Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tiflisdəki faciədə həlak olan beş azərbaycanlı gənc dəfn edilib

Tiflisdə yol-qəza hadisəsi nəticəsində həlak olan 5 nəfər azərbaycanlı gənc bu gün Sadaxlı kəndində torpağa tapşırılıb.

İnterpress.az xəbər verir ki, Yeni il ərəfəsində baş verən faciə qurbanlarına Sadaxlı kənd qəbiristanlığında cənazə namazı qılınıb. Qəbiristanlığa toplaşan Sadaxlı kənd camaatı baş verən faciəyə münasibətlərini kədər-qəm içində susmaqla bildiriblər.

Həlak olan 5 nəfər gəncin tabutu ayrı-ayrı ailələrdən götürülərək qəbiristanlığa gətirilib və burada bütün Sadaxlı kənd sakinləri, eləcə də ətraf kəndlərdən gələn insanlar faciə nəticəsində ölən gənclərin ruhuna dualar oxuyaraq rəhmət diləyiblər.

Qəbiristanlıqda baş tutan vida mərasimində “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı və Azərbaycanın Gürcüstandakı səfirliyinin ikinci katibi Fəxri Hacıyev, kənd məscidinin axundu faciənin baş verməsinin Sadaxlı kənd əhalisinə qəm-kədər gətirdiyini və Yeni il ərəfəsində bu faciənin azərbaycanlı ailələrə böyük kədər gətirdiyini bildiriblər.

A.Xansultanlı həlak olan gənclərə böyük kədər içində baş sağlığı verib: ”Bu, faciə bütün Sadaxlının ağrı-acısıdır. Bu faciə iki gündür ki, bizim içimizi qurd kimi yeyir. Hər bir gənc evdən, eləcə də eldən gedən işçi qüvvəsi idi. Bir evin yanan işığı idilər bu gənclər. Tanrı onlara elə tale qismət edəcəkdi ki, bəlkə onlar el-obaya lazım olan böyük insanlar olacaqdılar”.

Azərbaycan səfirliyinin ikinci katibi F. Hacıyev Azərbaycan hökuməti adından, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov adından həlak olan gənclərin ailələrinə baş sağlığı verib, onlara xoş günlər, firavan həyat arzulayıb: “Bu, qətliama oxşar bir faciədir. Biz inanırıq ki, Sadaxlı eli çiyin-çiyinə verib bu faciəni də yaşayacaq. Bu gənclər bir ailədən yox, böyük Sadaxlı elindən gedib. Bu gün ağır gündür. Sadaxlı elinə həmişə gözəl günlər yaraşır. Allahın qədəri ilə bu gənclərin taleyinə belə bir gün yazılıbmış. Sadaxlı müharibələr görən bir eldir. Bu günü də bu böyük el çiyin-çiyinə verib yaşamağa davam edəcək. Səfirimizin baş sağlığını sizlərə çatdırıram. Mən Sadaxlı elinə gözəl günlər arzulayıram. Axır qəminiz olsun”, – F. Hacıyev bildirib.

Çıxışlardan sonra Xuduyev Röyal Vidadi oğlu, Salahov Elxan Nəbi oğlu, Haxnazarov Vüsal İlqar oğlu, Abdullayev Vüsal Mehdi oğlu və Xəlilov Rəşadət Xəlil oğlu Sadaxlı qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, dekabrın 31-də bütün Sadaxlı eli iki avtomobilin toqquşması nəticəsində Tiflisdə həlak olan 5 nəfər gəncə yas saxlayaraq, hətta Yeni il bayramını da qeyd etməyiblər. Həlak olan gənclər hər biri ailənin son övladı olub. GAXA-nın araşdırmasına görə, qəza nəticəsində dünyalarını dəyişən gənclərin hamısı bir məktəbdə təhsil alıblar və Yeni il ərəfəsində Tiflisə gəzməyə gediblərmiş. Onların hamısının yaşı 21 olub. Gənclərdən birinin idarə etdiyi LADA markalı avtomobil ilə Tiflisdəki “Quru Körpü” yaxınlığında Rusiyadan Ermənistana gedən Mersedes markalı sərnişin maşın toqquşub. Ermənistan vətəndaşının idarə etdiyi avtomobildə olan sərnişinlərə heç bir ziyan dəyməyib. Məlumata görə, həlak olan gənclərdən 21 yaşlı Vüsal Haxnazarovun qardaşını 3 ay bundan əvvəl, sonra da onun atasını da Ermənistan vətəndaşının idarə etdiyi avtomobil vurub. İndi həmin ailədə başı papaqlı bir kişi də qalmayıb.

Qeyd edək ki, son illər həm Sadaxlıdan, həm də qonşu kəndlərdən Ermənistana uzanan magistral yolda Ermənistan vətəndaşları olan sürücülərin idarə etdiyi maşınların sürətlə hərəkət etməsi nəticəsində tez-tez yol-qəza hadisəsi baş verir. Magistral yol boyu yerləşən kəndlər arasından keçən yola tramplin qoymağın vaxtı çoxdan çatıb. Gürcüstan hökuməti və yol departamenti bu vacib məsələni tezliklə həll etməlidir. Ermənistana gedən istər avtobuslar, istərsə də yük və minik maşınları azərbaycanlıların kompakt yaşadığı kəndlərdə sürətlə hərəkət edirlər. Son 5-6 il Sadaxlı, eləcə də Yuxarı Saral kəndlərində avtomobillərin sürətli hərəkəti nəticəsində neçə-neçə kənd sakinləri yol-qəza hadisəsi nəticəsində həlak olublar, neçə gənc isə hələ də baş verən qəzalar nəticəsində əlil kimi çarpayıda yatırlar.

Düşünürük ki, bu vacib məsələ əlaqədar təşkilatların diqqəti və həyata keçirəcəkləri əməli tədbirlərlə tezliklə həll olunacaq.

Tiflisdəki faciədə həlak olan beş azərbaycanlı gənc dəfn edilib Tiflisdəki faciədə həlak olan beş azərbaycanlı gənc dəfn edilib Tiflisdəki faciədə həlak olan beş azərbaycanlı gənc dəfn edilib

 

Tiflisdəki faciədə həlak olan beş azərbaycanlı gənc dəfn edilib

 

Tiflisdəki faciədə həlak olan beş azərbaycanlı gənc dəfn edilib

 

Tiflisdəki faciədə həlak olan beş azərbaycanlı gənc dəfn edilib
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...