasətindəki digər mövzular sərbəst ticarət anlaşmaları, Şimali Koreya və iqlim dəyişikliyidir.

Mynew.az BBC-yə istinadən ABŞ-ın mövcud siyasətinə dəyişiklik gətirəcək yeddi mövzunu təqdim edir.

Yeni NATO

Donald Tramp 60 ildən çoxdur ABŞ xarici siyasətinin təməl daşı olan NATO-ya qarşı tənqidi yanaşır. Tramp NATO-nu “köhnəlmiş təşkilat”, ittifaqın üzvlərini isə ABŞ-ın comərdliyindən faydalanan “nankor müttəfiqlər” adlandırır. Tramp inaqurasiyadan əvvəl növbəti dəfə NATO-nun 28 üzvünün bir çoxunun öz üzərilərinə düşən vəzifələri yerinə yetirmədiyini və bunun ABŞ üçün heç ədalətli olmadığını söyləyib.

NATO-nun qaydalarına əsasən, ittifaqa üzv dövlətlər ümumi daxili məhsulun ən azı 2 faizini müdafiə xərclərinə ayırmalıdır. Ancaq bu öhdəlik NATO-nun bir çox üzvü tərəfindən yerinə yetirilmir. Trampın NATO ilə bağlı tənqidləri Avropada narahatlıq yaradıb.

Rusiya ilə yaxınlaşacaqmı?

Tramp seçki kampaniyası zamanı Rusiya prezidenti Vladimir Putini “yaxşı əlaqələr qurmaq istədiyi güclü bir lider” adlandırdı. Onun Putinlə bağlı dediyi xoş sözlər ABŞ-ın Rusiyanın seçki kampaniyası dövründə Demokratlar Partiyasının serverinə kiber hücumlarda ittiham etməsindən əvvəl deyilmişdi. Trampın özü də sonradan Rusiyanın kiber hücumlarda iştirak etdiyini etiraf etdi.

Bundan başqa, Amerika KİV-inin yazdığına görə, Rusiyanın əlində Trampı şantaj etməsinə imkan verəcək görüntülər var. Təsdiqlənməmiş bu iddialar yeni prezidentin Rusiya ilə əlaqələri mövzusunda yeni sualların gündəmə gəlməsinə səbəb oldu.

Tramp ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları bir müddət də qüvvədə saxlayacağını ifadə edib. O, həmçinin bildirb ki, nüvə silahlarının ixtisarına əvəz olaraq sanksiyaların ləğvini Rusiyaya təklif etməyə hazırdır.

Sərbəst ticarətin sonumu gəlir?

Donald Trampın ticarətlə bağlı siyasəti ABŞ-ın on illərdir xarici ölkələrlə qurduğu iqtisadi əlaqələrdə böyük dəyişikləyə gətirib çıxara bilər. Yeni prezident ABŞ, Kanada və Meksika arasında imzalanan Şimali Amerika Sərbəst Ticarət Razılaşması da daxil olmaqla, bir sıra sərbəst ticarət razılaşmasından çıxacağını bildirib. O, hətta ABŞ-ın Dünya Ticarət Təşkilatından çıxa biləcəyini də söyləyib.

Trampın ticarət siyasətinin arxasında dayanan məqsədlər ABŞ-da yeni iş yerləri açmaq, ticarət kəsirini aradan qaldırmaq və amerikalılar üçün “yaxşı razılaşmalar” əldə etməkdir. Bu baxımdan, xüsusilə Çin yalnız ticarət mövzusunda deyil, ümumi münasibətlər baxımından maraq mərkəzindədir.

“Tək Çin” siyasəti necə olacaq?

Ötən ilin dekabr ayının əvvəlində Trampın Tsai İnq-venlə telefon söhbəti təxminən 40 illik bir dövrün də sonu oldu. Pekin Tayvanı özünə bağlı bir əyalət olaraq görür və onun müstəqil bir dövlət olaraq tanınmasına qəti qarşıdır.

Tramp Tayvan lideri ilə söhbətində ABŞ-ın "Tək Çin" siyasətinə sadiq olmaq məcburiyyətində olmadığını bildirib. Trampın bu sözlərindən sonra Çinin cavabı özünü çox gözlətmədi. Rəsmi Pekin ABŞ-ın yeni prezidentinin sözlərindən ciddi narahat olduqlarını bildirdi. Əgər "Tək Çin" siyasəti pozulsa, Çin-ABŞ münasibətlərinin sabit formada inkişafından və ikitərəfli iş birliyindən söhbət belə gedə bilməz.

İran nüvə razılaşmasına yenidən baxıla bilər

Tramp İran və “altılıq” arasında imzalanan nüvə razılaşmasını “ən pis razılaşma” adlandırıb. Yeni prezident razışmanın ləğv edilməsini “bir nömrəli prioritet” elan edib. Lakin o, bu istiqamətdə hansı addımlar atacağını hələ açıqlamayıb.

Tramp razılaşma ilə bağlı vədini yerinə yetirərsə, bunun Yaxın Şərqdəki proseslərə çox böyük təsirləri olacaq. İran Suriyada müharibəsində əhəmiyyətli oyunçu, eyni zamanda Səudiyyə Ərəbistanı ilə İsrailin regional rəqibidir.

Asiyada nüvə silahlarının sayı artacaqmı?

Donald Trampın prezidentliyi Asiyanın təhlükəsizliyi mövzusunda da əhəmiyyətli suallar yaradır. Pekinin “Tək Çin” siyasətinə qarşı çıxır. Eyni zamanda, Trampın dövlət katibi postuna namizədliyini irəli sürdüyü Reks Tillerson bildirdi ki, Cənubi Çin dənizindəki süni adalara Çinin daxil olmasına maneə olmaq lazımdır. Bu, Pekində soyuq duş təsiri yaratdı. Çinin dövlət qəzetlərindən biri hətta müharibə çağırışı etdi.

Yaponiya və Cənubi Koreya da ABŞ-ın yardımına çox bel bağladıqları üçün tənqidlərə hədəf olub. Trampın sözlərinə görə, bu ölkələrin özləri nüvə silahına sahib olmalıdır. Bundan başqa, bölgədə nüvə silahına sahib Şimali Koreya var. Tramp sələflərinin qaçındığı bütün bu problemlərlə qarşı-qarşıya qalıb. Onun bütün bu problemləri həll etmək üçün hansı addımları atacağı hələ məlum deyil. Ancaq o, Şimali Koreya lideri ilə birbaşa müzakirələr apara biləcəyini söyləyib.

Lakin Tramp Şimali Koreya lideri Kim Çen Inın nüvə başlığı daşıya biləcək uzunmənzilli raketləri sınaqdan keçirməyə yaxın olduğunu söyləməsindən sonra “Bu olmayacaq” deyə “tvit” atıb.

İqlim dəyişikliyi

Donald Tramp prezidentliyin 100 günü ərzində qlobal iqlim dəyişikliyi ilə bağlı Paris razılaşmasından ABŞ-ın imzasını geri çəcəkəcəyini və Obama tərəfindən təsdiq edilən müvafiq qərarları ləğv etmək üçün əlindən gələn hər şeyi edəcəyini bəyan edib.

Tramp iqlim dəyişikliyi ilə bağlı elmi araşdırmaları dəfələrlə “fantastika” adlandırıb.

Amma o, razılaşmadan imzasını geri çəkmək istəsə belə, ABŞ hüquqi olaraq daha 4 il razılaşma üzrə öhdəlikləri yerinə yetirməlidir. “New York Times” nəşrinin yazdığına görə, onun ABŞ-ın iqlim siyasətini tamamilə dəyişdirməsinə maneə olacaq bir sıra qanunlar və prosedular var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...