Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Peyğəmbərin portreti hərraca çıxarıldı - 450 milyon dollara satıldı - FOTO

İsa peyğəmbərin “Salvator Mundi” adlı portreti çərşənbə günü – noyabrın 15-də Nyu Yorkun Christie’s hərrac evində 450,3 milyon dollara satılıb. Əsərin müəllifi Leonardo da Vinci-dir.

Bu, indiyədək hərraca çıxarılmış istənilən incəsənət əsəri üçün rekord qiymət sayılır.

Ümumi satışın yarıdan çoxu

Bu yaxınlarda aşkarlanmış əsər da Vinci-nin özəl mülkiyyətdə olan sonuncu əsəri idi və hərracda satışdan əvvəl təklif olunan qiymətdən – 100 milyon dollardan 4 dəfə baha satılıb.

Portret əvvəlki rekordu da qırmış olub. 2015-ci ilin mayında Pablo Picasso-nun “Les Femmes D‘Alger” əsəri 179,4 milyon dollar satılmışdı.

İsa peyğəmbərin dünən satılmış portreti isə hərracdakı ümumi satışın yarıdan çoxunu təşkil edib, ümumi satış 785,9 milyon dollar olub.

“Salvator Mundi”ni (Dünyanın Xilaskarı) adı açıqlanmayan alıcı alıb, o, 20 dəqiqə çəkən hərraca telefonla qatılıb. Hərracda azı altı iddiaçı olub.

“Bu, bütün ulduzların qovuşduğu an idi və məncə, Leonardo çox məmnun olardı”, – Christie‘s-in qlobal prezidenti Jussi Pylkkänen “Reuters”ə deyib.

Bərpa olunmuş portret 1500-ci ilə aiddir və renessans dövrü rəssamının mövcud 20-dək əsərindən biridir.

Tarixçə

İlk dəfə Kral I Charles-ın şəxsi kolleksiyasında qeydə alınmış əsər 1763-cü ildə hərraca çıxarılıb. 1900-cu ildə yoxa çıxanda.portretdə İsanın üzü və saçları yenidən rənglənmişdi. Christie’s hərracının Qədim Əsərlər üzrə aparıcı mütəxəssisi Alan Wintermute bunu “adi hal” adlandırır.

Əsər 1958-ci ildə Sotheby’s hərracında amerikalı kolleksiyaçıya cəmi-cümlətanı 45 funt sterlinqə satılıb, 2005-ci ildə əsərin yenidən rənglənmiş surəti kimi bir daha satışa çıxarılıb.

Əsərin yeni sahibi bərpa prosesinə başlayıb, altı illik tədqiqat onun da Vinci-nin 500 illik şah əsəri olduğunu təsdiqləyib və portret 2011-ci ildə Londonun Milli Qalereyasında sərgilənib.

Christie’s alıcının adını açıqlamayıb, onun Avropada şəxsi kolleksiyaçı, əsər 2005-ci ildə yenidən kəşf edilincə onu alan şəxs olduğunu deyib.

Media isə yazıb ki, bu şəxs rusiyalı milyarder Dmitry Rybolovlev-dir, 2013-cü ildə şəxsi hərrac zamanı əsər üçün 127,5 milyon dollar ödəyib.

Dünənki hərracda Andy Warhol-un “Sixty Last Suppers” monumental əsəri 60,9 milyon dollar, Cy Twombly-nin iki rəsmi isə 46,4 və 27,3 milyon dollar satılıb. Bu əsərlər də ilkin qiymətini aşıb.

Peyğəmbərin portreti hərraca çıxarıldı: 450 milyon dollara satıldı - FOTO

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...